İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratik hin

“Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”

(Azərbaycan ata sözü)

Rusiyada evdə, həyət-bacada toyuq-cücə, hinduşka, ümumiyyətlə heyvan saxlamaq haqda yeni qaydalar qüvvəyə minib, bu isə vətəndaşları həyəcanlandırıb. Deyirlər gərək toyuqları uçota aldıraq. 10 toyuqdan çox saxlasan, qeydiyata düşməliymiş. Ukraynanın işğalında 1 milyona yaxın insan itkisi verən rusiyalıların toyuqlara görə narahat olmağı da başqa temadır.

Bəs bizdə vəziyyət necədir? Məşhuri-cahan “Böyürtkən qanunu”muzdan sonra toyuq uçotunu tətbiq edə bilərikmi? Bu isə hökumət-xalq münasibətlərində yeni təşvişə, sıxıntıya, incikliyə səbəb olarmı? Papaqdan təzə qafiyə çıxmışdırmı?

Sizə acı xəbər verim: əslində bizdə oxşar qaydalar çoxdan var və hətta Rusiyadakından daha mütərəqqidir. Məsələn, bizdə 1 it, 2 pişik, 50 toyuq, 20 qaz və sairə saxlasan dövlət orqanlarına məlumat verməyə borclusan. Yəni rusların 10 toyuğu dəftərə düşürsə, bizdə bu say 50 toyuğa çatır. 49 toyuq saxlasan, buyur, kef elə. Yalnız 50-ni keçəndə toyuqlara pasport almalıyıq. (Zarafat edirəm, qorxmayın, pasport lazım deyil. Yalnız yerli icra orqanına, veterinara-zada demək lazımdır, gəlib sayır, sənəd verir, vəssalam. Hər 50 toyuğa görə icra hakimiyyətinə həftədə 5 yumurta göndərməliyik. Bu da zarafat idi, hələlik tək yeməyə icazəmiz var).

Lakin indiyəcən bu qanun-qaydanın hansısa tətbiqinə rast gəlmisinizmi? Yox. Kağız üzərində qalır, sadəcə. Hökumətimiz heyvan azadlıqlarına və o cümlədən, toyuqların sərbəstliyinə olduqca demokratik, müsbət yanaşır. Hələ indiyəcən bir nəfərin toyuğuna “kiş” deməyiblər.

Toyuq hələ yaxşıdır, məsələn, müəyyən itlər (ovçarka, doberman-filan) var ki, onları saxlayan adam qapısına, darvazasına “burda təhlükəli it var” tipində lövhə vurmalıdır. Bu barədə əski baş nazirimiz Artur müəllimin hələ uzaq 2011-ci ildə imzaladığı qərar vardır. Belə lövhəyə rast gəlmisinizmi? Bu da, yox. Əksinə, camaat ovçarkaları, haskiləri, dobermanları açıb küçəyə buraxır. Abşeron yarımadasının bəzi kənd yerlərində isə iti... küçəyə bağlamaq kimi əcaib adət var. İt orda Günəşin, qarın, yağışın altında qalıb zəncir gəmirir, gələnə-gedənə hürür. Məlum deyil heyvanı bu cür işgəncə altında saxlamaq manyakların nəyinə lazımdır. İti sevirsən, evdə saxla. Həyətinə burax. Nə bilim, qucağında gəzdir. Yoxsa küçəyə bağlamaq... Bilmirəm, yəqin ki, ictimai əraziyə, küçəyə, yola it bağlamaq yalnız Azərbaycanda rast gəlinən haldır.

Yuxarıda qeyd elədiyim kimi, bu da heyvanlara münasibətdə demokratiyanın göstəricisidir, bəlkə də. Çünki hansısa insan özünü küçəyə bağlasa, polis gəlib onu qanunlara əməl etməyə dəvət edər, xalqın istirahətini pozmaqdan çəkindirər. İt bağlayanda isə buna qarışmırlar.

Mövzu açılmışkən, bugünlərdə ən böyük müsəlman dövləti İndoneziyada hökuməti, dövlət başçılarını tənqid və təhqir etməyə qoyulan qadağa ləğv olunmuşdur. Yaxşı haldır, hökumət hər cür tənqid edilməlidir. Bunu xüsusi yazdım ki, mən müsəlman dövlətlərinin geridə qalmağını adətən tənqid edirəm, ancaq müsbət şeylər də olur. Məsələn, Əfqanıstanda tam tərs proseslər gedir. Taliban rejiminin yazıq əfqanların başında əkdiyi turpların növü, tipi, sortu hər gün yenilənir, ən son qərar isə... etiraz aksiyalarının ümumiyyətlə qadağan edilməsi barədə idi. Talibanın mətbuat katibi (bu ifadənin öz-özlüyündə nə qədər gülməli olduğunu təsvir etmək belə çətindir – Z.H.) Zəbihulla Mücahid müəllim bunu belə izah edib ki, etiraz aksiyaları demokratiya, respublika tipli dövlətlərə aid haldır, islam dinində hökumətə etiraz etmək ağır günahlardan biridir.

Əlbəttə. Heç şübhə etmirik, əlhəmdüllah. Uca Allah bizi də hökumətə etiraz kimi günahlara batmaqdan hifz etsin, amin, yazdı Zamin...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR