İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni sancısı başladı, ordumuzun Zəngəzur həmləsini qeydə aldılar: İki aya böyük hazırlıq - FOTO

Azərbaycan Ordusunun Zəngəzur istiqamətindəki mövqelərindən birində ciddi dəyişikliklərin qeydə alındığı bildirilir.

Musavat.com xəbər verir ki, erməni mənbələri bunu 2025-ci ilin may və iyul aylarına aid peyk görüntülərinin müqayisəsinə əsasən açıqlayıblar.

Məlumata görə, sözügedən mövqe 2021-ci ildən Azərbaycan hərbçilərinin nəzarətindədir. Peyk görüntülərinin müqayisəsi göstərir ki, cəmi iki ay ərzində burada ciddi hazırlıq işləri aparılıb.

Mövqeyə aparan yollar genişləndirilib, səngərlər şəbəkəsi qazılıb və yeni tikililər inşa edilib. Erməni mənbələri bunun nəticəsində Azərbaycan Ordusunun dayaq məntəqəsinin əhəmiyyətli dərəcədə genişləndirildiyini və möhkəmləndirildiyini bildirirlər.

Erməni tərəfi “Google Maps” məlumatları ilə SSRİ Baş Qərargahının 1974-cü il xəritəsini müqayisə edərək mövqenin şərti sərhəddən təxminən 3 kilometr məsafədə yerləşdiyini irəli sürür.

Qeyd edək ki, Bakı və İrəvan delimitasiya prosesində SSRİ-nin süqutu zamanı mövcud olmuş müttəfiq respublikalar arasındakı sərhədlərin əsas götürülməsi barədə razılığa gəliblər. Delimitasiyanın baza prinsipləri 2024-cü ilin mayında razılaşdırılıb.

Erməni mənbələrinin diqqət çəkdiyi əsas məqam isə bundan sonra, 2025-ci ildə Azərbaycan Ordusunun sözügedən mövqedə genişmiqyaslı möhkəmləndirmə işləri aparmasıdır.

Burada başqa bir məqam da diqqətdən yayınmamalıdır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayarkən nə SSRİ dövründə mövcud olmuş müttəfiq respublikalar arasındakı inzibati sərhədləri, nə də indi istinad etdiyi 1974-cü il SSRİ Baş Qərargahının xəritəsini yada salırdı. Azərbaycanın şəhər və kəndlərinin dağıdıldığı, işğal altında olan ərazilərdə daşı daş üstündə qoyulmadığı illərdə də İrəvanın xəritə və sərhəd hüququ ilə bağlı indiki həssaslığı müşahidə edilmirdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən və şərti sərhəddə hərbi mövqelərini gücləndirdikdən sonra isə erməni tərəfinin birdən-birə sovet xəritələrinə, sərhədlərə və hüquqi prinsiplərə istinad etməsi diqqət çəkir. İndi 1974-cü ilin xəritəsi də yada düşür, sərhəd də, hüquq da.

Ermənistan tərəfi bir həqiqəti də nəzərə almalıdır: Azərbaycan 30 ilə yaxın davam etmiş işğalı və həmin dövrdə torpaqlarına vurulan zərəri unutmayacaq. Türklərdə məşhur bir məsəl var: “Qurd qışı keçirər, amma yediyi ayazı unutmaz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR