Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətindəki mənbələr rəsmilərin Qərb tərəfdaşları ilə qapalı danışıqlar apardığı barədə danışıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, tərəflər arasında müzakirə olunan mövzulardan biri Rusiya ilə vizasız rejimin mümkün məhdudlaşdırılması olub.
Bu barədə yazan “Hraparak” qəzetinin sözlərinə görə, rusların girişinin məhdudlaşdırılması Ermənistanın Avropa İttifaqı ilə viza rejiminin daha da liberallaşdırılması üçün şərt ola bilər. Ermənistan hakimiyyəti əvvəllər bu prosesin 2029-cu ildə başlayacağını irəli sürüb.
“Hraparak”ın mənbələri danışıqları Armen Qriqoryanın gələcəyi ilə də əlaqələndirib. Kadr dəyişikliklərindən sonra o, Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verib.
Mənbələrə görə, Qərb onun Müdafiə Nazirliyinə və ya Rusiyanın əhəmiyyətli təsirini saxladığı Milli Təhlükəsizlik Xidmətinə təyin etməkdə maraqlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiya vətəndaşları üçün viza tətbiqini istisna edib. Baş nazir vurğulayıb ki, Ermənistan hakimiyyəti heç vaxt belə bir ehtimalı nəzərdən keçirməyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mümkün viza mədudiyyəti ilə bağlı xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, belə bir qərar Moskvaya qarşı deyil, İrəvanın özünə qarşı yönələcək.
Bundan əvvəl Rusiya rəhbərləri dəfələrlə Paşinyan hakimiyyətinə RF-də yaşayan ermənilərin Ermənistanda yaşayanlardan çox olduğunu deyiblər.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ