Onlayn ictimai-siyasi qəzet
Səhər saatlarıdır. Balaxanıda dayanacaqda avtobus gözləyənlərin gözləri yolun o başındadır. Günəş hələ istisini tam göstərməyib, amma dayanacaqda gözləmək belə adamı yorur. Bir qədər sonra uzaqdan 105 nömrəli avtobus görünür. Dayanacaqda hərəkətlilik başlayır. Kimi qabağa keçir, kimi avtobusun qapısının açılacağı yeri hesablayır. Çünki burada avtobusun gəlməsi hələ mənzilə rahat çatmaq demək deyil – əsas məsələ avtobusa minə bilməkdir...
Qapılar açılır. Sərnişinlər bir-birinin ardınca avtobusa minir. Salon onsuz da doludur. Oturacaq tapmaq bir yana, ayaq üstə rahat dayanmağa belə yer yoxdur. Çöldəki isti içəridə daha da ağır hiss olunur. Kondisioner sistemi olmayan avtobusda sərnişinlər sanki yolda deyil, "Qır qazanı"nın içində hərəkət edirlər.
Sərnişinlərin narazılığı avtobusların köhnə olması ilə bağlı deyil. Əksinə, marşrut üzrə avtobuslar bir müddət əvvəl yenilənib. Lakin sakinlərin sözlərinə görə, avtobusların dəyişdirilməsi marşrutun əsas problemlərini aradan qaldırmayıb. Avtobus dəyişdi, sərnişinin dərdi dəyişmədi. Sakinlər deyirlər ki, yeni avtobusların xəttə buraxılması müəyyən mənada rahatlıq yaradıb. Lakin sərnişin tələbatı ilə marşrutun imkanları arasında hələ də ciddi fərq var. Əsas problem avtobusların tutumunun az olmasıdır.
Səhər və axşam pik saatlarında sərnişinlərin sayı artır. Bir avtobus gəlir, dayanacaqda gözləyənlərin hamısı minə bilmir. Növbəti avtobusu gözləmək isə ayrıca problemdir. Çünki interval uzundur. İnsanlar avtobusun qapısından sallaşaraq gedirlər. Başqa da çarələri yoxdur. Bir avtobusu qaçıran sərnişin növbəti avtobusu gözləməli olur. Bu isə işə, dərsə, görüşə tələsən insanlar üçün əlavə vaxt itkisi deməkdir: “Avtobus dəyişdirilib, amma adam sayı dəyişməyib. Əksinə, sərnişin çoxdur. Pik saatda avtobusa minmək özü problemə çevrilir”, – sərnişinlərdən biri deyir.

105 nömrəli avtobusdan istifadə edənlərin ən ciddi narazılıqlarından biri isə kondisioner sisteminin ümumiyyətlə olmamasıdır. Yayın istisində məsələ artıq rahatlıqdan çıxıb, fiziki dözüm məsələsinə çevrilir.
Çöldə temperatur yüksəlir, avtobusun salonunda isə onlarla insan bir-birinə sıx şəkildə dayanır. Pəncərələrdən daxil olan hava salonu kifayət qədər sərinləşdirmir. Avtobus hər dayanacaqda saxladıqca qapılar açılır, bir neçə saniyəlik hava dəyişir, sonra yenidən qapılar bağlanır. Və yol davam edir...İnsanlar istidə tərləyir, yorulur, nəfəs almaq çətinləşir.
Sərnişinlər hesab edirlər ki, xüsusilə yay aylarında ictimai nəqliyyatda kondisioner artıq lüks yox, zəruri tələbatdır. 40 dəqiqəlik yol 1 saatdan çox çəkir. Sakinlərin digər ciddi narazılığı isə marşrutun hərəkət sxemi və yolun uzunluğudur. Onların sözlərinə görə, əvvəllər Balaxanı–"Koroğlu" metrosu istiqamətində fəaliyyət göstərən marşrut olub. Sonradan bu istiqamət ləğv edilib. Hazırda isə 105 nömrəli avtobus Balaxanı–Bakıxanov qəsəbəsi-"Neftçilər" metro stansiyası istiqamətində hərəkət edir.

Sakinlər bildirirlər ki, marşrutun hazırkı sxemi yolun uzanmasına səbəb olub. Marşrut əslində bu məsafəni 40-45 dəqiqəyə getməlidir. Ancaq əksər vaxt bu, 1 saat və daha artıq olur. Çünki yollar dardır və düzgün seçilməyib.
Sərnişinlərin bir qismi məcburiyyət qarşısında taksidən istifadə edir. Avtobus gecikir, dolu olur, yol uzun çəkir – insan işə gecikməmək üçün taksi çağırır. Amma bu, hər gün davam etdirilə biləcək çıxış yolu deyil: “Bəzən məcbur olub taksi çağırırıq. Amma hər gün taksi ilə getmək mümkün deyil. Bir gün, iki gün olar. Hər gün gediş-gəlişə əlavə pul verməyə adamın imkanı çatmaz. Bəs bu yazıq camaat nə etsin?” – Balaxanı sakini deyir. Bu sual əslində 105 nömrəli avtobusdan istifadə edən yüzlərlə sərnişinin ümumi narazılığını ifadə edir.
Onlar xüsusi nəqliyyat tələb etmirlər. Sadəcə vaxtında gələn, sərnişin tutumuna uyğun, yayda insanı istidə qoymayan və mümkün qədər qısa müddətdə mənzilə çatdıran ictimai nəqliyyat istəyirlər. Çünki səhər evdən çıxan insan üçün avtobus sadəcə nəqliyyat vasitəsi deyil. Onun işə vaxtında çatması, axşam evinə nə qədər tez qayıtması, gün ərzində nə qədər vaxtını yolda keçirməsi məhz bundan asılıdır. Balaxanı sakinləri isə hələ də eyni sualı verirlər: Avtobus dəyişibsə, bəs niyə sərnişinin dərdi dəyişməyib?

Şahanə Rəhimli
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ