İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədən məşhur teleaparıcıya ölüm hökmü – cinayət şəbəkəsi bu cür işləyirmiş

Misirdə tanınmış teleaparıcı və prodüser, 39 yaşlı Sara Xəlifə böyük narkotik işi üzrə ölüm cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, Qahirə Cinayət Məhkəməsi Sara Xəlifə ilə yanaşı daha 11 nəfər barəsində ölüm hökmü çıxarıb. İş üzrə ümumilikdə 28 nəfərin mühakimə olunduğu bildirilir. Onlardan 9 nəfərə ömürlük həbs cəzası verilib, 7 nəfər isə bəraət alıb.

İstintaq materiallarına əsasən, cinayətkar şəbəkə sintetik narkotiklərin hazırlanması üçün lazım olan xammalı xaricdən Misirə gətirib, daha sonra ölkə daxilində narkotiklərin istehsalını və satışını təşkil edib. Əməliyyat zamanı narkotik vasitələr və onların hazırlanmasında istifadə olunan xammal da daxil olmaqla 750 kiloqramdan artıq maddənin ələ keçirildiyi bildirilir.

İttihama görə, Sara Xəlifə şəbəkənin maliyyələşdirilməsində rol oynayıb. Onun narkotiklərin istehsalında istifadə ediləcək materialların alınması üçün vəsait ayırdığı, həmçinin xaricə səfər edərək şəbəkənin iki üzvü ilə görüşdüyü və xammalın Misirə gətirilməsi məsələlərini koordinasiya etdiyi bildirilir.

Cinayət işi çərçivəsində istintaq 20 şahidin ifadəsinə, eləcə də elektron yazışmalara, foto və videogörüntülərdən ibarət rəqəmsal sübutlara əsaslanıb. Bəzi təqsirləndirilən şəxslərə qanunsuz silah və sursat saxlamaqla bağlı ittihamlar da irəli sürülüb.

Sara Xəlifə Misirdə televiziya aparıcısı və prodüser kimi tanınıb. O, xüsusilə təhlükəsizlik və cinayət mövzularına həsr olunan “Mümkünsüz missiya” (“Mission Impossible”) proqramı ilə məşhurlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR