Onlayn ictimai-siyasi qəzet
ABŞ-də genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən xəstə 271 gün dializə ehtiyac duymadan yaşayıb və daha sonra insan donorundan böyrək ala bilib.
Musavat.com xəbər verir ki, söhbət Nyu-Hempşir ştatından olan Tim Endryusdan gedir. Donuz böyrəyi köçürülərkən 66 yaşı olan Endryus 2025-ci ilin yanvarında eksperimental əməliyyat keçirib. Genetik dəyişikliklər edilmiş donuz böyrəyi onun orqanizmində 271 gün fəaliyyət göstərib. Bu müddət ərzində xəstənin dializə ehtiyacı olmayıb.
Tədqiqatçılar bildirirlər ki, bu, canlı insanda donuz böyrəyinin köçürülməsindən sonra dializsiz yaşama müddətinə görə qeydə alınmış rekord göstəricidir.
Sonrakı dövrdə donuz böyrəyinin fəaliyyəti tədricən pisləşib və orqan 2025-ci ilin oktyabrında çıxarılıb. Endryus qısa müddət yenidən dializə qayıdıb.
2026-cı ilin yanvarında isə ona vəfat etmiş insandan götürülən donor böyrəyi köçürülüb. Yeni böyrək fəaliyyət göstərməyə başlayıb. Bununla Endryus genetik dəyişdirilmiş donuz böyrəyindən sonra insan böyrəyi köçürülən ilk xəstə kimi tarixə düşüb.
Tibbi məlumatlara görə, bu hadisə ksenotransplantasiyanın – heyvan orqanlarının insana köçürülməsinin – donor böyrəyi gözləyən xəstələr üçün müvəqqəti körpü rolunu oynaya biləcəyini göstərir.
Musavat.com
06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ