Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında bir saat davam edən telefon danışığı olub.
Musavat.com-un TASS-a istinadən yaydığı məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, müzakirələr əsasən Ukrayna münaqişəsinin həlli məsələsinə həsr olunub.
Onun sözlərinə görə, Putin və Tramp ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin Moskva və Kiyevə son səfərlərinin nəticələrini müzakirə ediblər. Hər iki tərəf bu kanal vasitəsilə aparılan işləri müsbət qiymətləndirib və həmin fəaliyyəti davam etdirmək barədə razılığa gəlib. Söhbət zamanı Putin Trampa xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı "obyektiv və ətraflı təhlil" təqdim edib.
Öz növbəsində, ABŞ prezidenti səlahiyyət müddəti ərzində Ukrayna münaqişəsinin həllində irəliləyişə nail olmaqda maraqlı olduğunu bildirib.
Putin həmçinin Trampı əmin edib ki, Rusiyanın Avropaya qarşı heç bir təcavüzkar planı yoxdur. Rusiya prezidenti münaqişənin həlli yollarını tapmağa yönəlmiş ABŞ-ın vasitəçilik səyləri barədə müsbət fikirlər səsləndirib.
Putin xüsusilə ABŞ-nin birinci xanımı Melaniya Trampın rus və ukraynalı uşaqların öz ailələri ilə qovuşması istiqamətindəki səylərini qeyd edib.
Uşakovun sözlərinə görə, müzakirələr müsbət məcrada keçib. Putin və Tramp əlaqə saxlamaq və zərurət yarandıqda tezliklə növbəti telefon danışıqları aparmaq barədə razılığa gəliblər.
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ