İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp da bilmirsə, kim bilir?..

Müharibə aparan ölkənin başçısı onun nə vaxt qurtaracağını bilmirsə, deməli işlər fənadır. Bəli, ötən həftə prezident D.Tramp KİV-lərə necə deyərlər, ürək sirrini açdı. Bildirdi ki, İranla müharibənin nə vaxt bitəcəyini bilmir, amma çalışacaq ki, onu özündən sonra gələn prezidentə saxlamasın. İran tərəfdən də belə bir xəbər yetişdi ki, onlar da təslim olmaq haqda nəinki düşünmürlər, hətta öz üstünlüklərini, eləcə də hərbi üstünlüklərini indi-indi hiss etməyə başlayıblar.

Dünyanın ikinci böyük müharibəsilə - Ukraynayla bağlı da Putin elə bir söz dedi ki, hamı indi onun nə məna kəsb etməsi üzərində baş sındırır. Bəli, Putin də demişdi ki, məni asarlar! Amma bəlli olmadı bu əziyyətə kim qatlaşacaq, nə üçün, nə vaxt asacaq onu? Burada yadıma keçmiş siyasətçi Anatoliy Çubays haqqında bircə cümləlik lətifə düşür: Çubaysa sui-qəsd olub, amma çox təəssüf ki, güllə yan keçib!..

Qərəz, dünya məchulluq içində çabalayır. Düzdür, belə götürəndə bizim üçün faydası var, nəinki ziyanı. Ən azı ona görə ki, enerji daşıyıcılarının, xüsusən də neftin qiyməti durmadan artır. Amma ki, digər strateji sahədə - turizmdə geriləmə var.
Əlbəttə, düzünü mütəxəssislər bilir. Mənim üçün maraqlısı budur ki, yaxınlarda deyəsən bunu müzakirə edirdilər. Amma “strateqlər” demədi ki, azalma həm də bizim sərhəd - “karantin” siyasətilə-rejimilə bağlıdır.
Koronovirus məmurlarımızı necə qorxudubsa, yaxud da elə xoşlarına gəlib ki, hələ də sərhədləri açmağa cəsarət etmir, yaxud bunu istəmir və ya bunun iqtisadiyyata vurduğu fəsadlar haqqında susurlar.

Müharibəyə gələndə, mən biləni hələ heç bir dövlət İranla sərhədləri bağlamayıbdır. Eləcə də Rusiyaya getmək üçün heç kim kosmik gəmilərdən istifadə etmir. Ən əsası da heç kim bapbalaca Gürcüstandan özünü qorumağı düşünmür. Biz niyə buna qərar vermişik, öldürün, bilmirəm, daha doğrusu, bilirəm, amma onu söyləmək istəmirəm. Bəli, Şimali Koreya, bizim də məmurların, deputatların könlündən indi bu, keçir. Məmurlar heç, onları hamı tanıyır, deputatları da prezident seçkisilə bağlı ikidəfəlik məhdudiyyət götürüləndə tanıdıq. Başqa vaxt özünü ekranlarda demokratiya təcəssümü kimi göstərən bəzi deputatlar qayıtdılar ki, beş ildən bir xərc çəkib parlament seçkisi keçirməyin mənası yoxdur, indiki deputatları ömürlük deputat etmək hamısından yaxşıdır...

Qərəz, bir daha deyirəm ki, dünya məchulluq içində çabalayır. Böyük ehtimalla bu il hər iki cəbhədə həlledici heç nə olmayacaq. Bunların hər ikisində “tükəndirici müharibə” ssenasiri seçilib, ona görə də hələ çox gözləmək lazım gələcək. Ukraynada əsgəri müdaxilə edilir, amma İranla müharibədə bu, hələ yoxdur. Elə Ukraynada da, zənnimcə, əsgəri müdaxilə tam gücüylə həyata keçirilmir, ya da biz hamımız ürəklərimizdə Rusiyanın imkanlarını hələ çox şişirdiririk. Ola bilər. Hətta ola bilsin, Qərbin-Avropanın da iştirakını azaldırıq. Hələ neçə il bundan əvvəl avropalı təlimatçılar, hətta könüllülər haqqında yazılırdı. Üstəgəl, tək Rusiyanın bu müharibədə milyondan artıq adam itirdiyi deyilir, qarşı tərəfin itkiləari haqqındasa yazmırlar.

Rusiya indi demoqrafik cəhətdən tükənməylə üz-üzədir. Bunun özü də az iş deyil. Amma Kremlin də dəstəkçiləri var, düşünmək lazım deyil ki, hamı yalnız Ukraynaya dəstək verir, Rusiya tək qalıb. Yox, belə deyil.
Dünya bir neçə yerə bölünüb (çoxqütblülük də bir şey deyilmiş), böyük ölkələrin böyük siyasətçilərisə abırsızlaşıblar. ABŞ İranla müharibə aparsa da onun böyük məmurlarının, MKİ-nin sorağı Rusiyadan gəlir. Nə danışırlar? Nə deyirlər? MKİ ilə bağlı çox yazıldı, danışıldı və axırda da deyildi ki, bu adi səfərmiş! Səkkiz dəfə də adi səfər olur?

İnanaqmı? Əlbəttə, yox! MKİ direktorunun yadına nə düşmüşdü ki, durub birdən Moskvaya gəlirdi? Yoxsa kvas içmək keçmişdi könlündən? Yox, məncə Tramp Putinlə sövdələşmə yolları arayır ki, Kreml İrana dəstək verməsin və digər ölkələri də buna çağırmasın. Belə olsa, əlbəttə, uduzan Ukrayna olacaq. Biz bu sətirləri yazanda MKİ direktorunun təkrar Moskvaya gəldiyi bilidirildi, amma bu dəfə heç nə gizlədilmədi, Uitkofla Kuşnerin Ukrayna məsələsilə bağlı səfər etdiyi deyildi və bizim hamımızın təxminimiz düz çıxdı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR