İnsanlara hürriyət, millətlərə istiqlal!

Volapyuk dilinin tədrisi üzrə uğurlarımız

Sayın təhsil nazirimiz növbəti dəfə xalqımızın oxumaq qabiliyyətinin aşağı düşməsindən gileyləndi, bunu sovet hökuməti ilə əlaqələndirdi.

Bakı şəhəri 56-cı yerə düşübmüş. Hər 3 nəfərdən 2-si oxuduğunu qanmırmış. Burada söhbət, əlbəttə, mətn, dəftər-kitab, yazı oxumaqdan gedir. Mahnı oxumaq işində yəqin dünyada birinci yerlərdə olarıq. Hərçənd, dəli şeytan deyir, mahnılarımızın da sözləri anlaşılmaz söz bozbaşından ibarətdir. Məsələn, elə bugünlərdə çıxan populyar mahnının (Aygünlə Namiq oxuyur) sözlərinə baxın: “Yadıma gəlir, sənin gözün qara idi Mən birinci, hamı məndən sonra idi Əzizləyib tutardın əllərimdən Fərqinə varmazdın, o yer hara idi”. Yəni, məlum olmur manıs doğrudan məşuqəsinin əlindən tutub, yoxsa, oxucular da bağışlasın, başqa yerindən.

Ancaq biz təxmin edirik ki, sovet hökumətinin dağılmağından hardasa 35 il keçir. Ya mən səhv fikirləşirəm? Bu müddətdə oxuduğunu anlayan nəsil yetişdirə bilərdik. Bəlkə bəhanə üçün daha uzağa gedək, məsələn, Qori seminariyasına?

Lakin səbəb-bəhanələr təkcə məktəb-müəllimlə əlaqədar deyil. Bu işdə günahkarlar çoxdur.

Biri elə biz, yəni, jurnalistlərik. Məsəl üçün, görürsən yazıya başlıq qoyulub: “Verilişə kor etdiyi arvadı ilə çıxan Eldəniz qayınatasının qətlinə görə saxlanıldı”. Sanki bütün “qandonduran” detallar mütləq başlığa çıxmalıdır, yoxsa camaat həmin cızmaqaranı oxumayacaq. Belə xəbər olar? Bu nə qəzetçilikdir biz məşğulat edirik?

Ən böyük günahkarlardan biri də dövlət qurumlarıdır. Məhkəmələr, icra orqanları, hüquq-mühafizə, nazirliklər, komitələr – uzun sözün qısası, hamısı. Elə açıqlamalar yayırlar, yüz ilin filoloqu gəlsin, Akademiyanın Dilçilik İnstitutu müşavirə çağırsın, yenə başa düşmək olmur. Sanki qəsdən edirlər ki, camaat oxuyanda qanmasın, narazı qalmasın.

Bugünlərdə, qısa ifadə etsəm, “Avtobuslarda gediş haqqı brutto üsuluna keçir” tipli xəbər yayılıb. AYNA müəllimənin adından. Lakin həmin xəbərdən nəsə anlamaq mümkündürsə, uca nəqliyyat tanrısı məni avqustun ortasında, qapısı açıq avtobusda Kürdəmirə tullasın... Bilinmir gediş haqqı qalxacaqmı, enəcəkmi, 2 dayanacaq gedənlə 10 dayanacaq gedən fərqli ödəyəcəkmi, avtobuslar dövlət büdcəsindən dotasiya alacaqsa, bu yenə bizim cibimizə girmək deyilmi və sairə... Eləcə tutub durublar: “brutto qəşəng olacaq, kef eləyin”. O zaman mən də öz izahatımı yazım, lap qarışıqlıq olsun: “ey millət, kök sərnişinlər brutto çəkisinə görə daha çox pul ödəyəcəklər”.

Tək oxuduğunu anlamaq deyil problem... Mən sayın oxuculara etiraf edirəm, son çağlar oxuduqlarım gözümə yanlış görünməyə başlayıb. Bu da başqa oxu problemidir.

Məsələn, görürəm saytda başlıq verilib: “Nazirlikdə ayılarla görüş keçirilib”. Şoka düşürəm. Doğrudanmı ayılar artıq bu qədər hörmətə, bazburuta minibdir? Bəlkə sabah onları nazirlikdə işə götürəcəklər? Açıb oxuyuram, görürəm tam səhv anlamışam, sadəcə, kəndlərdə ac qalan ayılar ev-eşiyə enirmiş, nazirlik istəyir onlara avtobus ayırsın. (Avtobusu zarafat üçün yazdım). Mən sadəcə, başlıqdakı “ayılarla bağlı görüş” ifadəsində “bağlı” sözünü gözdən qaçırmışam.

“Volapyuk” (volapük) deyə bir süni dil var, 19-cu əsrdə alman İohan Şleyer yaradıb. Guya bu dil beynəlxalq dilə çevrilməliydi, hətta 1889-cu ildə Volapyuk dilində dünyada 25 jurnal çıxırdı (Müqayisə üçün: Azərbaycan dilində həmin vaxt 1 jurnal belə yox idi – Z.H.). Ancaq zamanla bu dil populyarlığını itirdi və indi dünyada 25-30 nəfər bilicisi qalır. Nəticədə “volapyuk” hazırda dünyada “anlaşılmaz söz yığını, hətərən-pətərən, cəfəngiyyat” mənasında da işlənməyə başlayıb. Yəni, hazırda ana dilimizin volapyuka çevrilməsi təhlükəsi gözgörəsidir.

Maraqlıdırsa, volapyukca bir cümlə yazıram: “Ven lərnoy püki votik, vödastok plösenon fikulis”. Mənası budur: “Yad dili öyrənəndə, lüğət çətinlik törədir”.

Ümid edirəm bu yazımı oxuyan hər 3 nəfərdən heç olmasa 1-i ən azı tərcümə elədiyim cümləni anlayacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR