İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "Putin siyasəti"ni niyə israrla təkrarlayır: ABŞ Rusiyanın acınacaqlı taleyini yaşamağa məhkum edilir

ABŞ-ın siyasi elitasında olan qənaətlərə görə, Tramp administrasiyası indi vaxt itirmədən narazı amerikalı seçicilərin sərt suallarına mütləq düzgün cavablar axtarıb, tapmalıdır... Bu baxımdan, böhrana sürüklənən ABŞ iqtisadiyyatı ilə yanaşı, Tramp administrasiyasını da yaxın aylarda böyük təhlükələrin gözlədiyi qətiyyən şübhə doğurmur...

ABŞ-ın son iqtisadi hesablamaları müəyyən təhlükəli nəticələrə də yol açmağa başlayıb. Belə ki, ABŞ iqtisadiyyatına qarşı eyni vaxtda iki faktor üzrə ciddi təzyiq istiqaməti formalaşmaqdadır. Yəni, bir tərəfdən enerji resurslarının qiyməti sürətlə bahalaşır. Və digər tərəfdən isə ölkənin federal büdcənin kəsiri əvvəlki proqnozlardan daha yüksək həddə yaxınlaşır.

Onu da qeyd etmək lazımdır ki, bu iki proses ilk baxışdan, bir-birindən ayrı görünür. Ancaq əslində, onların hər ikisi ABŞ iqtisadiyyatının üzləşdiyi daha böyük problemin – xərclərin, inflyasiyanın və digər təzyiqlərin artmasının müxtəlif tərəflərini də göstərir. Çünki ABŞ-da enerji qiymətindəki artım artıq ölkədaxili siyasi problemə çevrilməkdədir. Bəzi məlumatlara görə, Yaxın Şərq savaşının başlanmasından sonra ABŞ-da dizelin orta qiyməti 43 faiz yüksələrək, gallon üçün 5,37 dollara çatıb. Halbuki, həmin dövrdə dünya bazarlarında neftin qiymətində müəyyən ucuzlaşma müşahidə olunurdu.

Deməli, ABŞ-da mövcud olan problemin mənbəyi yalnız xam neftin bahalaşması ilə bağlı deyil. Çünki ABŞ-da yanacaq ehtiyatlarının aşağı düşməsi, emal gücünün azalması və Rusiyanın neft məhsullarının ixracına tətbiq etdiyi məhdudiyyətlər də enerji bazarına ciddi təsir göstərir. Enerji bahalaşması isə adi istehlakçı üçün sadəcə, yanacaqdoldurma məntəqəsində daha yüksək ödəniş demək deyil. Çünki xüsusilə də, dizel ABŞ iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunur. Kənd təsərrüfatı texnikası, yük maşınları, logistika və sənaye daşımalarının böyük hissəsi məhz dizeldən asılıdır.

tr-amerika-3.JPG (42 KB)

Ona görə də, yanacağın bahalaşması ərzaqdan tutmuş məişət məhsullarına qədər geniş istehlak səbətində tədricən qiymət artımına çevrilə bilər. Başqa sözlə, dizel bahalaşdıqca, yalnız fermerlərin və yükdaşıyan şirkətlərin xərcləri artmır. Bu, həm də ümumi xərc zəncirinin bütün halqalarına ötürülür və nəticədə istehsal olunan məhsulun son qiymətini də yüksəldir. Belə vəziyyət isə ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Ağ Ev üçün xüsusilə həssas məsələdir.

Məsələ ondadır ki, amerikalı seçici üçün ABŞ-ın makroiqtisadi göstəricilərindən daha çox gündəlik xərclərin artması əhəmiyyətlidir. Yəni, anacaqdoldurma məntəqəsində daha yüksək qiymət görən, ərzaq mağazasında daha çox pul ödəyən və kommunal xərcləri artan vətəndaş üçün iqtisadiyyatın “ümumi vəziyyəti” barədə rəsmi statistikadan daha güclü mesaj yoxdur. "Financial Times"ın hesablamalarına görə, Yaxın Şərq savaşının başlanmasından sonra amerikalı ailələr benzin və dizel üçün hər ay adi səviyyədən artıq 600 dollardan çox vəsait xərcləyiblər. Və bu isə inflyasiyanın yenidən sürətlənməsi ilə bağlı narahatlıqları artırır.

Ancaq ABŞ iqtisadiyyatındakı problemlər yalnız enerji bazarındakı bahalaşma ilə məhdudlaşmır. Belə ki, ölkənin federal büdcəsi ilə bağlı son hesablamalar da Ağ Evin maliyyə imkanları üzərində təzyiqin artdığını göstərir. Məlumata görə, 2026-cı ildə ABŞ-da büdcə kəsirinin fevral ayında verilmiş proqnozdan təxminən 200 milyard dollar daha yüksək olması gözlənilir. Bunun əsas səbəblərindən biri isə məhz gömrük rüsumları və digər yığımlar üzrə daxilolmaların gözləniləndən 250 milyard dollar daha az olması ilə bağlıdır.

Eyni zamanda, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyuluna qədər ABŞ-ın federal hökumətinin xərcləri 6,2 trilyon dollara çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 209 milyard dollarlıq artım deməkdir. Sosial ödənişlərin genişlənməsi də federal xərclərin yüksəlməsində mühüm rol oynayır. Beləliklə, Ağ Ev bir tərəfdən, iqtisadi fəallığı qorumağa, sosial xərcləri maliyyələşdirməyə və büdcə gəlirlərini artırmağa çalışır. Digər tərəfdən isə artan xərclər və zəifləyən büdcə daxilolmaları arasında sıxışaraq, maliyyə böhranı ilə üzləşib.

tr-amerika-2.JPG (42 KB)

Amerikalı iqtisadçılar hesab edirlər ki, ABŞ üçün hazırda əsas təhlükə fiskal siyasətin sadəcə, “planı doldurmaq” məntiqinə çevrilməsidir. Onların fikrincə, dövlət büdcəsi üçün daxilolmaların artması, əlbəttə ki, müsbət göstəricidir. Ancaq vergi və rüsumların həddindən artıq artırılması biznesin investisiya imkanlarını məhdudlaşdırırsa, istehlakı zəiflədirsə və iqtisadi fəallığı aşağı salırsa, qısamüddətli fiskal qazanc uzunmüddətli iqtisadi itkiyə çevrilə bilər.

Ona görə də, amerikalı iqtisadçılar Tramp administrasiyasına xəbərdarlıq edirlər ki, iqtisadiyyat sadəcə, büdcəyə pul yığmaq mexanizmi deyil. Vergi ödəyən biznes istehsal etməli, işçi çalışmalı, istehlakçı gəlir əldə etməli və investisiya qoyulmalıdır. Bu zəncir qırıldıqda dövlətin gəlirləri də gec-tez azalır. Və ona görə də, Ağ Ev iqtisadi siyasətdə məhz bu sərhədi qorunmaq barədə düşünməlidir.

ABŞ ekspertləri hesab edirlər ki, Tramp administrasiyası indi dövlət üçün büdcəyə əlavə vəsait toplamağın asan görünməsinə qətiyyən aldanmamalıdır. Çünki həmin vəsait biznesin dövriyyəsindən, investisiyadan və istehlakdan çıxarılırsa, sabah iqtisadi artım zəifləyə və vergi bazası da darala bilər. Yəni, Ağ Evin vergi ödəyicisini sadəcə, pul çıxarılan “bankomat” kimi yanaşması ABŞ iqtisadiyyatının gələcəyi üçün çox təhlükəlidir.

tr-amerika-1.JPG (43 KB)

Maraqlıdır ki, amerikalı iqtisadçılara görə, enerjinin bahalaşması, inflyasiya riski, büdcə kəsirinin artması və dövlət xərclərinin genişlənməsi ABŞ-ın artıq sadəcə, yalnız müzakirə edilən texniki problem ilə üzləşmədiyini göstərir. Yəni, ən azından Tramp administrasiyası üçün bu, birbaşa və olduqca ciddi siyasi məsələdir. Çünki aralıq seçkiləri ərəfəsində amerikalı seçicilər üçün statistik rəqəmlərdən daha vacib olan və ayın sonunda cibində nə qədər pul qalacağı ilə bağlı sadə suallar mövcuddur.

ABŞ-ın siyasi elitasında olan qənaətlərə görə, Tramp administrasiyası indi vaxt itirmədən amerikalı seçicilərin bu suallarına mütləq düzgün cavablar axtarıb, tapmalıdır. Əks halda, Ağ Evin büdcə planlarının kağız üzərində yerinə yetirilməsi barədə yayacağı statistik məlumatlar belə, siyasi və iqtisadi problemləri qətiyyən gizlədə bilməyəcək.

Bu baxımdan, ABŞ iqtisadiyyatı ilə yanaşı, Tramp administrasiyasını da yaxın aylarda böyük təhlükələr gözlədiyi qətiyyən şübhə doğurmur. Çünki Ağ Ev Kremlin "savaş siyasəti"ni eynilə təkrarlayaraq, ABŞ-ı Rusiyanin acınacaqlı taleyini yaşamağa məhkum edir. Və ona görə də, Tramp administrasiyasının hazırda ilk növbədə ABŞ-ın Yaxın Şərqdə düşdüyü dərin "savaş bataqlığı"ndan çıxarılması barədə düşünməsinə ehtiyac olmamış deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR