Onlayn ictimai-siyasi qəzet
Əlcəzair hakimiyyəti narkotik ticarətinə qarşı mübarizədə sərt addıma hazırlaşır.
Musavat.com xəbər verir ki, prezident Əbdülməcid Tebbunun ofisi ölkənin cənubundakı Tanezruft səhrasında yerləşən hərbi kazarmaların yüksək mühafizə olunan xüsusi həbsxanaya çevriləcəyini açıqlayıb. Yeni həbsxana narkobaronlar və iri narkotik tacirləri üçün nəzərdə tutulacaq.
Həbsxananın yerləşəcəyi Tanezruft Mali ilə sərhədə yaxın, son dərəcə sərt təbiət şəraiti ilə tanınan səhra bölgəsidir. Burada temperatur 50 dərəcəni keçə bilir.
Eyni zamanda, ölkədə narkotik ticarəti ilə mübarizə aparacaq ayrıca ixtisaslaşmış təhlükəsizlik qurumunun yaradılması planlaşdırılır. Yeni strukturun ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin – DEA-nın modeli əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu qərar ölkədə narkotik və psixotrop maddələrin dövriyyəsinin artması fonunda qəbul edilir. 46 milyon əhalisi olan Əlcəzairdə 2024-cü ildə narkotik asılılığından əziyyət çəkənlərin sayının 3 milyondan çox olduğu bildirilir.
Hakimiyyət, həmçinin 2026-cı ilin avqustunda həyata keçirilmiş rekord narkotik əməliyyatını xatırladıb. Həmin əməliyyat zamanı 10 milyondan çox preqabalin kapsulu və 33 kiloqram kokain ələ keçirilib.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ