Onlayn ictimai-siyasi qəzet
Yaxud giriş haqqında
Son zamanlar paytaxtımızda qəribə hal müşahidə olunmaqdadır: ya şəhər rəhbərliyi, ya da hansısa tikinti şirkəti camaatın mənzilə girişini bağlayır, onları hansısa icazələrlə evə buraxırlar. Məsələn, dünən bir informasiya gördüm, orada adam deyirdi ki, tikinti şirkəti qonşuluqda ərazi alıb, lakin mənim evimi də çəpərləyibdir, indi məcburam hər dəfə evə girəndə tikintinin mühafizəçisindən icazə istəyim, belə şey olarmı, bəs qanun hanı, görəsən, dünyaya nöş gəlir insan, bu nə bəladı düşmüşük Allah, bizləri çaşdırdı cavanlıq, indi çəkirik ikimiz ah və sairə.
Əlbəttə, “bəs qanun hanı” ifadəsindən sonrakı hissə fəqir bəndənizin fantaziyasının məhsuludur, vətəndaşlarımız siyasətə qarışmır. Mən isə, əlaqədar orqanlardan üzr istəyirəm, “qanun” sözü görən anda ilhama gəlirəm, xəyallarım qanadlanır. Özümdən asılı deyil. Hamısı ana yurdumuzun çiçəklənməsi ilə əlaqədardır. (Bunun özü də maraqlı haldır, “əlaqədar” yazan kimi “orqanlar” yadımıza düşür. Çünki bunların biri olmasa, o biri də olmaz).
Hüquq və qanunlar vacibdir. Məsələn, Putin İsrailin İrana hücumları münasibətilə görün nə deyib: “Bu hücumların heç bir hüquqi əsası yoxdur. Rusiya olaraq İranı dəstəkləyirik”. Təsəvvür elə, Putin beynəlxalq hüquqdan danışır... Deyirlər çıxışı izləyən Kursk vilayəti sakinlərindən bir neçəsi gülməkdən partlamaya düşüb. Peskov araq içdiyi yerdə çeçəyib, nemət heyf olub. Priqojin o biri dünyada mayallaq aşıb. Hətta patriarx Kirill xaç çəkib.
Vəziyyət, hal-qəziyyə belədir. Nə etmək olar ki? Atalar demişkən, malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur. Hələ gör ulu kitabımız “Oğuznamə”də nə deyir: “Təki ayranın olsun, sinək Bağdaddan gəlür qonar”. Yəni bu dəqiqə dünyada kim ayağını hara basdısa, kimin milçəyi hara qondusa, deyir bura mənimdir.
Ancaq mənzillərə icazə ilə gedilməsi konsept olaraq uğurludur, şəhərimizin gələcək inkişafı üzrə dövlət proqramlarına, Operativ Qərargahın karantin müddətinə (dünyada ən uzun karantin olaraq Ginnesin rekordlar kitabına, həmçinin Ginnes pivəsi bakalına layiq görülmüşdür) tam uyğundur. Soruş niyə, yazım.
Məsələ bundadır ki, hazırda bütün dünya uçan taksi xidmətlərinə hazırlıq görür. Niyə bakılı vətəndaşlarımız evlərinə bu cür, pəncərədən, uçaraq girməyə hazır olmasın? Bəsdir skuter sürdük. Uçmaq üçün yarananlar yerdə sürünməz!
Bu, arxitektura üzrə də yenilikdir, mənim yadıma gəlir, yazda bir qrup adam çoxqatlı binadakı mənzillərinə qalxa bilmirdi, çünki birinci mərtəbədə yaşayan kimsə birbaşa... pilləkəni sökmüşdü. Əslində burada siyasi çalar var idi, çünki pilləkən politik ədəbiyyatda yuxarı qalxmağı, siyasətə və haradasa seçkilərə qarışmağı özündə ifadə edir. Hardasa. Yəni çox da əmin deyiləm. Ümid edirəm sayın oxucularımız da belə səy-süy fikirlərə qatılmaz, qəlb rahatlığı ilə ekranlara dönüb qayınatası ilə qaçan baldızın əhvalatını izləməyə davam edərlər.
O cümlədən evə girib-çıxmaq sizin haranıza yaraşır? Girdiyiniz yerdə də qalın. Hökumət birtəhər sabitliyi qoruyur, sizin qayğınıza qalır, zəhmət çəkin, xarabanızda oturun. Əfəl şeylərsiniz. Quymaq yeyib dişi qırılan, burun qurdalayıb göz çıxaran sanki başqalarıymış... Havadan yazmıram ki? İki-üç gün qabaq fövqəladə halları çağırmışdılar, vedrənin içində qalmış uşağı çıxarırdılar. Gör ünlü bəstəkarımızın vaxtını nə cür boş işlərlə alırlar. Rəhmətliyin uşağı, vedrədə qalmaq nə deməkdir?! Hökumət üzük verir, barmaqlarından çıxara bilmirlər. Uşaqlarına vedrə-vedrə yemək paylayır, bu dəfə vedrədən çıxa bilmirlər.
Məncə, uşaqpulu buna görə verilmir. Uşaqpulu alsalar nəlbəkidə boğulanlar çoxalacaq.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ