Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynada sistemli əməliyyata keçib və bu əməliyyatda zərbələr hədəf hücumları əvəzinə dalğalarla həyata keçirilir.
Bunu rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
"Rusiya ordusunun hədəfli epizodik zərbələrdən artıq “havadan bloklanma” adlandırılan sistemli əməliyyata keçib. Əvvəllər biz konkret hədəfləri vururduq və düşmənə gizlənmək və bərpa etmək üçün vaxt verirdik. İndi sistem fərqlidir: zərbələr dalğalarla, dronlar, ballistik raketlər və qanadlı raketlərin kombinasiyasından istifadə etməklə həyata keçirilir”, - deyə Dandıkin qeyd edib.
Analitikin sözlərinə görə, bu strategiya Ukrayna hava hücumundan müdafiə sistemlərinin "dincəlməsinə" imkan vermir və silahları həddindən artıq işləməyə məcbur edir:
“Biz elə bir vəziyyət yaradırıq ki, onlar nəyi vurmaq və nəyi buraxmaq arasında seçim etmək məcburiyyətində qalırlar”.
Yeni taktika Ukrayna tərəfi üçün nə dərəcədə təhlükəlidir və ruslara nə dərəcədə irəliləmək imkanı verə bilər? Kiyevin cavabı nə olacaq?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Rusiya ordusunun Ukraynaya qarşı hava hücumlarında taktiki dəyişiklik etdiyi barədə açıqlamalar müharibənin yeni mərhələyə keçməsi ehtimalını gündəmə gətirir:
“Əgər Rusiya həqiqətən də zərbələri məhz belə sistemli və dalğavari formada planlaşdırırsa, burada əsas hədəf bir şəhər, bir zavod və ya konkret hərbi obyekt deyil, bütövlükdə Ukraynanın hava müdafiə sisteminin dayanıqlılığıdır”.

Onun fikrincə, müasir müharibədə hava hücumundan müdafiə sistemi yalnız raket buraxan qurğu deyil:
“Burada söhbət bütöv bir zəncirdən gedir – radar, kəşfiyyat, idarəetmə, rabitə, zenit-raket kompleksləri, raket ehtiyatları və şəxsi heyətin fasiləsiz döyüş qabiliyyətindən. Əgər bu zəncirin üzərinə uzun müddət və müxtəlif vasitələrlə təzyiq göstərilirsə, sistem istər-istəməz gərginlik yaşayır. Rusiya da görünür, məhz bu zəif nöqtəni hədəfə almağa çalışır”.
Hərbi ekspertin sözlərinə görə, Rusiya tərəfindən istifadə edilən müxtəlif tipli pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlərin eyni əməliyyatda kombinə olunması Ukrayna hava hücumundan müdafiəsi üçün ciddi taktiki problem yarada bilər. Çünki bu silahların uçuş xüsusiyyətləri və onlara qarşı istifadə olunan vasitələr fərqlidir. Bir tərəfdən nisbətən ucuz dronlar hava müdafiə vasitələrinin diqqətini yayındıra, digər tərəfdən isə daha təhlükəli raketlər sonrakı mərhələdə əsas hədəflərə yönələ bilər. Müdafiə edən tərəf isə hər dəfə eyni problemlə qarşılaşır - hansı hədəf prioritetdir və hansı vasitə ilə vurulmalıdır?
Rövşən Məhərrəmovun fikrincə, burada ən təhlükəli məqam məhz “seçim məcburiyyəti”dir:
“Əgər hava hücumundan müdafiə sisteminə eyni vaxtda və ya ardıcıl dalğalarla çoxsaylı hədəflər yaxınlaşırsa, müdafiə tərəfi bütün vasitələrini bir istiqamətə cəmləşdirə bilmir. O, prioritet seçməyə məcburdur. Bu isə hücum edən tərəfin əsas taktiki üstünlüyüdür. Məqsəd hər raketin və ya hər dronun hədəfə çatması deyil. Məqsəd müdafiə sistemini maksimum yükləmək, onun diqqətini bölmək və daha sonra müdafiədə yaranan boşluqlardan istifadə etməkdir”.
Hərbi ekspert hesab edir ki, Rusiya bu taktikanı davamlı şəkildə tətbiq edə biləcəyi təqdirdə, Moskva üçün əsas nəticə Ukrayna ordusunun arxa cəbhəsində yerləşən hərbi və logistika infrastrukturuna daha çox təzyiq imkanının yaranması ola bilər. Buraya hərbi anbarlar, yanacaq infrastrukturu, dəmir yolu qovşaqları, silah və texnikanın təmir müəssisələri, hərbi aerodromlar və digər logistik imkanlar daxil ola bilər.
“Cəbhədə döyüşən ordunun arxasında fasiləsiz işləyən böyük bir təminat sistemi var. Əgər hava hücumundan müdafiə sisteminin imkanları zəiflədilərsə, arxa cəbhədəki obyektlərin təhlükəsizliyi də risk altına düşür. Bu isə birbaşa cəbhə xəttindəki döyüşlərin intensivliyinə və ordunun təminatına təsir edə bilər”, – deyə Rövşən Məhərrəmov bildirir.
Hərbi ekspertin fikrincə, Rusiyanın yeni yanaşmasının strateji məqsədi yalnız Ukraynaya maddi ziyan vurmaq kimi qiymətləndirilməməlidir. Burada daha böyük məqsəd Kiyevin hərbi resurslarını və hava hücumundan müdafiə imkanlarını daim sərf etməyə məcbur etməkdir.
“Bu taktika Rusiyaya cəbhədə irəliləyiş qazandıra bilərmi” sualına hərbi ekspert “hava zərbələrinin intensivləşməsi avtomatik olaraq cəbhədə böyük strateji dönüş demək deyil”, cavabını verib. Əlavə edib ki, hava hücumlarının nəticəsi ilə quru qoşunlarının irəliləyişi arasında birbaşa və avtomatik əlaqə yoxdur: “Rusiya hava hücumlarından istifadə edərək Ukraynanın arxa cəbhəsini zəiflədə, logistikasını çətinləşdirə və müəyyən istiqamətlərdə müdafiə imkanlarına təsir göstərə bilər. Amma ərazi əldə etmək üçün yenə də quru qoşunları irəliləməlidir. Müharibədə şəhər və ya rayon hava hücumu ilə deyil, ərazidə möhkəmlənməklə nəzarətə götürülür. Ona görə də bu taktika quru əməliyyatları ilə koordinasiya edilməsə, onun strateji nəticələri məhdud qala bilər”.
Hərbi ekspert hesab edir ki, Rusiyanın hava hücumları ilə müəyyən istiqamətlərdə quru qoşunlarının aktivliyi arasında koordinasiya güclənərsə, Moskva Ukraynanın ən zəif hesab etdiyi sektorlarında təzyiqi artıra bilər. Bu baxımdan “yeni taktika”nın əsas təhlükəsi birdəfəlik dağıdıcı zərbələrdən daha çox, Ukraynanın uzunmüddətli müdafiə imkanlarının tədricən aşındırılması ilə bağlıdır.
Hərbi ekspertin fikrincə, Ukrayna bu taktikaya qarşı yalnız daha çox zenit-raket kompleksinə malik olmaqla cavab verə bilməz. Çünki müasir hava müharibəsində ən bahalı raketlə ən ucuz dronu vurmaq uzunmüddətli perspektivdə iqtisadi baxımdan da problem yaradır: “Ukraynanın əsas cavabı çoxqatlı müdafiə sistemi olmalıdır. Hər hədəfə eyni silahla reaksiya vermək mümkün deyil. Ucuz dronlara qarşı daha ucuz vasitələr, raketlərə qarşı isə daha ciddi hava hücumundan müdafiə sistemləri tətbiq olunmalıdır. Əks halda hücum edən tərəf müdafiə edən tərəfi iqtisadi baxımdan da tükəndirə bilər”.
Rövşən Məhərrəmovun fikrincə, Kiyev üçün digər mühüm istiqamət Rusiya hücumlarının mənbələrinə və logistikasına zərbə vurmaqdır. Yəni Ukrayna yalnız gələn raket və dronları vurmaqla kifayətlənməməli, onların buraxıldığı və hazırlandığı infrastruktura qarşı da imkanları daxilində fəaliyyət göstərməlidir. Bununla yanaşı, Ukraynanın Qərb tərəfdaşlarından yeni hava hücumundan müdafiə vasitələri, raket ehtiyatları və xüsusilə pilotsuz uçuş aparatlarına qarşı daha ucuz müdafiə texnologiyaları tələb etməsi gözlənilən addımlardan biridir.
Hərbi ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsində getdikcə daha aydın görünən əsas məsələ silahların sayı deyil, hərbi sistemlərin uzunmüddətli dözümlülüyüdür:
“Bu müharibədə artıq əsas suallardan biri budur: kim daha çox raket buraxacaq? Əsas sual budur ki, kim daha uzun müddət öz hərbi sənayesini, hava müdafiəsini, logistikasını və insan resurslarını qoruyub saxlaya biləcək? Dalğavari zərbələr məhz bu dözümlülük məsələsini ön plana çıxarır. Rusiya Ukraynanın hava hücumundan müdafiəsini fasiləsiz gərginlik altında saxlamaq taktikasını genişləndirərsə, Kiyev üçün qarşıdakı dövr daha mürəkkəb ola bilər. Ancaq bunun Moskvanın cəbhədə avtomatik və sürətli strateji üstünlük əldə edəcəyi anlamına gəlmədiyini də unutmaq lazımdır. Müharibənin taleyini yenə tərəflərin silah istehsalı imkanları, sursat ehtiyatları, insan resursları, xarici hərbi yardım və cəbhədə quru qoşunlarının real imkanları müəyyən edəcək. Rusiya hava zərbələrinin taktikasını dəyişməklə Ukraynanın konkret bir şəhərini və ya hərbi bazasını deyil, daha böyük bir sistemi – ölkənin hava müdafiəsinin davamlılığını sınağa çəkməyə çalışır. Moskva bu strategiyanı uzun müddət davam etdirərsə, Ukrayna üçün əsas təhlükə bir gecə ərzində baş verəcək “şok hücum” deyil, hava hücumundan müdafiə və logistika imkanlarının mərhələli şəkildə tükənməsi ola bilər. Kiyevin cavabı isə eyni dərəcədə sistemli, çoxqatlı və uzunmüddətli olmalıdır”.
E.Məmmədəliyev,
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ