Onlayn ictimai-siyasi qəzet
Bu gün müstəqil Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin yetişdirilməsidir. Yeni müəssisələr yaradıldıqca həmin müəssisələrdə çalışacaq peşəkar kadrlara tələbat da artır.
Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bunu Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili əlavə edib kj, son illərdə bu istiqamətdə həm ölkəmizdə, həm də dünyada müəyyən addımlar atılsa da, görüləsi işlər hələ çoxdur. Deputat hesab edir ki, gənclərin peşələrə marağının artırılması, onların peşəkar mütəxəssis kimi formalaşması üçün səylər daha da gücləndirilməlidir: “Müasir dövrdə gənclərin peşə təhsilinə yönəlməsində bir sıra amillər mühüm rol oynayır. Təəssüf ki, bu gün valideynlərin müəyyən hissəsi övladlarının peşəyə marağını nəzərə almadan onları mütləq ali təhsil almağa məcbur edirlər. Məsələn, hansısa gənc konkret bir peşəyə: çilingər, qaynaqçı, dərzi və s. peşələrinə yiyələnmək istəyir, ali təhsil almağa marağı yoxdur. Amma valideyn onu məcbur edir ki, ali məktəbə daxil olsun, “əlinin altında diplomu olsun”. Nəticədə həmin gənc özünü görmədiyi sahədə ali təhsilə başlayır, dörd il oxuyur, amma nə ixtisasını sevir, nə də peşəkar kimi yetişir”.
C.Məmmədov hesab edir ki, valideynlər övladlarının peşə və ixtisas seçiminə daha həssas yanaşmalıdırlar: “Bu, o demək deyil ki, valideyn övladından oxumağı tələb etməməlidir. Əlbəttə, hər valideyn övladını bilikli və təhsilli görmək istəyir. Lakin bəzilərində belə yanlış fikir formalaşıb ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almalıdır. Artıq bu stereotipi qırmağın vaxtıdır.
Gənclərin maraq göstərdiyi peşələr üzrə inkişafına dəstək olmaq üçün xüsusi mexanizmlər işlənməli, cəmiyyətdə peşə təhsilinin əhəmiyyəti ilə bağlı geniş təbliğat işləri aparılmalıdır. Orta məktəblərdə şagirdlərə peşə istiqamətləri barədə ətraflı məlumat verilməli, ilkin bacarıqlar öyrədilməlidir”. Milli Məclisin üzvü bildirir ki, xüsusilə regionlarda qızların peşə təhsilinə cəlbi onların gələcək maddi təminatını da sığortalayan mühüm faktorlardandır: “Digər vacib məqam isə budur ki, bu gün bəzi peşə sahibləri işlədikləri sahədə heç də ali təhsilli mütəxəssislərdən az qazanmırlar. Bundan əlavə, bəzi sahələrdə peşəkar kadr çatışmazlığı da açıq şəkildə hiss olunur”.
Deputat valideynlərə Musavat.com vasitəsilə müraciət edib: “Əziz valideynlər! Övladlarınızın ixtisas seçiminə hörmətlə yanaşın! Əgər onlar gələcəklərini ali təhsildə deyil, yaxşı bir peşədə görürlərsə, onları buna məcbur etməyin. Əksinə, həmin sahədə inkişaf edib peşəkarlaşmaları üçün dəstək olun. Bu həm onların xoşbəxt gələcəyi, həm də cəmiyyətimiz üçün daha faydalıdır”.
E.Paşasoy,
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ