Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının qarşısında ciddi problem yaranıb. Brüssel 2030-cu ilə qədər Avropanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyi və qitənin təhlükəsizlik baxımından daha hazırlıqlı vəziyyətə gətirilməsini hədəfləyir. Lakin Avropa İttifaqının auditorlarının qiymətləndirmələri bu hədəflərin vaxtında reallaşdırılması ilə bağlı ciddi suallar doğurur.
Məsələ yalnız silah və hərbi texnika almaqdan ibarət deyil. Avropanın qarşısında müdafiə sənayesinin genişləndirilməsi, dövlətlər arasında koordinasiyanın gücləndirilməsi, hərbi mobilliyin artırılması, sursat və digər strateji ehtiyatların formalaşdırılması kimi bir sıra mürəkkəb vəzifələr dayanır. Aİ son illərdə bu istiqamətdə böyük maliyyə mexanizmləri və birgə satınalma təşəbbüsləri irəli sürsə də, bütün bunların real hərbi qabiliyyətə çevrilməsi üçün zaman və koordinasiya tələb olunur. Əslində, Avropanın bugünkü vəziyyəti kifayət qədər paradoksaldır. Bir tərəfdən Brüssel Rusiyanın yaratdığı təhlükəni açıq şəkildə etiraf edir və müdafiə xərclərini artırmağa çalışır. Digər tərəfdən isə qitənin hərbi sənayesinin genişləndirilməsi və müdafiə layihələrinin həyata keçirilməsi sürəti qarşıya qoyulan hədəflərlə tam uyğun gəlmir.
Bu mənzərə xüsusilə Ukrayna müharibəsi fonunda daha ciddi görünür. Çünki Avropanın təhlükəsizlik strategiyası artıq yalnız gələcəkdə baş verə biləcək mümkün müharibəyə hazırlıq məsələsi deyil. Müharibə faktiki olaraq Avropanın sərhədlərinin yaxınlığında gedir və bu, NATO ölkələrini hərbi imkanlarını yenidən nəzərdən keçirməyə məcbur edir. Həmçinin Avropanın ABŞ-dən hərbi və strateji asılılığının azaldılması məsələsi də yenidən gündəmə gəlir. Vaşinqtonun Avropadan öz müdafiəsinə daha çox maliyyə ayırmasını tələb etməsi fonunda Brüssel qarşısında artıq seçim deyil, zərurət dayanır.
Avropa öz təhlükəsizliyinin əsas yükünü nə dərəcədə müstəqil şəkildə daşıya bilər?
Burada daha böyük sual ortaya çıxır. Əgər Avropa 2030-cu ilə qədər nəzərdə tutduğu müdafiə hazırlığı səviyyəsinə çatmaqda çətinlik çəkirsə, Rusiya ilə mümkün uzunmüddətli qarşıdurma ssenarisində qitənin real hərbi imkanları nə olacaq? Üstəlik, müdafiə sahəsindəki gecikmələr yalnız Avropanın öz təhlükəsizliyinə deyil, NATO-nun ümumi çəkisinə və Şərqi Avropadakı təhlükəsizlik balansına da təsir göstərə bilər. Bu baxımdan Aİ auditorlarının xəbərdarlığı sadəcə texniki və ya bürokratik məsələ deyil.
2030-cu il hədəfi realdırmı? Rusiya təhlükəsi fonunda Avropanın müdafiə imkanlarının zəif qalması hansı nəticələrə gətirib çıxara bilər?

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Musavat.com-a bunları deyib:
“Avropada artıq uzun müddətdir ki, Rusiya təhlükəsi kampaniyası aparılır. Əlbəttə, biz deyə bilmərik ki, Rusiyanın həqiqətən də Qərbə hücum planı var, ya yox. Amma Ukrayna müharibəsi və Trampın prezidentliyi zamanı məlum oldu ki, Avropa soyuq müharibədən sonra hərbi sahəni tamamilə arxa plana atıb. Faktiki olaraq Avropa ABŞ-dən asılıdır. Ukrayna müharibəsi faktiki Avropa üçün həyəcan siqnalı oldu. Bu mənada düşünürəm ki, Avropada həyəcan daha çox məqsədli şəkildə aparılan prosesdir. Bir sözlə, Avropa toparlanmaq istəyir. Çünki Trampın prezidentlik dövrü göstərdi ki, Avropa artıq ABŞ-yə tam etibar edə bilməyəcək. Buna görə də Qərb liderləri müdafiə qabiliyyətini artırır. Təbii ki, bunu etmək üçün ilk növbədə zəmin yaratmaq, cəmiyyətin hərbiyə böyük vəsait ayrılmasını inandırıcı etmək üçün xarici, yəni Rusiya təhlükəsi yaradılmalıdır. Artıq Avropa anlayır ki, öz müdafiə gücünü yaratmalıdır. Proses buna gedir”.
Cavanşir Abbaslı
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ