İnsanlara hürriyət, millətlərə istiqlal!

"102-ci bazadan çıxarıq" bəyanatı İrəvanda “türklər gəlir” şoku yaradıb

Ermənistanda Rusiyanın hərbi mövcudluğu ilə bağlı müzakirələr yeni mərhələyə keçib. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ətrafında səslənən son açıqlamalar Moskva ilə İrəvan arasındakı münasibətlərdə daha bir ciddi sual doğurur. Xüsusilə Ermənistan parlamentindəki müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyanın Rusiyanın hərbi bazasının çıxarılmasını mümkün hesab etməsi və onun yerində Türkiyə hərbi bazasının yerləşdirilə biləcəyini iddia etməsi diqqət çəkir.

Rusiya Gümrüdən çıxsa, onun yerində Türkiyə hərbi bazasının yerləşdirilməsi həqiqətən mümkündürmü?

Picture background

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a dedi ki, Cənubi Qafqazın son otuz ildəki xəritəsini formalaşdıran amillərdən biri həmişə Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazası olub: “Bu gün həmin bazanın gələcəyi ətrafında gedən müzakirələr artıq akademik fərziyyədən çıxıb, real siyasi gündəmin mərkəzinə keçib. Prezident Vladimir Putinin Ermənistanın bazaya ehtiyac duymadığı təqdirdə Moskvanın oradan "hətta sabah" çıxa biləcəyini bəyan etməsi, Nikol Paşinyanın buna etiraz etməyəcəyini bildirməsi və müxalif deputat İşxan Saqatelyanın bazanın yerinə Türkiyə hərbi obyektinin gələ biləcəyini iddia etməsi illərdir yığılan tektonik gərginliyin səthə çıxmasıdır. Putinin mesajını diqqətlə oxumaq lazımdır. Bu, Rusiyanın regiondan könüllü imtina bəyanatı deyil, əksinə, məsuliyyəti Ermənistan tərəfinə ötürmək cəhdidir: "Sizə lazım deyilsə, gedərik, amma nəticəsinə görə biz cavabdeh olmayacağıq" məntiqi. Moskva üçün Gümrü sadəcə hərbi obyekt deyil, Cənubi Qafqazda Türkiyə, Azərbaycan və Qərblə əlaqə quran İrəvan üzərində ən güclü təzyiq alətidir. Buna görə də real çıxarılma bir gündə baş verəcək proses deyil. Bu, illər çəkəcək siyasi sövdələşmələr zənciridir”.

Deputatın sözlərinə görə, Saqatelyanın irəli sürdüyü fikir Rusiya bazasının yerində Türkiyə hərbi mövcudluğu media başlıqları üçün effektli olsa da, real siyasi arxitektura baxımından çoxsaylı əngəllərlə üzləşir: “Hüquqi çərçivə hələ dəyişməyib. Mövcud saziş bazanın Ermənistanda 2044-cü ilədək qalmasını nəzərdə tutur. Rəsmi çıxarılma qərarı yoxdur. NATO üzvü bir ölkənin ordusunu birbaşa öz sərhədində, üstəlik Türkiyə sərhədinə cəmi bir neçə kilometr məsafədə yerləşən Gümrüdə görmək Rusiya üçün Ukrayna müharibəsi kontekstində praktiki olaraq qəbuledilməzdir. Bir hərbi asılılığı digəri ilə, üstəlik tarixi yaddaşda ağır iz buraxmış Türkiyə ilə əvəzləmək Paşinyan hökuməti üçün daxili siyasi baxımdan da ağır olar. İrəvanın əsl hədəfi çoxvektorluqdur, yeni patronluq deyil. Paşinyanın strategiyası Rusiyadan asılılıqdan çıxıb Avropa Birliyi və ABŞ-la əlaqələri dərinləşdirməkdir. Moskvanı Ankara ilə əvəzləmək deyil. Bununla belə, Ankara-İrəvan normallaşma prosesi və Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı irəliləyiş Gümrü məsələsinin gündəmə daha ciddi formada gəlməsi üçün zəmin yaradacaq. Yəni indi qeyri-mümkün görünən bu, orta-uzunmüddətli perspektivdə tamamilə istisna edilə bilməz. Bütün bu müzakirələrin fonunda diqqətdən kənarda qalmamalı olan həqiqət budur ki, Cənubi Qafqazın son illərdəki güc balansını Rusiya ilə Türkiyə arasındakı mücərrəd rəqabətdən daha çox, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq müəyyənləşdirir. 2020-ci il Vətən müharibəsindən sonra Bakı hərbi-siyasi baxımdan regionun ən nüfuzlu aktoruna çevrilib və bu proses son iki-üç ildə daha da sürətlənib. Zəngəzur dəhlizi məsələsi artıq sadəcə nəqliyyat layihəsi deyil, bölgənin gələcək kommunikasiya və təhlükəsizlik arxitekturasının açarlarından birinə çevrilib. Bu layihə həyata keçdiyi təqdirdə, Türkiyə-Azərbaycan oxu Ermənistan ərazisindən keçən birbaşa fiziki bağlantı əldə edəcək ki, bu da Gümrüdəki hər hansı hərbi konfiqurasiyanın da praktiki mənasını dəyişəcək”.


Picture background

N.Həmzəyevin sözlərinə görə, Bakı Ermənistanla sülh danışıqlarında təşəbbüsü əlində saxlayır və nəticə etibarilə Rusiyanın ənənəvi "arbitr" roluna ehtiyacı minimuma endirir: “Paradoksal olaraq, Moskvanın Cənubi Qafqazdakı vasitəçilik funksiyasının zəifləməsi məhz Azərbaycan-Ermənistan birbaşa dialoqunun nəticəsidir, xarici gücün "boşluğu doldurması" ilə deyil. Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı artıq elə bir səviyyəyə çatıb ki, Ankaranın regiondakı istənilən addımı, o cümlədən Ermənistanla normallaşma prosesi belə Bakı ilə əlaqələndirilmədən atılmır. Bu baxımdan, əgər gələcəkdə Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi mövcudluğu genişlənərsə, bu, Azərbaycanla sıx koordinasiya çərçivəsində, ona paralel şəkildə baş verəcək. Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ceyhan kimi infrastruktur layihələri artıq Cənubi Qafqazın enerji və nəqliyyat arxitekturasını Rusiyasız formatda qurub. Bu, Moskvanın regiondan hərbi çıxışının iqtisadi mənada da geri dönməz olacağı bir zəminin artıq mövcud olduğunu göstərir. Bu kontekstdə Gümrü bazası müzakirəsinə baxsaq, mənzərə fərqli görünür. Sual sadəcə  "Rusiyanı kim əvəz edəcək" deyil, "Azərbaycanın formalaşdırdığı yeni regional nizamda Rusiyanın hərbi mövcudluğunun ümumiyyətlə yeri qalırmı" sualıdır. Bakının artan diplomatik və iqtisadi çəkisi elə bir reallıq yaradıb ki, regionda hər hansı xarici hərbi konfiqurasiya dəyişikliyi, istər Rusiyanın çıxması, istərsə də Türkiyənin girməsi artıq Azərbaycanın maraqları və mövqeyi nəzərə alınmadan baş verə bilməz”.

Picture background

Deputat  fikirlərinə belə yekun vurub: “Gümrü bazası ətrafındakı son açıqlamalar Rusiya-Ermənistan münasibətlərinin yeni, daha kövrək mərhələyə keçdiyini göstərir. Amma bunu ikili əvəzetmə sxemi kimi sadələşdirmək səhv olardı. Real proses üçtərəfli deyil, çoxşaxəlidir. Moskvanın tədricən geri çəkilməsi, Ankaranın diplomatik fəallaşması və ən əhəmiyyətlisi Bakının artıq müzakirəsiz qəbul edilən regional lider statusu tərəfləri formalaşdırır. Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası, çox güman ki, bu üç xəttin kəsişməsində, lakin Azərbaycanın çəkisi ağır gələn tərəfi kimi formalaşacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR