İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın adamları nə ilə qayıdır –Ukrayna üçün KRİTİK həftə

"ABŞ Ukrayna ilə Rusiya arasındakı müharibənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır".

Musavat.com
bildirir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.  ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin fikrincə, Rusiya ilə dialoq olmadan sülh yolu ilə nizamlanma şansı çox azdır.

Putin Uitkoff və Kuşnerlə nələri müzakirə etdi? - Uşakov AÇIQLADI - Oxu.az

Uitkoff Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampla üçtərəfli sammitə hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: "Biz bu münaqişənin hərbi yolla yox, diplomatik yolla həllinə çalışırıq. Prezident Trampın hər zaman qarşıya qoyduğu məqsəd də budur".

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasının mümkün olduğunu, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlərin yalnız ölkə liderləri səviyyəsində həll edilə biləcəyini bildirib. Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya, daha sonra isə Ukraynaya səfər etməklə danışıqlar prosesini yenidən başladıb. O, tərəflərin danışıqları bərpa etmək üçün hər şeyi edəcəyini deyib.
Ukrayna Prezidenti ərazi məsələsinin hələ də gündəmdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik təminatları və Ukraynanın gələcəyi də müzakirə olunur. Zelenski bildirib ki, Ukrayna, Avropa və ABŞ yaxın vaxtlarda bir araya gələcək. Görüşün harada keçiriləcəyi hələ məlum deyil, lakin onun Ukraynada baş tutması da istisna edilmir.

Trampın adamlarının Moskva və Kiyevə səfəri müharibədə hansı dönüşə səbəb olacaq? Daimi atəşkəs ehtimalı varmı?

Rusiya-Ukrayna müharibəsi necə bitəcək? — Üç ssenari var

Siyasi ekspert Ramiyə Məmmədova atəşkəsin tezliklə əldə olunacağına şübhə edir. Müharibənin ən azı ilin sonuna qədər davam edəcəyini gözləyən təhlilçinin sözlərinə görə, fundamental məsələlərdə mübahisəli vəziyyət qalmaqdadır.
O, xüsusən də Zelenskinin açıqladığı ərazi və təhlükəsizlik zəmanəti məsələsini qeyd edərək, yaxın həftələrdə atəşkəs olacağını proqnozlaşdırmır: "Uitkofun sözlərindən də aydın olur ki, danışıqları davam etdirməyə ehtiyac var. Amerikalı nümayəndə Putinlə söhbətdə müsbət almadığını hiss etdirir. Çünki Kremlin şərtləri dəyişməyib - Donbasın yerdə qalan hissəsi təslim edilməlidir. Kiyev isə bu tələbi rədd edir. Ukraynaya təhlükəsizlik zəmanəti isə Qərb ölkələri tərəfindən verilər. Amma 1995-ci ildə də Budapeşt memorandumu ilə belə bir zəmanət vəd olundu, amma aldadıldı. Elə o sənədi imzalayan Rusiya Ukraynaya hücum etdi. Ona görə bu münaqişənin dayanması üçün çoxmərhələli danışıqlar aparılmalıdır".

Ekspert güman edir ki, müharibə gələn ilə keçə bilər: "Zelenski tərəfdaş ölkələrlə danışıqlar olacağını açıqlayıb. Amma bu görüşlər də Rusiyanın mövqeyini dəyişməyəcək. Avropa İttifaqı isə belə şəraitdə yardımları ayırmağa davam edəcək. Yəni Brüssellə Vaşinqtonun baxışları fərqlənir. Trampa atəşkəs aralıq seçkilərinə görə lazımdır. Avropa İttifaqı isə müharibənin uzanmasında və Rusiyanın daha da zəifləməsində maraqlıdır. Odur ki, qarşıda keçiriləcək görüşlərdən ciddi nəticə gözləmirəm. Müharibə ən azı bu templə davam edəcək. Sadəcə, danışıqların bərpası yeganə pozitiv haldır. Çünki ABŞ vasitəçiliyi dondurmuşdu. Bu münaqişədə əsas problem Putinin mövqeyidir. Əgər Rusiya prezidenti şərtlərini yumşaldarsa, Zelenski də bəzi güzəştlərə gedə bilər. Söhbət ərazi güzəştindən getmir. Məsələn, NATO-ya üzvlük, rusdilli əhalinin hüquqları və başqa məsələlərdə razılaşma mümkündür. Hərgah, buna da inanmıram. Ukrayna de-fakto NATO ölkəsidir və həm silahlanıb, həm öz hərbi sənayesini inkişaf etdirir".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR