Onlayn ictimai-siyasi qəzet
Son günlər bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı yayılan materiallar ciddi suallar doğurur. “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər media qurumlarında dərc olunan yazı və reportajlarda Azərbaycanın daxili siyasəti, Qarabağ məsələsi və ölkənin beynəlxalq fəaliyyəti ilə bağlı birtərəfli yanaşmalar ön plana çıxarılır. Rəsmi Bakı bu materialların bir qismini açıq şəkildə qərəzli və manipulyativ hesab edir.
Məsələ təkcə ayrı-ayrı jurnalistlərin mövqeyindən ibarət deyil. Çünki müxtəlif ölkələrdə fəaliyyət göstərən və fərqli redaksiya siyasətinə malik media qurumlarının qısa zaman intervalında Azərbaycanla bağlı oxşar mənfi narrativləri gündəmə gətirməsi informasiya məkanında koordinasiya ehtimalı ilə bağlı suallar yaradır. Azərbaycan MEDİA Agentliyi də son açıqlamasında bu prosesləri ölkənin beynəlxalq imicinə qarşı informasiya hücumunun tərkib hissəsi adlandırdı.
Burada xüsusilə diqqətçəkən məqamlardan biri hadisələrin kontekstdən çıxarılmasıdır. Məsələn, Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən yanğınla bağlı yayılan məlumatın dövlətlərarası münasibətlər müstəvisinə çəkilməsi Bakının sərt reaksiyasına səbəb olub. Hesab edilir ki, belə təqdimatlar ictimai rəyi çaşdırmağa və Azərbaycan daxilində süni narahatlıq yaratmağa xidmət edir.
Qarabağ mövzusunda da oxşar mənzərə müşahidə olunur. Ayrı-ayrı Qərb nəşrlərində regionun tarixi ilə bağlı materiallarda Azərbaycanın mövqeyinin, Birinci Qarabağ müharibəsinin nəticələrinin, işğal faktının və yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyinin kifayət qədər əks etdirilməməsi ciddi narazılıq doğurur. Nəticədə auditoriyaya Qarabağ münaqişəsinin yalnız bir tərəfinin baxış bucağından təqdim edildiyi mənzərəsi yaranır.
Azərbaycan son illərdə həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan öz mövqelərini gücləndirdikcə niyə onun haqqında mənfi informasiya kampaniyaları intensivləşir?
Məsələ ondadır ki, informasiya müharibəsi artıq klassik təbliğat vasitələrindən xeyli kənara çıxıb. İndi bir hadisənin necə baş verdiyindən daha çox, onun dünyaya necə təqdim edilməsi önəm daşıyır. Bir faktın müəyyən hissəsini seçmək, digər hissəsini kənarda saxlamaq, emosional ifadələrdən istifadə etmək və hadisəni siyasi kontekstdə təqdim etmək ictimai rəyə ciddi təsir göstərə bilər.
Azərbaycanın qarşısında isə mühüm vəzifə dayanır, belə kampaniyalara yalnız siyasi bəyanatlarla deyil, faktlarla, operativ informasiya ilə və peşəkar beynəlxalq kommunikasiya ilə cavab vermək...
Çünki informasiya savaşında susmaq da mövqedir. Əgər Azərbaycan öz mövqeyini beynəlxalq auditoriyaya vaxtında və peşəkar şəkildə çatdırmasa, yaranan boşluğu başqalarının narrativləri dolduracaq.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Azərbaycanın regionda orta güc kimi mövqeyini möhkəmləndirməsi bir sıra Avropa dövlətlərini, eləcə də erməni lobbisinin müəyyən dairələrini ciddi şəkildə narahat edir:
“Bu kampaniyanın əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesinə, Cənubi Qafqazda normallaşmaya və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə mane olmaqdır. Eyni zamanda, Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi də bəzi geosiyasi mərkəzləri narahat edir. Bu, müxtəlif mərkəzlərin eyni istiqamətdə informasiya kampaniyasıdır. Cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəni orta gücə çevirib. Burada erməni lobbisinin fəaliyyəti, Fransanın Azərbaycana və Cənubi Qafqaza münasibətdə siyasəti və Rusiyanın regiondakı geosiyasi maraqları müəyyən mənada üst-üstə düşür. Əsas məqsəd Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi və geoiqtisadi reallığı qəbul etməməkdir. Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da güclənməsi isə regionda yeni siyasi və iqtisadi düzənin formalaşmasına səbəb olub. Azərbaycanın nəqliyyat, enerji və geosiyasi əhəmiyyətinin artması fonunda ona qarşı informasiya təzyiqlərinin də güclənməsi təsadüfi deyil. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkənin siyasi, iqtisadi və hərbi imkanlarının güclənməsi ona qarşı yönələn mümkün təxribatlara daha adekvat cavab vermək imkanlarını da artırır. Buna görə də həyata keçirilən hər hansı informasiya və hibrid təzyiq kampaniyasının Azərbaycanın strateji kursuna ciddi təsir göstərəcəyi real deyil. Təbii ki, Azərbaycan daxildə milli həmrəyliyi qorumalı və bir çox sahələrdə real islahatlar həyata keçirməli, xalqın sosial vəziyyəti yaxşılaşmalıdır”.
Cavanşir Abbaslı
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ