Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyətinin Azərbaycanla sülh prosesini davam etdirdiyi bir vaxtda ölkənin hərbi potensialının sistemli şəkildə artırılması artıq təsadüfi və ayrı-ayrı silah müqavilələri ilə izah edilə bilməyən siyasi prosesə çevrilib”.
Bunu Musavat.com-a Milli Məclisin deputatı, siyasi analitik Elçin Mirzəbəyli deyib.
Millət vəkili Ermənistanın Hindistandan 2 milyard dollarlıq silah-sursat alışı ilə bağlı anlaşmasından bəhs edərkən bunları bildirib:
“Məsələ yalnız Hindistandan alınan silahların dəyərinin təxminən 2 milyard dollara çatması, müdafiə büdcəsinin yüksək həddə saxlanılması və yeni hərbi texnikanın əldə olunması ilə məhdudlaşmır. Daha fundamental məqam Ermənistanın uzunmüddətli hərbi güc istehsal etmək imkanlarını genişləndirməsi, xarici tərəfdaşlarla müdafiə sənayesi əlaqələrini institusionallaşdırması və bununla da gələcək onilliklər üçün hərbi potensialının maddi-texnoloji bazasını formalaşdırmağa başlamasıdır. Məhz bu məqam baş verənlərə daha həssaslıqla yanaşılmasını zəruri edir. Sülhün hüquqi və siyasi əsaslarının hələ tam və geri dönməz şəkildə təsbit olunmadığı bir şəraitdə Ermənistanın böyük həcmli və uzunmüddətli hərbi potensial yaratması sülh prosesinin özünə münasibətdə ciddi strateji suallar doğurur. Çünki sülh ilk növbədə müharibəni doğuran siyasi iddiaların, hüquqi əsasların və strateji məqsədlərin aradan qaldırılmasıdır”.

E.Mirzəbəyli qeyd edib ki, silahların susması sadəcə atəşkəsdir:
“Azərbaycan üçün Ermənistanla sülh də məhz atəşkəsin başqa adla davam etdirilməsi deyil, iki dövlət arasında münasibətlərin fundamental hüquqi-siyasi bazasının dəyişdirilməsi deməkdir. Bu baxımdan Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasını təsadüfi hüquqi detal hesab etmir və dəfələrlə bəyan edib ki, həmin müddəalar sülh sazişinin imzalanmasına maneə yaradan əsas məsələlərdəndir. Çünki Azərbaycan keçmiş münaqişənin yalnız nəticələrini deyil, onu doğuran siyasi məntiqi də tarixdə qoymaq istəyir. Ermənistan isə öz növbəsində sülh sazişinin mətnində ərazi iddialarından imtina etməyə razılaşıb. Lakin belə bir öhdəlik yalnız beynəlxalq müqavilənin mətnində qalmaqla kifayətlənməməli, dövlətin konstitusion və hüquqi sistemində də öz real ifadəsini tapmalıdır. Əks halda, bu gün qəbul edilən öhdəliyin sabah dəyişən siyasi hakimiyyət tərəfindən fərqli şərh olunması ehtimalı qalır”.
Deputat xatırladıb ki, Azərbaycanın Ermənistanla bağlı bu mövqeyi son otuz ilin təcrübəsi üzərində formalaşıb:
“Azərbaycan artıq Ermənistanın siyasi iddiasının hansı nəticələr doğura biləcəyini təcrübədə görüb. Ermənistanın onilliklər ərzində Azərbaycan ərazilərinə dair iddiaları hərbi güclə təmin etməsi və nəticədə uzunmüddətli işğal rejimi yaratması Azərbaycanın bugünkü yanaşmasının fundamental səbəblərindən biridir. Buna görə də Ermənistanın hərbi gücünün artması Azərbaycan üçün sıradan bir proses, yaxud qonşu dövlətin müdafiə qabiliyyətini gücləndirməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan, Azərbaycanla müharibənin hüquqi-siyasi səbəblərini aradan qaldırdığını bəyan edən dövlətin eyni zamanda gələcək üçün belə böyük hərbi potensial formalaşdırması tamamilə əsaslı sual doğurur. Bu sualın cavabı yalnız Ermənistanın müdafiə olunmaq hüququ ilə izah edilə bilməz. Çünki burada söhbət adi müdafiə qabiliyyətinin məntiqli həddə genişləndirilməsindən daha geniş prosesdən gedir. Hindistan-Ermənistan hərbi əməkdaşlığının təxminən 2 milyard dollar həcmində qiymətləndirilməsi də məhz bu kontekstdə diqqət çəkir. Lakin rəqəmin özündən daha vacib məsələ əməkdaşlığın məzmunudur. Ermənistan Hindistandan radarlar, hava hücumundan müdafiə sistemləri, artilleriya və yaylım atəş sistemləri əldə etməklə yanaşı, hərbi-texniki əməkdaşlığı daha yüksək mərhələyə keçirmək niyyətindədir. 2026-cı ildə müdafiə sahəsində tədqiqat, innovasiya və birgə istehsal istiqamətlərini əhatə edən yeni əməkdaşlıq mexanizmlərinin yaradılması bu prosesin təsadüfi silah alışından daha geniş olduğunu göstərir”.

Deputat qeyd edib ki, burada siyasi mahiyyət dəyişir:
“Bir ölkənin digərindən silah alması bir şeydir, həmin ölkə ilə müdafiə sənayesinin yaradılması, texnologiya transferi, birgə istehsal və hərbi tədqiqatların qurulması isə tamam başqa məsələdir. Birinci halda söhbət hərbi təchizatdan, ikinci halda isə hərbi gücün reproduksiyası imkanından, yəni Ermənistanın öz hərbi potensialını, müdafiə qabiliyyətini və ordu strukturunu davamlı olaraq yeniləməsi və inkişaf etdirməsi prosesindən gedir. Bu mənada Ermənistanın siyasəti yalnız hazır silahların əldə olunmasına deyil, gələcəkdə yeni silah sistemlərinin istehsalına, texnologiyaların mənimsənilməsinə və ordunun imkanlarının artırılmasına yönəlmiş struktur dəyişiklikləri təsiri bağışlayır”.
Milli Məclisin üzvü digər məqamlardan da bəhs edib:
“Hərbi sahədə kifayət qədər bilikləri olan istənilən şəxs yaxşı anlayır ki, müdafiə qabiliyyətinin yaradılması ilə müharibə potensialının institusional şəkildə artırılması arasında ciddi fərq var. Bu fərq Ermənistanın 2027–2029-cu illər üzrə dövlət xərcləri proqramında müdafiə sektoruna ayrılan vəsaitlərdə də özünü göstərir. Dövlət proqramına əsasən, 2027-ci ildə müdafiə xərclərinin 1,635 milyard dollar, 2028-ci ildə 1,733 milyard dollar, 2029-cu ildə isə 1,749 milyard dollar səviyyəsində nəzərdə tutulması planlaşdırılır. Kapital xərclərinin yüz milyonlarla dollar təşkil etməsi isə müdafiə sektoruna yalnız cari saxlanma baxımından deyil, uzunmüddətli investisiya kimi yanaşıldığını göstərir”.
Elçin Mirzəbəylinin fikrincə, burada diqqətçəkən məsələ məhz xərclərin strukturudur:
“Kapital xərclərinin yüksək payı yeni infrastrukturun, silah sistemlərinin, texnologiyaların, modernləşdirmə layihələrinin və hərbi istehsal imkanlarının formalaşdırılmasına imkan yaradır. Başqa sözlə, Ermənistan yalnız mövcud ordusunu saxlamağa deyil, gələcək üçün yeni hərbi imkanlar yaratmağa maliyyə resursu ayırır. Məhz bu məqamda ortalığa olduqca sadə və dəmir məntiqə söykənən sual çıxır: əgər Ermənistan Azərbaycanla sülhün həqiqətən geri dönməz olacağına inanırsa, niyə müdafiə siyasətini məhz uzunmüddətli hərbi potensialın genişləndirilməsi üzərində qurur? Ermənistanın buna cavabı Azərbaycanın narahatlığını aradan qaldırmır. İrəvan suveren dövlət kimi hərbi texnika almaq hüququna malik olduğunu bildirə bilər. Lakin beynəlxalq münasibətlər yalnız formal hüquqlardan ibarət deyil. Dövlətlərin davranışları onların əvvəlki siyasəti, siyasi doktrinaları və regional təhlükəsizlik mühiti ilə birlikdə qiymətləndirilir. Ermənistanın otuz il ərzində Azərbaycan ərazilərinə dair iddialar irəli sürməsi, bu iddiaları hərbi güclə təmin etməsi və nəticədə uzunmüddətli işğal rejimi yaratması Azərbaycanın bugünkü yanaşmasının fundamental səbəbidir”.

Milli Məclis üzvünün sözlərinə görə, əgər Ermənistan həqiqətən keçmişin əsassız iddialarının üzərindən xətt çəkdiyini bəyan edirsə, o zaman bunun hüquqi və siyasi təsdiqi də olmalıdır:
“Yəni ərazi iddialarından imtina edilməli, konstitusion ziddiyyətlər aradan qaldırılmalı, keçmiş münaqişənin siyasi institutları ləğv edilməli, sülh sazişi qüvvəyə minməli və onun müddəaları daxili hüquqi sistemdə də təmin edilməlidir. İki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyırsa, gələcəkdə bunun əksini iddia etmək üçün hüquqi baza saxlanılmamalıdır. Bunlar həyata keçirildiyi halda Ermənistanın müdafiə qabiliyyətinin artırılması ilə bağlı risk müəyyən qədər azala bilər. Əks halda isə Ermənistanın sürətlə artan hərbi potensialı Azərbaycanın narahatlığını daha da əsaslandırır”.
E.Mirzəbəyli vurğulayıb ki, bu xüsusda Hindistan faktoru da ayrıca qiymətləndirilməlidir:
“Ermənistan-Hindistan hərbi əməkdaşlığını yalnız ikitərəfli silah ticarəti kimi qəbul etmək yanlış olar. İrəvan faktiki olaraq yeni hərbi tərəfdaşlıq şəbəkəsi qurur və bu şəbəkənin içərisində Hindistan xüsusi yer tutur. Beləliklə, regionda təhlükəsizlik balansı dəyişir və bu dəyişiklik yalnız Ermənistanın hərbi büdcəsi ilə deyil, onun xarici tərəfdaşlarının imkanları ilə birlikdə qiymətləndirilməlidir. Əgər Ermənistanın hərbi potensialı yalnız idxal edilən silahlardan ibarət olsaydı, bu potensialın davamlılığı daha məhdud olardı. Ancaq hərbi texnologiyanın lokallaşdırılması və birgə istehsal imkanlarının yaradılması həmin potensialın uzunmüddətli xarakter daşıdığını söyləməyə əsas verir”.

Deputat deyib ki, Azərbaycanın ortaya qoyduğu mövqe kifayət qədər aydındır:
“Sülh istəyən dövlət sülhün yalnız diplomatik mətnini deyil, onun siyasi və hüquqi əsaslarını da yaratmalıdır. Əgər müharibə bitibsə, onun səbəbləri də aradan qaldırılmalıdır. Əgər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyırsa, gələcəkdə bunun əksini iddia etmək üçün hüquqi baza saxlanılmamalıdır. Azərbaycan Ermənistanın təhlükəsizliyini təmin etmək imkanına malik olmasını təhlükə kimi qiymətləndirmir. Azərbaycan üçün arzuolunan model ərazi iddiası olmayan, qonşularının suverenliyini tanıyan, öz təhlükəsizliyini təmin edən və regional əməkdaşlıqda maraqlı olan Ermənistandır. Azərbaycanın hərbi güc siyasəti işğal altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə bağlı konkret tarixi məqsədlə formalaşmışdı və həmin məqsəd artıq həyata keçirilib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlətdir. Ermənistanın qarşısında dayanan əsas vəzifə isə keçmişin ərazi iddialarını hüquqi və siyasi baxımdan bağlamaq və yeni dövlətlərarası münasibətlər sisteminə daxil olmaqdır. Məhz buna görə Azərbaycanın narahatlığı Ermənistanın silah almasının özünə qarşı etiraz kimi təqdim edilə bilməz. Məsələ Ermənistanın hərbi gücünün hansı siyasi və hüquqi çərçivədə formalaşmasıdır. Sülh sazişinin bir tərəfində ərazi iddialarından imtina edən Ermənistan, digər tərəfində isə gələcək onillik üçün milyardlarla dollarlıq hərbi potensial quran Ermənistanın eyni siyasi iradəni ifadə edib-etməməsi əsas sualdır. Əgər Ermənistan həqiqətən Azərbaycanla yeni münasibətlər sistemi qurmaq istəyirsə, o zaman sülhü yalnız beynəlxalq müqavilə ilə deyil, dövlət siyasətinin bütün səviyyələrində təsdiqləməlidir. Bütün bunlardan sonra Ermənistanın müdafiə qabiliyyətini artırması tamam başqa kontekstdə qiymətləndirilə bilər. Lakin bu siyasi və hüquqi təminatlar yaradılmadan Ermənistanın hərbi gücünün sürətlə artırılması Azərbaycanın narahatlığının tamamilə legitim və əsaslı olduğunu göstərir. Çünki sülhün ən böyük təminatı yeni müharibəni siyasi məqsədə çevirə biləcək iddianın olmamasıdır. İndiki halda problem sülh müqaviləsinin bir tərəfində ərazi iddialarından imtina edən Ermənistanın, digər tərəfində isə gələcək onillik üçün milyardlarla dollarlıq hərbi potensial quran Ermənistanın eyni siyasi iradəni ifadə edib-etməməsidir. Bu sualın cavabı isə yalnız İrəvanın siyasi bəyanatlarında deyil, qəbul edəcəyi hüquqi qərarlarda, konstitusiyasında, hərbi doktrinasında və regional davranışında görünəcək”.
Elşad Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ