İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli vitrin, Vardanyan əsas layihədir: Brüsseldə qurulan Azərbaycan əleyhinə yeni kampaniya

Qərb mediasındakı sinxron çıxışlardan Havas–erməni lobbi xəttinə, “mühacir” kanallarına təklif olunan yeni rolun arxasında nə dayanır?

Bəzən informasiya əməliyyatının ən zəif yeri onun mətnində deyil, ardıcıllığında görünür. Eyni iddia bir neçə gün ərzində əvvəl nüfuzlu qəzetdə “xəbər”, sonra hüquq müdafiə təşkilatında “təcili çağırış”, daha sonra isə vəkil tərəfinin hüquqi məlumatı kimi dövriyyəyə buraxılırsa, artıq ayrı-ayrı reaksiyalardan deyil, bir-birini tamamlayan kommunikasiya xəttindən danışmaq üçün ciddi əsas yaranır. Əli Kərimli ətrafında son günlər baş verənlər də məhz belə bir mənzərə yaradır.

Üç gün, üç platforma, eyni süjet

Avqustun 30-da Britaniyanın “The Independent” qəzeti Əli Kərimlinin ailəsinə istinadən həbsdə ona təhlükəsiz içməli su verilmədiyini, isti və havasız kamerada saxlanıldığını, ailə ilə əlaqəsinin məhdudlaşdırıldığını yazdı. Məqalənin dili isə sanki hökm artıq verilmiş kimi idi: hələ məhkəmə araşdırması və rəsmi cavab tamamlanmadan Azərbaycan dövləti “müxalifət liderini sındırmağa çalışan rejim” kimi təqdim olunurdu.

Əli Kərimli bu gün məhkəmə qarşısına çıxarılacaq | Modern.az

 
Əli Kərimlinin qızı Sezan Kərimlinin söylədikləri, “Human Rights Watch” təmsilçisinin rəyi və Britaniya Xarici İşlər Nazirliyinin məsələnin Azərbaycan rəsmiləri ilə qaldırıldığı barədə cavabı eyni mətn daxilində bir siyasi təzyiq paketinə çevrilmişdi.

Sentyabrın 1-də Almaniyada fəaliyyət göstərən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti – IGFM eyni xətti daha açıq siyasi tələbə çevirdi. Təşkilat tibbi müayinə, su, gigiyena və ailə ilə əlaqə barədə iddiaları təkrar etməklə kifayətlənmədi; Almaniya hökumətini və Avropa İttifaqını Azərbaycana qarşı siyasi və iqtisadi təsir imkanlarından istifadə etməyə çağırdı.

Bəyanatın əsas şüarı da təsadüfi seçilməmişdi:

“İnsan hüquqları enerji ticarətinə qurban verilməməlidir”.

Bu artıq sadəcə bir məhbusun saxlanma şəraiti məsələsi deyildi. Kampaniyanın istiqaməti aydınlaşırdı. Hədəf Bakı–Berlin və Bakı–Brüssel münasibətlərinə insan hüquqları etiketi altında iqtisadi və geosiyasi şərt əlavə etmək idi.

Immigration | Doughty Street Chambers

Sentyabrın 3-də Londondakı “Doughty Street Chambers” məlumat yaydı: Əli Kərimlinin vəkillərinin müvəqqəti tədbir barədə müraciətindən sonra Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətindən onun səhhəti və saxlanma şəraiti ilə bağlı məlumat istəyib.

Məhkəmə sentyabrın 10-dək içməli su və qidaya çıxış, ailənin ərzaq bağlaması göndərib-göndərə bilməməsi, gecə səs-küyü və yuxudan məhrumetmə iddiası, eləcə də səhhət və saxlanma şəraitinə dair sənədlərin təqdim olunmasını tələb edib.

Beləliklə, cəmi beş gün ərzində eyni süjet 3 ayrı-ayrı mərhələdə işləndi- media emosiyası, QHT çağırışı və hüquqi prosedur. Mətnlərdə təkrar olunan sözlər də eynidir: su, istilik, yuxusuzluq, tibbi yardım, ailə ilə əlaqə, siyasi motiv və Qərbin Azərbaycana təzyiq göstərməsi.

Bu oxşarlıq öz-özlüyündə bütün iştirakçıların eyni mərkəzdən idarə olunduğunu hüquqi fakt kimi sübut etmir. Amma eyni mənbə paketinin, eyni zamanlamanın və eyni siyasi nəticənin olması koordinasiyalı kommunikasiya ehtimalını xeyli gücləndirir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) nə edib və ya nə etməyib?

Burada qəsdən və ya savadsızlıqdan yaradılan mühüm qarışıqlığı ayırmaq lazımdır. Çünki informasiya müharibəsində bəzən bir hüquqi prosedurla siyasi hökm arasındakı sərhəd bir cümlə ilə yox edilir.

AİHM Əli Kərimlinin ittiham üzrə günahsız olduğuna qərar verməyib. Azərbaycanı işgəncədə təqsirli saymayıb. Onun azadlığa buraxılması barədə hökm çıxarmayıb. Məhkəmə vəkillərin 39-cu Qayda üzrə müvəqqəti tədbir müraciətinə baxarkən hökumətdən məlumat və sənəd istəyib. AİHM-in öz izahına görə, belə müvəqqəti prosedurlar sonrakı mahiyyət üzrə qərarı qabaqcadan müəyyən etmir.

Bu fərq kiçik hüquqi detal deyil. Əksinə, bütün kampaniyanın ən həssas nöqtələrindən biridir.

İnformasiya kampaniyası üçün “Avropa Məhkəməsi Azərbaycan hökumətindən izahat tələb etdi” başlığı siyasi hökm təsiri yaradır. Halbuki hazırda məhkəmənin qarşısında tərəflərdən birinin iddiaları var və dövlətin cavabı gözlənilir. Dövlətin borcu da həmin cavabı ümumi sözlərlə deyil, yoxlanıla bilən sənədlərlə verməkdir. Çünki hüquqi boşluq buraxılan hər saat siyasi təbliğatla doldurulur. Yəni bu, birbaşa qərəzli başlıqdır və məqsəd də aydındır.

Ramiz Mehdiyev" işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli  olub

Bir daha xatırladaq ki, Əli Kərimli 29 noyabr 2025-ci ildə Ramiz Mehdiyevlə bağlı aparılan cinayət işi çərçivəsində saxlanılıb, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O və partiyası ittihamı siyasi motivli sayır. Bu, işin hüquqi fonudur.

Saxlanma şəraiti barədə ailə və vəkillərin söylədikləri isə ayrıca yoxlanmalı iddialardır. Hüquqi dövlət üçün ən düzgün cavab məhbusun hüquqlarını təmin etmək, tibbi müayinəni sənədləşdirmək və ittihamın sübutlarını qanuni məhkəmə prosesində ortaya qoymaqdır.

Lakin xaricdə qurulan kampaniyanın məqsədi təkcə bu hüquqları sorğulamaq deyil; həmin işi Azərbaycanın beynəlxalq əlaqələrini şərtləndirən siyasi alətə çevirməkdir.

“Yeni Müsavat”ın əvvəlki məlumatı...

“Yeni Müsavat” daha əvvəl Leyla və Arif Yunusların Əli Kərimli ilə bağlı xarici media və beynəlxalq dairələrə müraciəti barədə məlumat vermişdi.




Sonrakı hadisələr həmin məlumatın ən azı məzmun istiqaməti baxımından havadan götürülmədiyini bir daha sübut etdi. Onu da yada salaq ki, əvvəlcə  xarici mediada Kərimlinin ağır saxlanma şəraiti narrativi yaradıldı, sonra Avropa qurumlarına və milli hökumətlərə siyasi çağırışlar başladı, ardınca hüquqi prosedur kommunikasiya kampaniyasının mərkəzinə gətirildi.

İndi redaksiyamıza daxil olan yeni məlumat daha böyük planın mövcudluğuna işarə edir.

Mənbəmizin bildirdiyinə görə, Əli Kərimli mövzusunda yaradılan dalğadan razı qalan sifarişçilər eyni kommunikasiya imkanlarını Azərbaycanda həbsdə olan və ya məhkum edilmiş keçmiş separatçı rejim nümayəndələrinin, ilk növbədə Ruben Vardanyanın müdafiəsinə yönəltmək istəyirlər. Layihəyə yalnız Yunusların deyil, Avropada fəaliyyət göstərən “mühacir” kanallarının da cəlb olunması nəzərdə tutulur.

Mənbənin məlumatına əsasən, özünü Qərb ölkələrindən birinin xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim edən şəxs Qənimət Zahid, Tural Sadıqlı və daha bir neçə “mühacir” media təmsilçisinin Fransanın iri reklam və kommunikasiya qruplarından biri olan Havasın nümayəndəsi ilə görüşünü təşkil edib.

Görüşün Brüsselin mərkəzində, Avenue Louise küçəsində yerləşən otellərdən birində keçirildiyi bildirilir. Görüşə gələn şəxsin Havasın Fransa bürosunun rəhbər şəxslərindən biri olduğu iddia edilir. Redaksiya onun adını dəqiqləşdirmək istiqamətində araşdırmanı davam etdirir.

Bu görüş barədə məlumat hələ iştirakçıların açıq təsdiqi ilə müşayiət olunmayıb. Adları çəkilən şəxslərin və Havasın mövqeyini dərc etməyə hazırıq.

Ancaq iddianı ciddi edən təkcə mənbənin verdiyi detallar deyil. Havasın Azərbaycan əleyhinə və Vardanyanın müdafiəsi istiqamətində əvvəlki fəaliyyəti açıq mənbələrlə artıq sənədləşdirilib.

Yəni burada təsadüfi seçilmiş bir şirkətin adından deyil, bu dosyedə izi əvvəlcədən görünən peşəkar PR strukturundan söhbət gedir.

Havas izi niyə həlledici detaldır?

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı  TƏXRİBAT | Modern.az

Fransanın kəşfiyyat və təsir əməliyyatları üzrə ixtisaslaşmış “Intelligence Online” nəşri hələ 11 noyabr 2024-cü ildə Havasın COP29 ərəfəsində Azərbaycan əleyhinə lobbi və kommunikasiya kampaniyasını gücləndirdiyini yazmışdı.

Nəşrin məlumatına görə, şirkət jurnalistlərə müsahibə imkanları təklif edir, müxtəlif hüquq və siyasi fiqurları eyni mövzu ətrafında bir araya gəlməyə çıxarırdı. Havasın “Free Armenian Prisoners” kampaniyası ilə işlədiyi, Ruben Vardanyan da daxil olmaqla Azərbaycandakı erməni məhbusların azadlığı mövzusunu irəli çəkdiyi ayrıca qeyd olunurdu.

Həmin araşdırmada Havasın erməni dosyesini Anahit Akopiana həvalə etdiyi, Vardanyanın müdafiəsi çərçivəsində Paris, Vaşinqton, Lion, Marsel, Brüssel və Londonda silsilə konfransların təşkil edildiyi göstərilirdi.

Deməli, Vardanyan mövzusunu beynəlxalq hüquq, media, konfrans və QHT xətti ilə qabartmaq yeni ideya deyil. Yeni olan bu şəbəkəyə azərbaycanlı siyasi mühacir kanallarının qoşulması, yerli auditoriyaya çıxışın onların dili və simaları ilə təmin edilməsidir.

Redaksiyamıza daxil olan məlumata görə, Brüssel görüşündə “mühacirlər” qarşısında qoyulan əsas tələb Azərbaycan hakimiyyətinə qarşı təbliğat kampaniyasında “erməni əsirlər”, xüsusilə Vardanyan mövzusundan istifadə etmək olub.

Təklif olunan tezislər də hazırdır: bu şəxslərin həbsdə saxlanmasının Azərbaycanın beynəlxalq imicinə zərbə vurduğu, ölkəyə heç bir fayda gətirmədiyi, hakimiyyətin onları “şəxsi düşmən” kimi təqdim etdiyi, həbslərin daxili auditoriya üçün “qəhrəmanlıq” və özünüreklam vasitəsinə çevrildiyi iddia edilməlidir.

Mənbə PR nümayəndəsinin bu tezislərin ardıcıl qabardılması müqabilində böyük məbləğdə maliyyə dəstəyi vəd etdiyini bildirir.

Elə burada maraqlı bir psixoloji məqam ortaya çıxır.

Mənbənin sözlərinə görə, maliyyə çətinliyi yaşayan bəzi “mühacir” kanalları layihəyə qoşulmaq istəyiblər, lakin bunun Azərbaycandakı nüfuzlarına ağır zərbə vuracağından ehtiyat ediblər. Çünki həmin kanallar barədə erməni maraqlarına xidmət ittihamı onsuz da mövcuddur; Vardanyanın açıq müdafiəsi isə bu təsəvvürü artıq mübahisə mövzusu olmaqdan çıxara bilər.

Onların mövqeyi bir cümlə ilə belə ifadə olunub:

“Biz bunu etmək istəyirik, amma ehtiyat edirik”.

Məlumata görə, buna görə ilkin mərhələdə açıq təbliğat deyil, dolayı iştirak modeli təklif olunub: Avropada “erməni əsirlər” adı altında keçirilən aksiyalara və imzatoplama kampaniyalarına dəstək vermək, mövzunun qaldırıldığı tədbirlərdə görünmək, Avropa Parlamenti və AŞPA daxilində görüşlərin təşkilini istəmək, sonra isə auditoriyanın reaksiyasına uyğun kommunikasiya planı hazırlamaq.

Yəni məqsəd birdən-birə Vardanyanı müdafiə edən veriliş açmaq deyil. Məqsəd auditoriyanı mərhələ-mərhələ hazırlamaq, əvvəl insan hüquqları çərçivəsini qəbul etdirmək, sonra həmin çərçivənin içinə Vardanyanı yerləşdirməkdir.

Əli Kərimli niyə “körpü fiqur” kimi seçilib?

Bu kampaniyanın memarları Azərbaycan cəmiyyətinin Vardanyana münasibətini çox yaxşı bilirlər. Ruben Vardanyanı birbaşa “siyasi məhbus” kimi təqdim etmək Bakıda işləməz.

Варданян: в Карабахе идет полноценная война – Коммерсантъ

Bunu da bir daha yada salaq ki, o, 2022-ci ildə Rusiyadakı böyük biznes və siyasi əlaqələrinin içindən çıxaraq Azərbaycanın o vaxt hələ nəzarət etmədiyi əraziyə gəlib, keçmiş separatçı qurumda “dövlət naziri” postunu tutub. 2023-cü ilin sentyabrında saxlanılıb, 17 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə terrorçuluq, müharibə cinayətləri və digər ağır ittihamlar üzrə 20 il azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etməyib; müdafiəçiləri məhkəmənin ədalətli keçirilmədiyini iddia edirlər. Bunlar açıq hüquqi-siyasi qarşıdurmanın iki tərəfidir.

Məhz buna görə yerli siyasi müxalifət fiquru ilə keçmiş separatçı rəhbər arasında süni mənəvi körpü qurmaq lazım gəlir.

Əvvəl Əli Kərimli “siyasi məhbus”, “demokratiya lideri”, “susuz saxlanılan məhbus” obrazında Qərb auditoriyasına təqdim olunur. Sonra eyni hüquq dili Vardanyana tətbiq edilir. Nəticədə Vardanyanın müdafiəsinə etiraz edən hər kəsi insan hüquqlarına qarşı çıxan tərəf kimi göstərmək imkanı yaranır.

Bu, kommunikasiya texnologiyasıdır: mübahisəli və cəmiyyət tərəfindən rədd edilən fiquru daha tanış və emosional fiqurun kölgəsində legitimləşdirmək.

Başqa sözlə, Əli Kərimli bu sxemdə məqsəddən çox körpüdür, Vardanyan isə əsas layihədir. Birincinin hüquqları barədə həssaslıq ikincinin siyasi reabilitasiyasına sərmayə kimi istifadə olunur. Yerli siyasi mübahisə Qarabağ dosyesinə bağlanır. Qarabağ dosyesi isə yenidən Azərbaycanın beynəlxalq imicinə qarşı təzyiq alətinə çevrilir.


“Əsir” sözü ilə başlayan yaddaş yuyulması

Kampaniyanın ən mühüm silahı terminlərdir.

Azərbaycanda mühakimə olunan və ya artıq məhkum edilmiş keçmiş separatçı rəhbərlər üçün israrla “erməni əsirlər” ifadəsi işlədilir. “Əsir” sözü seçilən kimi oxucuya hüquqi nəticə əvvəlcədən diktə edilir: guya müharibə bitib, Azərbaycan isə günahsız insanları siyasi girov saxlayır.

Halbuki Bakı bu şəxslərin hərbi əsir deyil, konkret ağır cinayətlər üzrə məsuliyyətə cəlb olunan təqsirləndirilən və məhkum şəxslər olduğunu bildirir. Onların bir qisminə 2026-cı ilin fevralında hökm də çıxarılıb.

Bu terminoloji əməliyyatın arxasında daha böyük məqsəd dayanır: otuz illik işğalı, azərbaycanlıların yurdlarından qovulmasını, şəhər və kəndlərin dağıdılmasını, terror və müharibə cinayətləri barədə ittihamları görünməz etmək.
Варданяна обвинили в Баку в терроризме против дипломатов Азербайджана -  Minval Politika

Dünənin separatçı rəhbərini bugünün “humanitar məhbusu”na çevirmək üçün əvvəl tarixi kontekst silinir, sonra hüquqi ittihamlar dırnaq arasına alınır, sonda isə Azərbaycan öz ərazisində ədalət mühakiməsi apardığına görə təqsirləndirilir.

Tankla uduzduqları savaşı terminlərlə geri qazanmağa çalışırlar.

İnsan hüquqları universal dəyərdir. Siyasi baxışından, milliyyətindən və ittihamından asılı olmayaraq hər bir məhbusun suya, tibbi yardıma, vəkilə, ailə ilə qanuni əlaqəyə və ləyaqətli saxlanma şəraitinə hüququ var. Azərbaycan dövləti bu standartları təmin etməli, hər bir ciddi iddianı yoxlamalıdır.

Amma insan hüquqlarının seçmə qaydada pullu PR məhsuluna çevrilməsi həmin dəyərin müdafiəsi deyil, istismarıdır. Vardanyan üçün çalışan beynəlxalq kommunikasiya maşınının azərbaycanlı “mühacir” media simaları axtarması məhz bu istismarın növbəti mərhələsidir.

Əsas hədəf bir məhbus deyil, Azərbaycanın postmüharibə mövqeyidir

Kampaniyanın strateji məqsədi Vardanyanı və digər keçmiş separatçı rəhbərləri azad etdirməkdən də böyükdür. Məqsəd Azərbaycanın 2020–2023-cü illərdə yaratdığı yeni reallığın hüquqi və mənəvi legitimliyini aşındırmaqdır.

Bakı döyüş meydanında suverenliyini bərpa etdi, diplomatik masada Ermənistanla sülh gündəliyini irəli apardı. İndi həmin nəticəni “qalib dövlətin ədaləti” kimi deyil, “repressiv dövlətin qisası” kimi təqdim etməyə çalışırlar.

Bunun üçün üç auditoriya seçilib.

Birinci auditoriya Qərb hökumətləridir: onlara enerji, sərmayə və insan hüquqları arasında seçim təzyiqi yaradılır.

İkinci auditoriya beynəlxalq media və hüquq institutlarıdır: onlara hazır emosional hekayə, hüquqi termin və müsahibə verəcək şəxslər təqdim olunur.

Üçüncü auditoriya Azərbaycan cəmiyyətidir: xaricdəki azərbaycandilli kanallar vasitəsilə milli konsensusun içində çat yaratmaq, Vardanyan məsələsini daxili siyasi mübarizənin predmetinə çevirmək istəyirlər.

Bu, klassik hibrid təsir modelidir.

Yəni daha konkretləşdirsək, xarici PR şirkəti mövzunu qablaşdırır, hüquqçular ona hüquqi dil verir, QHT-lər mənəvi legitimlik qazandırır, media emosional hekayəyə çevirir, “mühacir” kanallar isə həmin məhsulu Azərbaycan dilində ölkə daxilinə daşıyır.

Hər iştirakçı özünü ayrıca və müstəqil göstərə bilər, amma son nəticədə bütün axın eyni siyasi nəticəyə xidmət edir: Azərbaycan təqsirləndirilən tərəf, keçmiş separatçı rəhbərlər isə qurban kimi təqdim olunur.

Bakı necə cavab verməlidir?

Bu kampaniyaya ən zəif cavab yalnız qəzəbli bəyanat verməkdir. Ən güclü cavab isə sənəd, şəffaflıq və qabaqlayıcı kommunikasiyadır.

Niyə Əli Kərimli Vardanyanı Qubad İbadoğlu ilə müqayisə edir?

Əli Kərimlinin saxlanma şəraiti ilə bağlı AİHM-in sorğusuna tibbi arayışlar, su və qida təminatı, görüş və bağlama qaydaları, kameranın vəziyyəti barədə yoxlanıla bilən məlumatlarla cavab verilməlidir. Əgər hər hansı nöqsan varsa, aradan qaldırılmalıdır. Çünki dövlətin haqlı olduğu yerdə sübutdan qorxmağa ehtiyacı yoxdur.

Eyni zamanda Vardanyan və keçmiş separatçı rejim rəhbərlərinin işləri üzrə ittihamların fakt bazası ingilis, fransız və alman dillərində sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim olunmalıdır. Hüquqi dosyelər yalnız məhkəmə zalında qalmamalı, peşəkar izahlarla xarici mediaya, parlamentlərə və ekspert mərkəzlərinə çatdırılmalıdır.

Azərbaycanın mövqeyi reaksiya verən deyil, gündəm quran mövqe olmalıdır.

Üçüncü istiqamət maliyyə və lobbi şəbəkələrinin şəffaflaşdırılmasıdır. Havas, Edelman və digər kommunikasiya strukturlarının kimlər üçün, hansı müqavilə və büdcə ilə işlədiyi, hansı tədbirləri təşkil etdiyi, hansı media və QHT-lərlə əlaqə qurduğu açıq mənbələr, hüquqi reyestrlər və jurnalist araşdırmaları ilə xəritələndirilməlidir.

Redaksiyamıza daxil olan Brüssel görüşü məlumatı da sonadək araşdırılmalı, iştirakçıların mövqeyi alınmalı, adlar və faktlar sənədlə təsdiqlənməlidir.

Nəhayət, siyasi tənqidlə xaricdən maliyyələşən təsir fəaliyyətini bir-birindən ayırmaq lazımdır. Hakimiyyəti tənqid etmək hər bir vətəndaşın haqqıdır. Amma xarici sifariş əsasında Azərbaycanın Qarabağ dosyesini təhrif etmək, keçmiş separatçı rəhbərləri “əsir” adı ilə reabilitasiya etmək, milli təhlükəsizlik mövzusunu pullu kontentə çevirmək artıq siyasi müxalifət deyil.

Bu, başqa dövlətlərin və lobbi qruplarının təsir əməliyyatında podratçı olmaqdır. Bu, elə alçaqlığın özüdür...

Son söz əvəzi

Bütün bunların fonunda başa düşülən budur ki, Kərimli ətrafında son günlər yaradılan beynəlxalq dalğa öz sərhədlərini çoxdan aşıb. Burada onun hüquqları ayrıca məsələdir və dövlət həmin hüquqları tam təmin etməlidir. Lakin bu işin üzərindən qurulan kommunikasiya infrastrukturu indi Vardanyan və keçmiş separatçı rəhbərlərin müdafiəsinə daşınmaq istəyir.

Əli Kərimli vitrinə çıxarılır, Vardanyan isə vitrinin arxasındakı əsas məhsul kimi hazırlanır.

Azərbaycan– Avropa İttifaqı - Azerbaijan.az

Qərb mediasındakı sinxron materiallar, IGFM-in enerji münasibətlərini hədəfə alan çağırışı, “Doughty Street Chambers”in AİHM prosedurunu siyasi narrativlə təqdim etməsi və Havasın əvvəlcədən sənədləşmiş Vardanyan kampaniyası ayrı-ayrı nöqtələr deyil.

Bu nöqtələr birləşəndə uzun bir xətt görünür. Qərəzli, məkrli xətt...

Həmin xətt Brüsseldən Bakıya, hüquq dilindən media dilinə, insan hüquqları şüarından erməni lobbiçiliyinə uzanır.

Azərbaycan bu xətti görməli, adlandırmalı və sənədlərlə ifşa etməlidir. Çünki bu dəfə savaş səngərdə deyil, anlayışlar üzərində gedir. “İşğalçı” sözünü “qurban”la, “separatçı” sözünü “siyasi məhbus”la, məhkəmənin məlumat sorğusunu isə Azərbaycanın məhkum edilməsi ilə əvəz etmək istəyirlər.

Buna cavabın bir adı var: həqiqəti gecikmədən, qorxmadan və peşəkar şəkildə dünyaya çatdırmaq.

Redaksiya qeydi: Brüsseldə keçirildiyi bildirilən görüş, iştirakçılara verilən tapşırıqlar və maliyyə təklifi barədə hissələr redaksiya mənbəsinin məlumatına əsaslanır. Bu iddialar açıq sənədlərlə tam təsdiq olunana qədər mənbə məlumatı statusundadır; adı çəkilən tərəflərin cavab haqqı saxlanılır.

Əli Rais,
Musavat.com saytının baş redaktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR