İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalçın Rəfiyevdən SON DƏQİQƏ açıqlamaları

“Azərbaycan gənclər siyasətini hər zaman dövlət gündəliyinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bunun bariz nümunələrindən biri də 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan Gənclərin Liderliyində İqlim Forumunda çıxışı zamanı xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.

O qeyd edib ki, gənclər hər bir ölkənin gələcəyi, tərəqqinin əsas hərəkətverici qüvvəsidir:

“Onlar cəmiyyətə bilik, innovasiya və yaradıcı enerji gətirirlər. Eyni zamanda, gənclər və uşaqlar iqlim dəyişikliyinin yaranmasına ən az töhfə verən qruplardan olsalar da, onun təsirlərindən ən çox zərər çəkənlər sırasındadırlar. Bununla belə, onlar yalnız bu gün qəbul etdiyimiz qərarların nəticələrini yaşayan tərəf deyillər. Gənclər artıq həll yollarının formalaşdırılmasında, innovasiyaların təşviqində və daha iddialı iqlim tədbirlərinin həyata keçirilməsinə çağırışlarda fəal rol oynayırlar. Gənclərin bilik və bacarıqlarla, eləcə də qərar qəbuletmə proseslərində iştirak etmək üçün real imkanlarla təmin olunması dayanıqlı, aşağı karbonlu və iqlim dəyişikliklərinə davamlı gələcəyin qurulması üçün olduqca vacibdir. Məhz bu yanaşmadan çıxış edərək, Azərbaycan COP29 Sədrliyi dövründə uşaqları və gəncləri qlobal iqlim gündəliyinin prioritet istiqamətlərindən biri kimi ön plana çıxardı”.

Yalçın Rəfiyev diqqətə çatdırıb ki, Azərbaycan ötən il COP Sədrliyini təhvil versə də, qlobal iqlim diplomatiyasında fəal rolunu davam etdirir:

“Azərbaycan “Bakıdan Belémə 1,5°C Missiyası” çərçivəsində COP Troikasının üzvü kimi Braziliya, Türkiyə və Avstraliyadan olan həmkarlarımızla birlikdə COP31 üçün hesabatın hazırlanması üzərində çalışır. Bu proses çərçivəsində biz gənclərlə də əməkdaşlıq edir və onların təkliflərini qəbul edirik. Bununla da gənclərin baxışlarının və mövqelərinin birgə fəaliyyətimizdə nəzərə alınmasını təmin edirik. Bu il Azərbaycan UNFCCC İqlim Həftəsini Bakı İqlim Fəaliyyəti Həftəsi ilə birlikdə keçirməklə gəncləri iqlim müzakirələrinin önündə saxlamaq üçün daha bir imkan əldə edib.

Bugünkü Forum və həftə ərzində gənclərə həsr olunmuş digər tədbirlər bu dinamikanı qorumaq əzmimizi, daha da vacibi isə iqlimlə bağlı götürülmüş öhdəlikləri real və konkret nəticələrə çevirmək qətiyyətimizi nümayiş etdirir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR