İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-nin bu müharibədəki əsas davası...” - SON DƏQİQƏ AÇIQLAMASI

Yaxın Şərqdə İran-ABŞ qarşıdurmasının yaratdığı geosiyasi və enerji böhranı regionun xəritəsində yeni marşrutların önə çıxmasına səbəb olur. Xüsusilə Hörmüz boğazında yaranan risklər fonunda neft və qazın dünya bazarlarına çatdırılması üçün alternativ yolların axtarışı sürətlənib. Bu mənzərədə Suriyanın adı getdikcə daha çox hallanmağa başlayıb. ABŞ prezidenti Donald Trampın Suriyanı Hörmüz boğazına alternativ marşrut kimi təqdim edən açıqlaması da məhz bu baxımdan diqqət çəkir. Tramp “Truth Social” platformasındakı paylaşımında Suriyanın özünü Hörmüzə alternativ kimi təqdim etdiyini bildirib və bu yanaşmanı müsbət qələmə verib.

Məsələ yalnız siyasi bəyanatla məhdudlaşmır. Hazırda İraqın cənubundakı neftin Suriya üzərindən Aralıq dənizi sahilinə daşınması istiqamətində real layihələr müzakirə olunur. Planlaşdırılan boru kəmərinin gələcəkdə gündə milyonlarla barel neftin Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çıxarılmasına imkan verə biləcəyi bildirilir.

Suriya enerji və tranzit qovşağına çevrilərsə, İranın regiondakı strateji əhəmiyyəti zəifləyə bilərmi? Tehran üçün Hörmüz üzərindəki təsir imkanlarının alternativ marşrutlarla məhdudlaşdırılması nə deməkdir? Suriya həqiqətən İranın Hörmüz üzərindən yaratdığı enerji və tranzit üstünlüyünə alternativ ola bilərmi?

FİKRET YENİ.jpeg (135 KB)

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirib:

“Təbii ki, Suriyanın coğrafi mövqeyi Körfəz ölkələrinin neft və qaz resurslarının onun üzərindən daşınmasına imkan verir. Lakin bu seçimin gerçəkləşməsi üçün regionda yeni meqa layihələr reallaşdırılmalıdır. Suriya üzərindən belə layihələrin mümkünlüyünü əsaslandıra biləcək digər mühüm şərt isə Suriyada on illər boyu xalqın qanını içmiş diktatura rejiminin yerində indi dünyaya sivil baxışları olan yeni bir hakimiyyətin olmasıdır. Nəzərə alsaq ki, İraqla bağlı hər hansı bir problem mövcud deyil, o halda belə layihələr niyə reallaşdırılmasın? Bu həm də ona görə zəruridir ki, Hörmüz boğazında baş verən olaylar bir daha sübut etdi ki, məşhur məsəldə deyildiyi kimi, “bütün yumurtaları bir səbətə yığmaq təhlükəlidir”.

c66OgWsNBZqLHlMOGK4AWdFGsReRXS34Olzg4vVH_1200.jpg (138 KB)

Bu gün dünya iqtisadiyyatının boğazı Hörmüz boğazının əlində boğulub qalıb. Əgər Suriya üzərindən layihələrin reallaşdırılması baş tutarsa, o zaman Körfəz ölkələrinin və dünya iqtisadiyyatının Hörmüz boğazından bugünkü asılılığı aradan qalxmış olar. O halda İranın regiondakı mövqeyi xeyli zəifləmiş olacaq. Düşünürəm ki, bütün hallarda Hörmüz boğazının verdiyi dərslərdən nəticə çıxaran Körfəz ölkələri və dünya birliyi bu layihələrin reallaşdırılmasına çalışacaq. Lakin ABŞ-nin Hörmüz boğazının açarını İrana bağışlayacağını düşünmək də sadəlövhlük olardı. Bütün hallar üçün ABŞ-nin bu müharibədəki əsas davası Hörmüz boğazını ələ keçirmək deyil, İranın neft, qaz və digər təbii resurslarına nəzarəti ələ keçirməkdir. Ona görə Birləşmiş Ştatların İrana qarşı başlatdığı müharibə xəmiri hələ çox su aparacaq. ABŞ istəyinə nail olmayınca İrandan əl çəkən deyil”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR