İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də üzərində Trampın əksi olan 1 dollarlıq sikkə buraxılıb

Bu günlərdə ABŞ zərbxanası üzərində Trampın portreti olan 1 dollarlıq kolleksiya sikkəsi buraxıb. Nəticədə, o, 100 il ərzində portreti Amerika valyutasında olan ilk sağ ABŞ prezidenti olub. Sikkə ABŞ-nin 250 illiyinə həsr olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, zərbxana 25 sikkə dəstini 61 dollara, 100 sikkədən ibarət çantanı isə 154,50 dollara satışa çıxarıb. Bir neçə saat sonra zərbxananın veb saytında sikkələrin "hazırda əlçatan olmadığı" barədə mesaj peyda olub.

Zərbxana izah etib ki, Trampın şəkli olan sikkə "bu tarixi mərhələni qeyd etmək" çərçivəsində buraxılıb və "müasir kolleksiyalara gözəl bir əlavə" olmaq üçün nəzərdə tutulub. Sikkələr Vaşinqtondakı satış avtomatlarında da satılır.

Onlar qızıl sikkələrə bənzəyirlər, amma əslində tərkibində qızıl yoxdur: Sikkənin 88,5 faiz mis, qalan hissəsi isə sink, manqan və nikel olan ərintidən hazırlanır.

Bu ilin may ayında ABŞ maliyyə naziri Skott Bessant ABŞ-nin 250 illiyini qeyd etmək üçün Donald Trampın təsvir olunduğu 250 dollarlıq əskinas buraxmağı planlaşdırdığını açıqlayıb.

ABŞ federal qanunu əskinaslarda canlı insanların təsvirini qadağan edir. Tramp tərəfdarları Konqresdə öz kumirləri üçün istisna hal yaratmaq məqsədilə qanun layihəsi təqdim ediblər, lakin onun qəbulu dayandırılıb.

Yeni əskinas üçün planlarını açıqlayan Skott Bessent xatırladıb ki, ABŞ prezidentinin portreti artıq onun sağlığında Amerika pullarında peyda olub: ABŞ müstəqilliyinin 150 illiyi şərəfinə buraxılan yarım dollarlıq sikkədə prezident Kalvin Kulic təsvir olunub.

Prezident Trampın təsvirinin pul üzərində yerləşdirilə biləcəyini sübut etmək üçün onun administrasiyası ilk prezidentlik dövründə qəbul edilmiş 2020-ci il tarixli "Dövriyyədə olan kolleksiya sikkələrinin yenidən buraxılması haqqında" qanuna da istinad edib.

Bu qanun hazırda sağ olan insanların təsvirlərinin sikkələrin arxa tərəfində yerləşdirilməsini qadağan edir, lakin ön tərəfində (averse) yerləşdirilməsini yasaqlamır. Trampın portreti yeni 1 dollarlıq sikkənin ön tərəfində yerləşdirilir.

Bir şəxsin portretinin ABŞ valyutasında sağ ikən yerləşdirilməsini qadağan edən başqa bir qanun da var - bu, 1866-cı il Tayer düzəlişidir, lakin bu, sikkələrə deyil, əskinaslara aiddir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR