İnsanlara hürriyət, millətlərə istiqlal!

Flomasterlə “böyük dövlət” qurmaq – hayların köhnə şakəri yenə qabarıb

Elə bir gün olmaz ki, erməni ictimai-siyasi fəallar sosial şəbəkənin özlərinə aid seqmentində “qədim və böyük Ermənistan”ın xəritəsini paylaşmasınlar.

Onlar bu cür paylaşımları sponsorlu edirlər deyə bizim seqmentdə də görünür. Əslində onların məqsədi elə budur: görünsün, azərbaycanlılar görsün və cırnasınlar. Bu, bir növ ərazi iddiasıdır, “böyük Hayastandan vaz keçməmişik, keçməyəcəyik” deməkdir.

Həmin xəritələrin “sərhədləri”nə Qara dənizdən Xəzər dənizinə, Kürün sağ sahilindən Urmu gölünə, Təbrizə, Qaşqay elinə qədər böyük ətazilər, Türkiyənin şərqi, Suriya və İraqın şimalını əhatə edən geniş bir areal daxildir.

Ermənilər bu “ideya”ya o qədər kütləvi şəkildə aludə olublar ki, ertəsi gün cüzi fərqlə, amma eyni cür xəritə yayırlar. Çüzi fərq ondan ibarət olur ki, bəzən Bakını “böyük Ermənistan”a salırlar, bəzən Bakı kənarda qalır, Salyanı, Lənkəranı “götürürlər”.

Belə paylaşımlara erməni istifadəçilərdən minlərlə “bəyənmə” işarəsi gəlir, yüzlərlə “əla!”, “super!”, “100 faiz doğru!”, “əvvəl-axır bu dövlət qurulucaq!” kimi şərhlər yazılır.

Bu “böyük xəritə”ləri bizim istifadəçilər də görür və söhbətə müdaxil olurlar: bir çoxu söyüş yazır, bir qismi ironik “1000 faiz!” şərhi əlavə edir. Ermənilərlə bu xüsusda ciddi-ciddi polemikaya girənlər, onların iddiasının puç olduğunu sübut etməyə çalışanlar da olur. Bəziləri isə baltanı dibindən vurur: “O məsələ bitib. Boşuna çabalamayın”.

Ancaq hiss olunur ki, ermənilər gerçəkdən də eramızdan əvvəlki minilliklərdə böyük dövlət qurmuş olduqları barədə mülahizələrə inanır və ümid edirlər ki, İran, Türkiyə, Azərbaycan, İraq və Suriya kimi dövlətlər bir gün sarsılacaqlar və haylar necəsə yenidən “böyük dövlət” quracaqlar.

Nə də bir ağıllıları ortaya çıxıb demir ki, indinin özündə belə Ermənistanın əhalisi öz ərazisini məskinlaşdırmağa, idarə etməyə kifayət deyil, ermənilər bu boyda əraziləri hansı güclə idarə edəcəklər.

Həm də necə olub ki, hazırda sayları dünya üzrə 10 milyon civarında olan haylar 100 milyon insanın yaşaya biləcəyi arealda hökmranlıq ediblər?

Eramızdan əvvəl dünya əhalisinin sayı 1 miyarda çatmayıb. Ermənilərin də toplam sayını 1 milyon götürsək, indi onlar 100 milyonu aşmalıydılar, dünyanın ən çoxsaylı xalqlarından biri olmalıydılar. Hanı bəs? Yəni həmişə soyqırıma məruz qalıblar? İmperiya quracaq qədər güclüydülərsə, niyə həmişə əziliblər?

Şuşanın ilk daşı qoyulandan ta 1992-ci ilə qədər bu şəhərdə ən çox 10 min nəfər yaşadığı halda, ermənilər iddia edir ki, 1918-20-ci illərdə Şuşada 30 min erməni qətlə yetirilib. Halbuki Şuşada ermənilər heç vaxt ümumi əhalinin 2-3 faizindən artıq olmayıblar.

Elə buradanca onların tarixə yönəlik iddialarının nə qədər əsassız, uydurma olduğu, mülahizələrinin saxtalığı aydın olur.

Fəqət ən ümdəsi odur ki, 2020-ci və 2023-cü ilin sentyabr aylarında düçar olduqları ağır məğlubiyyətlər bu qövmün mühüm bir hissəsinin ağlını başına gətirməyib. İlk illərdə onlar kütləvi şəkildə qorxmuş, təlaşa qapılmışdılar, dövlətçiliklərini itirəcəklərini düşünürdülər. Ancaq sonra sülh danışıqları yoğunlaşdıqca, Azərbaycan tərəfindən Ermənistana hər hansı bir aqressiyanın olmadığını gördükcə, özlərinə gəldilər, dilləri uzandı.

İndi yüzlərlə şovinist-revanşist əlinə flomaster götürüb “xəritə” tərtib edir, gənc nəslin beynini zəhərləyir, onları qədim dövrlərdə “böyük və qüdrətli erməni imperiyası”nın mövcud olmasına inandırır, II Tiqrandan, Sasunlu Daviddən, Anahiddən bəhs edirlər.

Uzun sözün kəsəsi, günü sabah böyük dövlətlərin qarantorluğu ilə Azərbaycan və Ermənistan arasında ciddi sülh sazişi imzalansa da, bu ermənilərin muhum bir hissəsinin Türkiyə və Azərbaycana qarşı apardıqları düşmənçiliyin sona çatması demək olmayacaq. Onlar müxtəlif avantüralarla dinc və cahil xalqı qızışdıracaq, yenə ortalığı qarışdırmaq, araya qan salmaq üçün əllərindən gələni edəcəklər.

Bu “böyük xəritələr”in paylaşılmasının intensivləşməsi boşuna deyil.

Ancaq bunu edənlər bəzən absurda gedirlər. “Böyük Ermənistan imperiyası”nın içində Mingəçevir SES-in su anbarını da göstərirlər, fərqinə varmırlar ki, bu dəniz 1947-54-cü illər arasında əmələ gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR