Onlayn ictimai-siyasi qəzet
Son günlərdə ən çox yadda qalan güman ki, V.Putinin dedikləri oldu: “Əgər Ermənistan hesab edirsə ki, bizim hərbi bazalarımız onlara lazım deyil, biz günü sabah oradan getməyə hazırıq.”
Bundan bir az əvvəlsə erməni baş naziri demişdi ki, Rusiya Ermənistanı KTMT-dən çıxarsa, buna yalnız şad olarıq. Bir az əvvəl biz də yazmışdıq ki, Kreml İrəvanı KTMT-dən uzaqlaşdırsa ona böyük xidmət göstərmiş olar.
Nümunə-misal üçün uzağa getmək lazım deyil. Mərkəzi Asiyanın dövlətləri dəfələrlə belə ediblər: gələnlər də olub, gedənlər də, amma bu üzü qara Dünya dağılmayıbdır.
Həm də bu vaxta qədər gələnlər-gedənlər haqqında eşitmişik, amma qovulanlardan xəbərimiz olmayıb, çünki deyəsən belə bir mexanizim yoxdur, ya da hələki heç kimə tətbiq edilməyib. Əlbəttə, bunu yoxlamaq elə də çətin deyil, amma yorulmuşuq, Rusiya hamını yorubdur.
Ümumiyyətlə, hakimiyyətdən yorulmayanalar hakimiyyətdən yazanları əməlli-başlı yordular, nə həvəs qalıbdır, nə də imkan, onlar cavanlaşmaqda, bizsə qocalmaqda davam edirik, halbuki bunlar guya ki, millətin dərdini çəkir, bizsə özümüzün və ailəmizin...
Bu həftə yenə ŞƏT səviyyəsində toplaşmışdılar. Nə etdilər? Nəyə nail oldular? Bəlkə kimsə bilir, amma mən bir şey bilmirəm. Rusiyanın da, onun ətrafına toplaşanların da səhvi bilirsinizmi, nədədir? Bunlar elə bilirlər ki, yetər bir yerə toplaşsınlar, dərhal Aİ və ya NATO olacaqlar. Burada iki misal yadıma düşür.
Birincisi Üzeyir bəydəndir. Bəli, adam yazırdı ki, başqaları nəsə düzəldəndə biz yatırıq. Onlar fil düzəldəndə hövlanak ayrılırıq. Dərhal istəyirik biz də o fildən düzəldək. Amma alınmır. Bir az balacasını düzəltməyə cəhd edirik. O, da alınmayanda kor - peşiman evlərimizə dağılırıq, yuxumuzun ardını görməyə.
İkincisi öz təcrübəmizdəndər. Bir vaxt bizim müxalifət də gündə bir “birlik” yaradırdı. Bezdik və axırda yazdıq ki, yetər siyasi kombinatorika ilə məşğul olmaq! Eyni təşkilatlardan nə qədər müxtəlif birlik yaratmaq olar axı!..
İndi Rusiya da bunu edir. Gah ŞƏT, gah BRİCS yaradır, bundan əvvəl MDB, KTMT yaratdı, sonra AİB qurdu. Hamısı da faydasız! Elə bilirlər ki, Aİ qurmaq asandır. Yarım əsr lazım oldu bunun üçün! Üstəlik, hələ də gileylənirlər ki, təşkilat az qala iki mərtəbəlidir- bir hissəsi çox varlı, digəri isə kasıbdır. Bunlar nə edir? Burada tərsinədir, çalışırlar ki, elə belə də olsun – biri çox varlı olsun, qalanları kasıb, daha belə fərqlilik onlara əzab vermir. Həm də toxun acın ətrafında nə işi var?..
O ki qaldı Ermənistana, Kremlin imkanları məhduddur. Orada hansısa münaqişə ocağı yoxdur. Bu ölkə ilə sərhədləri yoxdur. İrəvan onun üçün ağır yükdür, çukça deyillər ki, bir sürü maral verib desinlər gedin otarın!
Vaxtilə SSRİ-nin ən böyük səhvi Baltik ölkələrini özünün tərkibinə qatmağı oldu. İndi Ermənistan da onun üçün baş ağrısından savayı şey deyil. Kremlin ona təklif etməyə və göstərməyə nəyi qalıbdır ki? Yalnız dəyənək...
SSRİ-nin son illərində deyilirdi, hətta yazılırdı ki, Kreml özü onun dağılmasında maraqlıdır, çünki ruslar bir xalq kimi digər xalqların içində əriyib yox olurdular, digər xalqların passionarlığı daha böyük idi, onlar hər şeydə önə çıxır, hər şeyi ələ keçirirdilər. Bu, əvvəlki imperiyalarda da olmuşdu–hamısı böyük qazan kimi idi, hər şeyi öz içlərində əridirdi...
Şəxsən mənə elə gəlir ki, Kreml diqqətini Ukraynaya və Belarusa nahaq dikməyib, onları həqiqətən özününkü bilir. Bəs bu iki ölkə necə? Belarus ziyalıları özlərini fərqli xalq sayır, Ukraynadan isə danışmağa dəyməz, hər şey göz qabağındadır, ruslar az qala bir milyon adam itiriblər.
Elə bu səbəbdən Putinin Ermənistanla bağlı belə sülh tonunda danışmasına inana bilmirsən. Amma bir xeyli misal-nümunə var. Ən böyük misal da Ukraynadır. Əlbəttə, Ermənistan Rusiya qarşısında beş il duruş gətirə bilməz, söhbət bundan getmir. Ondan gedir ki, Putinin bu günlərdə daha bir etirafı da oldu: təxminən dedi ki, Ukraynadan elə-belə, əliboş getsə, onu asarlar...
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ