Onlayn ictimai-siyasi qəzet
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-yə yeni raket texnologiyaları və hərbi dəniz qüvvələrinin yeni əməliyyat xəritəsi ilə bağlı açıq xəbərdarlıq göndərildiyini bəyan edib.
General-mayor Möhsün Rzayinin açıqlamasına görə, Tehran Vaşinqtonun iqtisadi və hərbi təzyiqlərinə qarşı hərbi bazalara və gəmilərə münasibətdə əməliyyat mövqeyini kökündən yeniləyib.
Bəs ABŞ-nin dənizdəki manevrləri İranın raket hədəsindən doğan zərurətdir, yoxsa Vaşinqtonun qlobal strategiyasının tərkib hissəsi?

Hərbi ekspert Rövşən Məhərəmov Musavat.com-a deyib ki, Rzayinin vurğuladığı əsas məqam Tehranın ABŞ hərbi gəmilərinə və regiondakı bazalarına qarşı hərbi-taktiki mövqeyini yenidən nəzərdən keçirməsidir:
“İran rəhbərliyi bununla bildirmək istəyir ki, Fars körfəzi, Hörmüz boğazı və Yaxın Şərqdəki ABŞ hərbi mövqeləri artıq İranın yeni nəsil gəmiəleyhinə və ballistik raketlərinin birbaşa hədəf diapazonundadır. Bu xəbərdarlıq həm də Fars körfəzində eksklüziv dəniz təhlükəsizlik zonalarının elan edilməsi və dəniz blokadalarına adekvat cavabların veriləcəyi mesajını daşıyır”.
Bu arada Pentaqonun Sakit okean və Hind okeanı hövzələrində, eləcə də Yaxın Şərq sularındakı aviadaşıyıcı qruplarını və hərbi gəmilərini yenidən yerləşdirməsi geniş müzakirələrə səbəb olub.
Hərbi ekspert bildirib ki, bu hərəkətliliyin İranın hədələri ilə birbaşa əlaqəli olub-olmaması məsələsinə iki əsas rakursdan baxmaq lazımdır:
“Raket təhlükəsizliyi və A2/AD Strategiyası. İranın son illərdə inkişaf etdirdiyi gəmiəleyhinə hipersonik raketlər və kütləvi dron sistemləri ABŞ gəmiləri üçün “A2/AD” (Əraziyə girişin məhdudlaşdırılması) təhlükəsi yaradır. Hörmüz boğazı və Fars körfəzi kimi dar dəniz dəhlizlərində iri aviadaşıyıcı gəmilərin saxlanılması onları asan hədəfə çevirir. Vaşinqton bu riskləri nəzərə alaraq, gəmilərini İranın yaxın mənzilli raketlərinin birbaşa hədəfindən çıxarıb daha açıq sulara - Hind okeanı və ya Sakit okeanın giriş zonaları çəkir. Bu, geri çəkilmək yox, raket zərbəsi ehtimalında cavab vermək üçün daha geniş manevr imkanı və müdafiə məsafəsi qazanmaq məqsədi daşıyır”.
Hərbi ekspert deyib ki, qlobal təhlükəsizlik və Sakit okean prioriteti ABŞ-nin hərbi dəniz strategiyası yalnız Yaxın Şərqlə məhdudlaşmır:
“Vaşinqton üçün əsas strateji rəqabət meydanı Sakit okean hövzəsi və Çinin artan hərbi nüfuzunu cilovlamaqdır. Bu səbəbdən Sakit okeandan dəniz qüvvələrinin çəkilməsi və ya yenidən qruplaşdırılması qlobal hərbi balansın tənzimlənməsi ilə də birbaşa bağlıdır. Bununla belə, Tehranın kəskin xəbərdarlıqları və bölgədə artan raket təhdidi Vaşinqtonun gəmi marşrutlarını operativ şəkildə dəyişməsinə təkan verən ən mühüm cari amillərdən biridir. Möhsün Rzayinin bəyanatları göstərir ki, İran ABŞ-nin iqtisadi və hərbi təzyiqlərinə dənizdəki cavab kartları ilə qarşılıq verməkdə qərarlıdır. Əgər qarşılıqlı xəbərdarlıqlar hərbi toqquşma müstəvisinə keçərsə, bu, təkcə iki ölkə arasında deyil, qlobal enerjinin nəql edildiyi Hörmüz boğazında ciddi böhrana və dünya bazarında neft qiymətlərinin sıçrayışına səbəb ola bilər. Pentaqon bir tərəfdən İranın raket imkanlarını neytrallaşdırmaq üçün hərbi yerləşməsini dəyişir, digər tərəfdən isə geostrateji üstünlüyü əldə saxlamağa çalışır. Önümüzdəki günlər tərəflərin bu güc nümayişində hansı həddə qədər irəliləyəcəyini bəlli edəcək”.
E.Məmmədəliyev,
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ