İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadaya yol verməyən sürücülərin cəzası nə olmalıdır? 

Nizamlanan (red: işıqforlu) və nizamlanmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər barədə dəfələrlə yazılar hazırlamışıq. Müvafiq dövlət qurumlarının açıqlamalarına diqqət edəndə aydın olur ki, diqqətsizlik, məsuliyyətsizlik yaxud digər səbəblərlə əlaqədar olaraq, piyada keçidlərində piyadalara yol verməyən sürücülər barədə inzibati tədbirlər görülür, qanunvericiliyin tələblərini pozan sürücülər cərimə olunur. Lakin vəziyyət hələ də qaneedici səviyyədə deyil. Mütəmadi olaraq, yollarda piyadalara yol verməyən sürücülər barədə şikayətlər səslənir.

“Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsində qeyd olunub ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.

Sözügedən maddənin digər bəndinə əsasən, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanıbsa və ya sürətini azaldıbsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

WhatsApp Image 2026-09-02 at 11.38.15.jpeg (133 KB)

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, faciələrin qarşısını almağın yolu hadisə baş verəndən sonra günahkar axtarmaq deyil, sürücünün təhlükəni əvvəlcədən görməsi və davranışını ona uyğun qurmasıdır:

“Məsuliyyətsiz sürücülər və piyada keçidlərində yaranan təhlükə barədə dəfələrlə danışmışam, yazmışam və təəssüf ki, vəziyyət dəyişmədiyi müddətdə bu mövzuya yenə qayıtmağa məcbur olacağıq. Çünki söhbət sadəcə yol hərəkəti qaydasının pozulmasından və ya 50 manatlıq cərimədən getmir, söhbət bir insanın həyatından gedir. Bu gün yollarımızda ən çox müşahidə etdiyimiz təhlükəli davranışlardan biri bəzi sürücülərin piyada keçidinə yaxınlaşarkən ümumiyyətlə sürəti azaltmamasıdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin tələbinə əsasən, nizamlanmayan piyada keçidinə yaxınlaşan sürücü sürətini lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, piyada keçidə daxil olduqda isə ona yol verməlidir. Yəni sürücü üçün piyada keçidi qəfil qarşısına çıxan bir obyekt deyil. Keçidin yeri əvvəlcədən yol nişanları və nişanlanma xətləri ilə göstərilir, sürücü bunu görərək təhlükəsiz hərəkət rejiminə keçməlidir. Bəs buna baxmayaraq niyə bəzi sürücülər piyada keçidinə sanki adi yol hissəsi kimi yanaşırlar? Məncə, burada məsələ, təkcə qaydaları bilməmək deyil. Sürücülərin müəyyən qismində yol hərəkəti mədəniyyəti, məsuliyyət hissi və digər hərəkət iştirakçısına hörmət məsələsində ciddi problem var. Sürücü anlamalıdır ki, avtomobilin sükanı arxasına keçməklə yalnız öz həyatına deyil, ətrafındakı insanların həyatına görə də böyük məsuliyyət daşıyır. Piyada keçidinə yüksək sürətlə yaxınlaşıb son anda əyləci basmaq peşəkarlıq deyil. Əksinə, təhlükəni qabaqcadan görə bilməmək və ya görüb ona əhəmiyyət verməməkdir. Xüsusilə uşaqların, yaşlı insanların, fiziki imkanları məhdud şəxslərin yolu keçmə sürəti fərqli ola bilər. Piyada sürücünün nə edəcəyini təxmin etmək məcburiyyətində qalmamalıdır. Piyada keçidinə ayaq basan insan “görəsən bu avtomobil dayanacaq, yoxsa dayanmayacaq?” qorxusu yaşamamalıdır. Piyada keçidi piyadanın özünü təhlükəsiz hiss etməli olduğu yerdir, həyatını riskə atdığı yer deyil. Daha təhlükəli məqamlardan biri də budur ki, bir avtomobil piyada keçidinin qarşısında dayananda və ya sürətini azaltdıqda qonşu zolaqdakı bəzi sürücülər bunu görüb dayanmaq əvəzinə sürətlə keçməyə çalışırlar. Qanun belə vəziyyətdə qonşu zolaqdakı sürücünün də yalnız qarşıda piyada olmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməsini tələb edir. Bu davranış piyadanı son dərəcə ağır qəza riski ilə üz-üzə qoyur. Bir sürücü piyadaya yol verir, piyada həmin avtomobilin qarşısından çıxır və digər zolaqdan yüksək sürətlə gələn məsuliyyətsiz sürücünün qarşısına düşür. Belə faciələrin qarşısını almağın yolu hadisə baş verəndən sonra günahkar axtarmaq deyil, sürücünün təhlükəni əvvəlcədən görməsi və davranışını ona uyğun qurmasıdır. İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat cərimə nəzərdə tutulur. Amma görünən odur ki, təkcə cərimə bütün sürücülərin davranışını dəyişməyə kifayət etmir. Əgər insan yalnız kamera görəndə sürətini azaldırsa, yalnız yol polisi görəndə qaydaya əməl edirsə, deməli, problem artıq təkcə inzibati məsuliyyət məsələsi deyil, sürücülük mədəniyyəti məsələsidir”.

Ekspert qeyd edib ki, ictimai qınaq da var, televiziyalarda danışılır, sosial şəbəkələrdə görüntülər paylaşılır, ağır qəzalar göstərilir, maarifləndirmə aparılır, amma yenə də eyni mənzərələrlə qarşılaşırıq. A.Nəbiyev hesab edir ki, bunun səbəblərindən biri bəzi insanlar başqasının başına gələn hadisəni özləri üçün xəbərdarlıq kimi qəbul etməməsidir:

“Qəza onların başına gəlməyənə qədər təhlükənin ciddiliyini hiss etmirlər. Halbuki sürücülükdə “mənim başıma gəlməz” düşüncəsi ən təhlükəli yanaşmalardan biridir. Mən hesab edirəm ki, piyada keçidlərinə münasibətdə nəzarət, maarifləndirmə və sürücü hazırlığı paralel aparılmalıdır. Xüsusilə, qəza riski yüksək olan piyada keçidlərində nəzarət gücləndirilməli, görünmə məsafəsi yaxşılaşdırılmalı, işıqlandırma təmin edilməli, nişan və nişanlanmalar aydın görünməli, zəruri yerlərdə sürəti fiziki olaraq azaltmağa məcbur edən mühəndis həllərindən istifadə edilməlidir. Eyni zamanda sürücülük təlimində piyada keçidinə yanaşma sadəcə imtahanda düzgün cavab veriləcək bir sual kimi deyil, real təhlükəsizlik vərdişi kimi öyrədilməlidir. Sürücü piyada keçidi nişanını görəndə avtomatik olaraq ayağını qaz pedalından çəkməli, ətrafı müşahidə etməli və dayanmağa hazır olmalıdır. Bu davranış zamanla refleksə çevrilməlidir. Biz hər dəfə faciə baş verəndən sonra “sürücü niyə sürəti azaltmadı?”, “piyadanı niyə görmədi?”, “niyə vaxtında əyləci basmadı?” deyə soruşuruq. Əslində bu sualları hadisədən əvvəl verməliyik. Bir neçə saniyə tez sürəti azaltmaq heç bir sürücünü mənzil başına ciddi şəkildə gecikdirməyəcək, amma həmin bir neçə saniyə bir insanın həyatını xilas edə bilər. Sükan arxasında tələsmək heç vaxt insan həyatından qiymətli ola bilməz. Piyada keçidində yol vermək sürücünün piyadaya etdiyi yaxşılıq və ya jest deyil, onun qanuni və mənəvi borcudur. Mən bu barədə dəfələrlə yazmışam və vəziyyət düzələnə qədər də yazmağa davam edəcəyəm. Çünki piyada keçidində həyatını itirən bir insan belə çoxdur. Biz sürücülük mədəniyyətini yalnız cərimə qorxusu üzərində deyil, insan həyatına hörmət üzərində qurmalıyıq. Sürücü anlamalıdır ki, piyada keçidinə yaxınlaşanda qarşısındakı sadəcə “piyada” deyil, kiminsə övladı, anası, atası, həyat yoldaşıdır. Bu gün sükan arxasında olan insan sabah özü və ya ailə üzvü həmin piyada keçidindən keçəcək. Ona görə də hər bir sürücüyə çağırışım budur: piyada keçidini görəndə sürəti azaldın, diqqətinizi artırın, dayanmağa hazır olun və piyadaya yol verin. Bir neçə saniyə itirə bilərsiniz, amma bir insanın bütün ömrünü əlindən almayacaqsınız”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR