İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa TikTok dilemmasında

Avropa Komissiyasında TikTok-la bağlı fikir ayrılığı yaranıb. Bəzi rəsmilər hesab edirlər ki, təhlükəsizlik səbəbilə platformadan uzaq duran Brüssel bununla Avropanın ən böyük informasiya meydanlarından birini xarici qüvvələrə buraxır.

Musavat.com xəbər verir ki, bu barədə POLITICO məlumat yayıb.

Məsələ xüsusilə TikTok-un Avropada təxminən 200 milyon istifadəçisinin olması fonunda mübahisə doğurub. Komissiya daxilində bəzi rəsmilər Aİ-nin platformada rəsmi hesab açmamasını strateji səhv hesab edirlər. Müzakirənin hətta yüksək səviyyəli toplantılarda qaldırıldığı, ən azı bir Avropa komissarının mövcud siyasətə yenidən baxılmasını istədiyi bildirilir.

Avropa Komissiyası 2023-cü ildə kibertəhlükəsizlik narahatlıqları səbəbilə əməkdaşlarının xidməti cihazlarında Çin şirkətinə məxsus TikTok-un istifadəsini qadağan edib. Qadağa Komissiyanın mobil xidmət sisteminə qoşulmuş şəxsi cihazlara da şamil olunur.

Lakin Komissiya daxilində bu siyasətdən narazı olanlar var. POLITICO-ya danışan rəsmilərdən biri bildirib ki, gənc avropalıların getdikcə daha çox xəbər və siyasi məlumat aldığı platformada Brüsselin ümumiyyətlə görünməməsi bəzi komissarların komandalarında narazılıq yaradır.

Başqa bir Aİ rəsmisi isə məsələyə Rusiya amili üzərindən yanaşıb. Onun fikrincə, Moskva sosial şəbəkələrdən Avropa ictimai rəyinə təsir göstərmək üçün istifadə etməkdən çəkinmir və Brüssel belə mühüm informasiya məkanını rəqiblərinə buraxa bilməz.

Maraqlıdır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu ay “İttifaqın vəziyyəti” çıxışına sosial media influenserlərini, o cümlədən TikTok-da kontent paylaşan şəxsləri dəvət etməyə hazırlaşır. Komissiyadakı rəsmilərdən biri bunu ironik vəziyyət adlandırıb: Brüssel öz mesajlarını TikTok vasitəsilə yaymaq üçün influenserlərdən istifadə edir, amma özü platformaya daxil olmaq istəmir.

Hələlik Komissiyanın mövqeyini dəyişəcəyinə dair ciddi əlamət yoxdur. Qurum TikTok-dakı məlumatların qorunması və kibertəhlükəsizliklə bağlı vəziyyəti izlədiyini bildirir.

Brüssel bunun əvəzinə ABŞ mənşəli YouTube-a daha çox üstünlük verir. Avropa Komissiyasının həmin platformadakı kanalının 500 mindən çox abunəçisi var.

POLITICO-nun yazısından görünür ki, mübahisə artıq sadəcə TikTok-un təhlükəsiz olub-olmaması məsələsindən çıxıb. Brüsseldə indi başqa sual da verilir: Aİ təhlükəsizlik naminə TikTok-dan uzaq qalmaqla yüz milyonlarla avropalının olduğu informasiya məkanını rəqiblərinə təhvil verirmi?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR