İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermerlər üçün süni intellekt FÜRSƏTİ: Tənbəlləşmə, yoxsa...

ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) məhsul sahələrinin və məhsuldarlığın daha dəqiq hesablanması üçün peyk görüntüləri və süni intellektdən istifadə edən pilot layihəyə başlayıb. Layihə NASA və digər federal qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Süni intellekt və maşın öyrənməsi texnologiyaları əkin sahələri barədə məlumatların daha sürətli və dəqiq toplanmasına kömək edəcək.

Süni intellektlə becərilən torpaq – parlaq gələcəyin təcəssümü


Bu addım fermerlərin USDA-nın məhsul proqnozlarının dəqiqliyi ilə bağlı artan narazılıqları fonunda atılıb. Nazirlik hesab edir ki, yeni texnologiyalar məlumatların toplanması prosesini müasirləşdirə və kənd təsərrüfatı bazarındakı proqnozları yaxşılaşdıra bilər. Qeyd olunur ki, 2025-ci ildə məhsul proqnozları ilə bağlı problemlər taxıl qiymətlərinə və fermerlərin gəlirlərinə təsir göstərmişdi. Yeni sistem vasitəsilə peyklərdən əldə edilən məlumatların süni intellektlə təhlili nəzərdə tutulur.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov da bir neçə ay əvvəl bu məsələyə toxunub. Nazir qeyd edib ki, aqrar süni intellekt layihəsi çərçivəsində aqrar sahədə qərar verməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə otuzdan artıq süni intellekt modulu müəyyən edilib. “Bu modullar torpaq, iqlim, peyk məlumatları, saha müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək, həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə proseslərini dəstəkləyir”.

M. Məmmədovun sözlərinə görə, sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərvericiləri riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır.

İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, Azərbaycanda kənd təsərrüfatının ciddi problemlərindən biri suvarma ilə bağlıdır.

Onun sözlərinə görə, ölkədə sudan istifadədə səmərəlilik 50-60 faizdir: “Ümumiyyətlə, regionda su təminatı bərabər paylanmayıb. Su ehtiyatlarının 70 faizinin mənbəyi Gürcüstanda, 20 faizi Ermənistanda, 10 faizi isə Azərbaycandadır. Ölkəmizdəki meliorasiya sisteminin keyfiyyəti də ürəkaçan deyil, infrastrukturun böyük hissəsi müstəqillikdən öncəki illərdən istismardadır. SSRİ zamanı qurulan infrastruktur sıradan çıxıb. Nəzərə alınmalı digər məsələlər də var: əhalinin sayı artıb, kənd təsərrüfatı məhsulları bahalaşıb, ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxıb. O ki qaldı kənd təsərrüfatı sahəsində süni intellektin tətbiqinə, hesab edirəm ki, bu, fermerlərin işinin xarakterini dəyişəcək. Yeniliklərin tətbiqi çox çətindir: bahalı texnologiyalardır, ciddi xərc deməkdir. Fermerlər mənfəətli vəziyyətdə deyillər, gəlirlilik səviyyəsi çox aşağıdır”.

Azərbaycanda kənd təsərrüfatında süni intellektin tətbiqinin faydaları və  riskləri - EKSPERT AÇIQLADI | Yurd.Media

Onun sözlərinə görə, Azərbaycanda çox sayda baza problemləri var - məhsul yığımı zamanı kombaynların bölüşdürülməsi zamanı çətinliklər yaşanır, əkin işlərində traktorlar tapılmır və s.

Ekspert deyib ki, bu gün kənd təsərrüfatına aid göstəricilər subsidiya əsasında formalaşır: “Subsidiya isə dayanıqlı həll modeli deyil. Yeni texnologiyalar sayəsində aparılan araşdırmalar fermerlərə çox böyük faydalar yarada bilər. Fermerin daha düzgün, operativ qərar verməsi baxımından bu çox önəmlidir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da qabaqcıl texnologiyalardan istifadə əks olunub. Eyni zamanda qeyd etmək lazımdır k, yeni texnologiyaların tətbiqi üçün həm də ixtisaslı kadrlar lazımdır”.


Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR