İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın diqqəti Bakıya yönəlir: 5 gün...

Gələn həftə Azərbaycanda beynəlxalq iqlim gündəminin əsas tədbirlərindən biri keçiriləcək.

Musavat.com xəbər verir ki, paytaxt Bakı sentyabrın 7-dən 11-dək 4-cü İqlim Həftəsinə (CW4) ev sahibliyi edəcək.

Qeyd edək ki, bu tədbir hökumətlərarası prosesləri praktiki iqlim tədbirləri ilə əlaqələndirməklə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) və Paris Sazişinin icrasına dəstək verən UNFCCC İqlim Həftələri silsiləsinin tərkib hissəsidir. Əsas məqsəd Paris Sazişinin və milli iqlim öhdəliklərinin həyata keçirilməsini sürətləndirmək, yaşıl iqtisadiyyat, iqlim adaptasiyası və dayanıqlı inkişaf istiqamətində müzakirələr aparmaqdır.

Proqrama Tərəflər Konfransının (COP) və Paris Sazişi üzrə orqanların müvafiq mandatları əsasında təşkil olunan bir sıra UNFCCC mandatlı tədbirlər daxildir.

HNEzTjGNd9VJsmJxYsjhGyFTTKMRbL2zBhLz6vml_1200.jpg (81 KB)

Tədbirin əsas məqsədlərindən biri həm də iqlim dəyişmələri ilə mübarizə, yaşıl keçid və iqlimə davamlı inkişaf istiqamətində hökumətlər, biznes, maliyyə sektoru, elm və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirməkdir. Beşgünlük proqramda iqlim dəyişmələrinin təsirlərinin azaldılması, uyğunlaşma və dayanıqlılığın artırılması ilə yanaşı, yaşıl texnologiyalar, dayanıqlı maliyyə, iqlim təhsili və yaşıl bacarıqlar, dairəvi iqtisadiyyat və “Zero Waste”, yəni sıfır tullantı yanaşmaları da müzakirə olunacaq. Bu da o deməkdir ki, tədbir təkcə müzakirə platforması deyil, həm də konkret layihələrin, texnoloji həllərin və investisiya imkanlarının təqdim edilməsini ehtiva edir.

WhatsApp Image 2026-09-04 at 16.13.28.jpeg (26 KB)

Ən mühüm tədbirlərdən biri siyasətçiləri, özəl sektor nümayəndələrini, yerli hakimiyyət orqanlarını, gənclər və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək iqlim tədbirlərinin icrasının sürətləndirilməsi yollarının müzakirə edildiyi, praktiki və həllərə yönəlmiş İcra Forumudur.

Həmçinin, COP29-un irsinə əsaslanaraq, eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) keçiriləcək. Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) Azərbaycanın iqlim gündəliyinin təşviqi və iqlim fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bu, dövlət və hökumət, beynəlxalq təşkilatlar, özəl sektor, maliyyə institutları, vətəndaş cəmiyyəti, akademik dairələrin nümayəndələri və digər maraqlı tərəfləri bir araya gətirərək iqlim dəyişmələri, yaşıl keçid, dayanıqlı maliyyələşmə və innovativ iqlim həlləri üzrə müzakirə və əməkdaşlıq imkanları yaradan platformadır.

Proqramda nələr olacaq?

BCAW 2026 çərçivəsində iqlim siyasətinin müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli müzakirələrin keçirilməsi nəzərdə tutulur. Proqramda enerji, maliyyə, iqlim dəyişmələrinə uyğunlaşma, kiçik və orta sahibkarlıq (KOB) və ədalətli keçid məsələləri ilə bağlı siyasət dialoqları yer alacaq. Bu müzakirələrdə dövlət qurumları ilə yanaşı, biznes və maliyyə sektorunun nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin digər mühüm istiqaməti müxtəlif sektorlar üzrə dəyirmi masaların təşkil olunmasıdır. Eyni zamanda qlobal və regional iqlim öhdəliklərinin həyata keçirilməsinə dəstək verəcək yeni tərəfdaşlıqların yaradılması da planlaşdırılır.

Musavat.com tədbirin rəsmi saytına istinadən xəbər verir ki, spikerlər siyahısında 60-dan çox şəxsin adı yer alıb.

Siyahıda Azərbaycan dövlət qurumlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının, özəl şirkətlərin, biznes və vətəndaş cəmiyyəti strukturlarının geniş təmsilçiliyi diqqət çəkir.

Spikerlər arasında COP29 Prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Milli Məclisin deputatı, COP29 üzrə Yüksək Səviyyəli Çempion Nigar Arpadarai, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər yüksək vəzifəli azərbaycanlı rəsmilərin adı var.

İştirakçılar arasında beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri də var: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı katibi Saymon Stil, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyin (IRENA) baş direktoru Françesko la Kamera, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rosbax, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) nümayəndəsi Petra Şvager siyahıda yer alan beynəlxalq qurum rəsmilərindəndir.

Eyni zamanda Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-in Ətraf Mühit Proqramı (UNEP) və onun çərçivəsində fəaliyyət göstərən İqlim və Təmiz Hava Koalisiyası (CCAC) kimi beynəlxalq qurumların nümayəndələri də tədbirdə təmsil olunacaq.

1_l3011taLFU062nN3UgX6Uw-390x220.jpg (20 KB)

İqlim həftələrinin diqqətçəkən cəhətlərindən biri inklüzivlikdir. Belə ki, iqlim siyasətində gənclərin, qadınların, akademik dairələrin, vətəndaş cəmiyyətinin və yerli icmaların iştirakının artırılmasına xüsusi diqqət ayrılır.

Dövlət rəsmiləri və diplomatlarla yanaşı, beynəlxalq təşkilatların rəhbərləri, enerji və maliyyə sektoru üzrə ekspertlər, şirkət rəhbərləri, iqlim və şəhərsalma üzrə mütəxəssislər, kənd təsərrüfatı və rəqəmsal transformasiya sahəsində çalışan ekspertlər də siyahıya daxil edilib. Beləliklə, iqlim gündəliyi yalnız dövlət və diplomatik müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes sektoru və ekspert icması səviyyəsində müzakirə olunacaq. Təmsil olunan qurumların coğrafiyası və institusional müxtəlifliyi tədbirin regional və beynəlxalq xarakterini də ortaya qoyur.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR