Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüş keçirməyə hazır olduğunu bildirib. Lakin o, belə bir təmasın yalnız tərəflər Ukraynadakı müharibənin dayandırılması barədə saziş bağlamağa hazır olduqda baş tutacağını vurğulayıb.
Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. Bildirib ki, o, Putinlə görüşü “dərhal” təşkil edə bilərdi, lakin hesab edir ki, danışıqlar məhz sülh sazişinin bağlanması üçün real perspektivlər yaranan anda baş tutmalıdır.
Moskvanın buna reaksiyası nə olacaq? Fakt budur ki, ötən ilki Alyaska görüşü üçün Tramp Putinə heç bir ön şərt qoymamışdı. Ağ Ev Ukrayna siyasətini dəyişir?
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, hazırda Ukraynanın 1991-ci il sərhədləri çərçivəsində bərpasından danışmaq qeyri-realdır.
“Tramp bildirir ki, yerdəki reallıqları (Ukrayna ərazilərinin işğalını – red.) nəzərə almaq lazımdır. Bu, 1991-ci il sərhədlərindən danışan Avropadan köklü fərqdir. Təsəvvür edirsinizmi, hətta onların bizi sevməsini və ya sevməməsini bir kənara qoysaq belə, indi hansısa realist siyasətçi deyə bilərmi ki, Ukrayna məsələsi Ukraynanın 1991-ci il sərhədləri çərçivəsində bərpası yolu ilə həll edilməlidir?”, - Lavrov vurğulayıb.
Xarici işlər naziri qeyd edib ki, Rusiya Ukraynanı onun müstəqillik bəyannaməsi əsasında tanıyıb:
“Biz Ukraynanı onun müstəqillik bəyannaməsi əsasında tanımışdıq. Orada yazılmışdı və bu gün də yazılıb ki, Ukrayna müstəqil, neytral, bloklara qoşulmayan və nüvə silahına malik olmayan dövlət olacaq. Bütün bu prinsiplər artıq silinib”.
Bu dəyişməz mövqe də Putin-Tramp görüşünü ertələyirmi?
Donald Trampın Vladimir Putinlə görüş üçün ilk dəfə bu qədər açıq şəkildə nəticəyə bağlı şərt irəli sürməsi diqqət çəkir. ABŞ prezidenti bildirir ki, görüşün özü məqsəd deyil, yalnız Ukrayna müharibəsinin başa çatmasına dair real saziş perspektivi yarandıqda belə bir təmasın mənası var. Bu, Vaşinqtonun Moskva ilə münasibətlərində yeni siyasi məntiqin formalaşdığını göstərir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a bildirib ki, buradakı əsas məsələ Trampın Putinə şərt qoymasından daha çox, növbəti Putin-Tramp görüşünün nəticəsiz siyasi tamaşaya çevrilməsini istəməməsidir:
“İkinci ehtimal daha güclüdür. Çünki beynəlxalq siyasətdə liderlərin görüşü artıq sadəcə diplomatik hadisə deyil, həm də böyük siyasi kapitaldır. Alyaska görüşündə Trampın Putinə əvvəlcədən belə açıq siyasi şərt qoymaması Moskvanın diplomatik baxımdan daha rahat hərəkət etməsinə imkan verirdi. İndi isə Ağ Ev fərqli formula ortaya qoyur: əvvəlcə razılaşmaya yaxınlaşın, sonra prezidentlər görüşsün”.
Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton bu addımı ilə diplomatik prosesin piramidasını dəyişir:
“Əvvəllər liderlər görüşür, sonra nazirlər, nümayəndələr və ekspertlər razılaşmanın detallarını hazırlayırdı. Tramp isə indi deyir ki, əvvəlcə siyasi məzmun yetişməlidir, prezident görüşü həmin razılaşmanın zirvə nöqtəsi olmalıdır”.
Kamran Məmmədli vurğulayıb ki, Moskvanın buna etiraz etməsi gözlənilməz olmaz. Çünki Rusiya indiki mərhələdə danışıqlara qarşı olduğunu demir:
“Putin son açıqlamalarında sülh sazişi imkanından danışıb, lakin nəticənin birbaşa Rusiya və Ukraynanın özündən asılı olduğunu vurğulayıb. Amma Moskvanın “sülh” anlayışı ilə Vaşinqtonun və xüsusilə Kiyevin “sülh” anlayışı arasında fundamental fərq var. Sergey Lavrovun Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasının qeyri-real olduğunu deməsi təsadüfi siyasi bəyanat deyil. Bu, Moskvanın mümkün danışıqlara hansı başlanğıc mövqedən daxil olmaq istədiyini göstərir. Lavrov açıq şəkildə “yerdəki reallıqların” nəzərə alınmasını tələb edir və Trampın da bu məsələdə Avropanın bir sıra liderlərindən daha realist mövqe tutduğunu vurğulayır”.
Siyasi şərhçi bildirib ki, hazırda iki müxtəlif siyasi xəritə qarşı-qarşıyadır. Avropanın mövqeyi beynəlxalq hüquq, ərazi bütövlüyü və 1991-ci il sərhədləridir. Rusiya isə döyüş meydanında yaranmış yeni reallıqların nəzərə alınmasını tələb edir. Tramp hüquqi və siyasi mübahisəni illərlə davam etdirmək əvəzinə, müharibəni dayandıracaq praktik formul tapmaq təklifini irəli sürür.
“Məhz buna görə də Vaşinqtonun siyasətində müəyyən dəyişiklik hiss olunur,” – deyə Kamran Məmmədli əlavə edib.
“Bu dəyişiklik Ukraynadan imtina demək deyil. Amma Ağ Ev əvvəlki kimi müharibənin nəticəsini yalnız hərbi qələbə ilə ölçmək istəmir. Tramp üçün əsas məsələ müharibənin dayandırılması və ABŞ-nin sonsuz geosiyasi məsuliyyətinin azaldılmasıdır. Tramp administrasiyasının Avropadan Ukraynaya verilən ABŞ hərbi yardımının maliyyə yükü ilə bağlı daha çox ödəniş tələb etməsi də bu yanaşmanın başqa bir elementidir. Bu, Ağ Evin Ukrayna müharibəsinə həm təhlükəsizlik, həm də iqtisadi məsuliyyət prizmasından baxdığını göstərir”, - o qeyd edib.
Siyasi şərhçi hesab edir ki, əsas problem görüşün təşkili deyil:
“Trampın öz sözlərindən də görünür ki, o, Putinlə istədiyi anda görüşə biləcəyini düşünür. Problem isə Putinin Vaşinqtonun qəbul edə biləcəyi şərtlərlə sülhə hazır olub-olmamasıdır. ABŞ prezidentinin mövqeyi görüşü “danışmaq üçün danışmaqdan” çıxarıb, konkret nəticəyə bağlamaq istəyinə işarə edir. Burada daha ciddi bir ziddiyyət var. Rusiya tərəfi sülhdən danışır, amma eyni zamanda özünün elan etdiyi ərazi və təhlükəsizlik tələblərindən geri çəkilmədiyini nümayış etdirir. Putin isə yaxın günlərdə həm Rusiyanın döyüş meydanında üstünlük qazandığını iddia edib, həm də substantiv danışıqlara açıq olduğunu bildirib. Bu ikili mesaj Moskvanın danışıqlara zəif tərəf kimi yox, hərbi üstünlük iddiası ilə daxil olmaq istədiyini göstərir. Buna görə də Trampın şərti əslində Putinə ünvanlanan belə bir mesaj kimi oxuna bilər: “Əgər görüşəcəksənsə, sadəcə yenidən mövqe bəyan etmək üçün yox, qərar vermək üçün gəl”. Bu, ciddi diplomatik fərqdir. Əgər bu xətt davam edərsə, Moskva ilə Vaşinqton arasındakı növbəti zirvə görüşü yalnız iki liderin əl sıxması üçün keçirilməyəcək. Tramp həmin görüşün özünü sülh sazişinin və ya ən azı müharibənin dayandırılması barədə ciddi siyasi qərarın platformasına çevirmək istəyir. Lakin Lavrovun 1991-ci il sərhədləri ilə bağlı son açıqlaması göstərir ki, Moskva hələ də öz strateji mövqelərindən geri çəkilmək niyyətində deyil. Deməli, Putin-Tramp görüşünü ertələyən əsas amil görüşün tarixi deyil, sülhün qiymətidir. Tramp Putini sülh sazişinə yaxınlaşmağa məcbur edə biləcəkmi, yoxsa Moskva “yerdəki reallıqlar” arqumentindən istifadə edərək Vaşinqtonu öz şərtlərinə uyğun kompromisə çəkməyə çalışacaq? Məhz qarşıdakı diplomatik proses bu sualın cavabını verəcək”.
E.Məmmədəliyev,
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ