İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeytana papış tikən

İdarədən verilən xoş xəbərə görə həkimlərin maaşı artırılmışdır. İndi onlar o qədər çox pul alırlar ki, Almaniyadan qaçıb gəlirlər, Füzuli rayonu, Aşağı Dilağarda kənd xəstəxanasında işləməyə ümid edirlər.

Biz – yəni xəstələr də bu xəbərə çox sevindik. İnşallah, sağ qalmaq üçün, daim uca hökumətimizə və onun təbabət idarəsində xidmət etmək üçün Hippokrat andı içirik.

Çünki belə işlərin, türkün sözü, həmişə iki başı olur. Başın biri işləməsə, nə mənası? Əgər həkimlərin maaşı qalxırsa, pasientlərin həyatda qalma faizi də qalxmağa borcludur. Yoxsa yıxıl, havayı yerə öl, ölkəmizdə kommunizm quruculuğu proseslərini izləmə... Çox yarıtmaz vəziyyət olardı.

Xəstələr bahalı həkimlərə layiq olmalıdır. Məsələn, əski zamanlarda həkim 5-3 qəpiyə çalışırdı, biz də yaşamaqda məna görmürdük, xəstəxanaya çatdırılmamış, elə yolda canımızı tapşırırdıq. İndi isə ən azı palataya qədər gedirik. Buna görə şəxsən öz adımdan və bu il stomatologiya ixtisasına qəbul olunan tələbələrin valideynləri adından dərin minnətdarlığımızı bildirirəm, söz veririk yutubda ancaq gülməli verilişləri izləyəcəyik.

Əlbəttə, bu temada hədis var, deyir bir nəfər gəlir peyğəmbərin qəbuluna, söyləyir ki, ya müqəddəs, uşağı neçə yaşdan tərbiyə etməliyik, qurban olduğum soruşur: “Övladımızın sinni nəmənədir?”, yani, uşaq neçə yaşındadır. (Belə söhbətlər mütləq əsrarəngiz keçməlidir, məsələn, orda “sinn” yerinə əvvəlcədən “yaş” yazsan bir oxucu bu cızmaqaranın arasını açmaz). Valideyn ərz edir ki, üzr istəyirəm, afəridgarın hökmüylə 1 umrə varid olmaq üçün hazirundur. Yenə bayaqkı qayda ilə tərcümə etsək, demək istəyir uşağın 1 yaşı var. Peyğəmbər ərz edir: “Gecikmisən, uşağın tərbiyəsi doğulan andan başlamalıdır”.

Bunu niyə yazdım? Çünki xəbərə görə Bakıda bir uşaq bağçasının pasiyentinin psixotrop maddələrlə zənginləşdirilməsi söylənilir. Valideyn hər dəfə uşağı evə gətirəndə onda qəribə hallar müşahidə edirmiş.

Bizə bu hallar barədə ətraflı bilgi verilmədiyi üçün ancaq fantaziya edə bilərik. Məsələn, uşaq İTV-də axşam xəbərlərinə baxmamış yatmaq istəmirmiş. Deyirmiş mənə ancaq böyürtkən mürəbbəsi lazımdır, cərimə-zad cəhənnəm olsun, tez gedin hardan olsa tapın. (Bu bizim yaramaz uşaqlarda köhnə xasiyyətdir, bəzisi də nənəsi qayğanaq bişirməsə yatmırdı, kənd yumurtasının qiyməti heç vecinə deyildi).

Sözgəlişi, Puşkin Danteslə dueldə yaralanıb ölümcül yatağa düşəndə son arzusunun məhz böyürtkən mürəbbəsi yemək olduğunu bilirdinizmi? Demək, güllə adamın gözünü tutanda ölümdən və cərimədən də qorxmur.

İndi prokurorluq araşdırma aparır ki, uşağa bağçada hansı psixotrop maddələr verilmişdir, məqsəd nədir, həmin maddələri orta məktəblərdə və universitetlərdə də tətbiq etsək sağlam vətəndaş yetişdirilməsi yönündə müstəqil addım atmış olarıqmı? Necə deyərlər, hamımız o uşağa veriləndən istəyirik.

Sonda cin çıxaranın həbsinə etirazımı bildirirəm. Onu bir vətəndaşın şikayəti əsasında tutublar. 3500 manatı alıb, övladına girən cini çıxaracağına söz veribmiş. Burada cin çıxıbmı, çıxmayıbmı, bəlkə çıxıb təzədən qayıdıb girib – bu haqda istintaqdan əlavə məlumat verilmir.

Hər şey mümkündür. Niyə günahsız insanı həbs edirlər? Belə edirsiniz, sabah heç kim cin çıxarmayacaq, xalq cinlənəcək, qalacağıq əllərində. Nəyə lazımdır bu kimi hallar?

O cümlədən, cin çıxaran indi özünü həbsxanadan çıxarsa nə edəcəyik? Onun yerinə mən girməliyəm? Belə şeyləri nəzərə alın, xahiş edirəm.

Həbs yox, əksinə, cin çıxaranların maaşı artırılmalıdır. Həkimlərdən çox işləyirlər.

P.S. Mən özüm 35 manata şeytana papış tikirəm. Müraciət edin, kartımın nömrəsi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR