İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva-Kiyev savaşında gizli bazarlıq: Trampın emissarları hərəkətə keçdi

Rusiya-Ukrayna müharibəsində hərbi qarşıdurmanın fonunda diplomatik kanallar yenidən hərəkətlənib. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın günlərdə həm Kiyevə, həm də Moskvaya səfər etməyə hazırlaşması Vaşinqtonun müharibənin dayandırılması istiqamətində yeni cəhdə başladığını göstərir. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə görüşlərin tarixlərinin ilkin olaraq müəyyənləşdirildiyini açıqlayıb.

Maraqlıdır ki, bu diplomatik fəallıq Rusiya-Ukrayna cəbhəsində gərginliyin səngimədiyi bir vaxtda baş verir. Kiyev yenidən Rusiyanın hava hücumlarına məruz qalır, Moskva isə müharibənin davam etdirilməsi mövqeyini qoruyur. Bununla belə, prezident Vladimir Putinin sülh sazişinin mümkünlüyü barədə açıqlaması diqqət çəkir. Putin münaqişənin həllinin nəticə etibarilə Rusiya və Ukraynadan asılı olduğunu desə də, ABŞ və digər ölkələrin vasitəçilik səylərini də qeyd edib.

Göründüyü kimi, Vaşinqtonun qarşısında olduqca mürəkkəb diplomatik mənzərə yaranıb. Bir tərəfdən Tramp administrasiyası müharibənin başa çatdırılmasına nail olmaq istəyir, digər tərəfdən isə Moskva və Kiyev arasında əsas məsələlər üzrə fikir ayrılıqları qalır. Üstəlik, döyüşlərin davam etməsi diplomatik danışıqların real nəticəyə çevrilməsini çətinləşdirir.

ABŞ nümayəndələrinin eyni proses çərçivəsində həm Kiyevə, həm də Moskvaya getməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu, Vaşinqtonun tərəflərin mövqelərini birbaşa yaxınlaşdırmağa, mümkün kompromis çərçivəsini müəyyənləşdirməyə və yeni danışıqlar raundunun əsasını qoymağa çalışdığını göstərir.

Trampın xüsusi nümayəndələri bu dəfə Moskva və Kiyev arasında real anlaşma əldə edə biləcəkmi?

ZURİYA.jpg (80 KB)

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib:

“ABŞ nümayəndələrinin ardıcıl şəkildə həm Kiyevə, həm də Moskvaya səfər etməsi Vaşinqtonun “məkik diplomatiyası” vasitəsilə tərəflərin minimum ortaq nöqtələrini müəyyənləşdirməyə çalışdığını göstərir. Lakin bu mərhələdə hərtərəfli sülh sazişindən daha çox atəşkəsin şərtləri, enerji obyektlərinə hücumların məhdudlaşdırılması, əsirlərin dəyişdirilməsi və sonrakı danışıqların formatı üzrə razılaşma real görünür. Putinin sülhün mümkünlüyü barədə açıqlaması danışıqlara tam hazır olmaqdan çox, Moskvanın diplomatik təşəbbüsü rədd edən tərəf kimi görünmək istəməməsi və Vaşinqtonun mövqeyini sınaqdan keçirməsi kimi görünür. Bu mesajın həqiqi sülh siqnalına çevrilməsi üçün Rusiya konkret güzəştlərə və döyüşlərin dayandırılması mexanizminə razılıq verməlidir. Kiyevin mümkün kompromisi isə Ukraynanın suverenliyi, təhlükəsizlik təminatları və işğal edilmiş ərazilərin hüquqi statusu məsələlərindən asılı olacaq. Ukrayna müəyyən müddət üçün mövcud təmas xətti boyunca atəşkəsi və ərazi məsələsinin sonrakı danışıqlara saxlanılmasını qəbul edə bilər, lakin həmin ərazilərin Rusiya torpağı kimi hüquqi tanınması Kiyev üçün olduqca ağır şərtdir. ABŞ təşəbbüsünün dönüş yaratması üçün yalnız tərəfləri danışıqlar masasına gətirmək kifayət etməyəcək. Razılaşmanın icrasına nəzarət, Ukraynaya etibarlı təhlükəsizlik təminatları və mümkün pozuntulara qarşı əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər də olmalıdır. Buna görə səfərlər diplomatik imkan yaratsa da, real nəticə Moskva və Kiyevin hərbi yolla əldə edə bilmədiklərini qarşılıqlı güzəştlərlə qəbul etməyə hazır olub-olmamasından asılıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR