İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqradda ictimai nəqliyyat pulsuzdur, amma sistem saat kimi işləyir... - ÖZƏL REPORTAJ, FOTO/VİDEO

Belqrad təzadlar şəhəridir. Əvvəlki reportajlarla tanış olan oxucularımız bunu müəyyən qədər hiss ediblər.

https://musavat.com/news/40-defe-feth-edilen-seher-tarixle-muasirliyin-reqabetde-oldugu-belqraddan-ozel-reportaj-fotolar_1284303.html

https://musavat.com/news/bir-qalanin-sirri-emekdasimizin-belqradda-gordukleri-bu-reportajda-foto-video_1285705.html

Bir tərəfdə qədim tarixə malik, eyni zamanda müasirləşən Avropa şəhəri, digər tərəfdən əvvəlki illəri əks etdirən izlər...Qraffitili tarixi binalardan sonra Belqradda məni ən çox təəccübləndirən ictimai nəqliyyat oldu. Serbiyanın paytaxtında ictimai nəqliyyatın bütün növləri pulsuzdur. Bəli, doğru oxudunuz. Tamamilə ödənişsiz. Etiraf edim ki, bu barədə eşitmişdim. Lakin eşitmək başqa, öz gözünlə şahid olmaq başqa. Və bu, təkcə, Serbiya vətəndaşlarına aid deyil. Turistlər də bu avantajdan gen-bol yararlanırlar.

WhatsApp Image 2026-09-02 at 14.54.22.jpeg (190 KB)

Qərarın nə zaman, hansı səbəblə verilməsindən bəhs etmədən öncə Belqradda ictimai nəqliyyatın növləri olması barədə məlumat verim.

Şəhərdə çox sayda avtobus, tramvay, trolleybus hərəkət edir. Küçələr boyunca müxtəlif rənglərdə, elektrik və ya hibrid mühərriklə işləyən ekoloji cəhətdən təmiz avtobuslar, travmaylar və trolleybuslar işləyir. Ara-sıra az sayda köhnə avtobuslar da gözə dəyir. Nostalji hislər üçün çox uzun illərdir istismar olunan travmaylara da mindim. Sonuncu dayanacağa qədər də getdim. Bakı sakini üçün bu təcrübəni yaşamaq gözəl bir xatirədir.

WhatsApp Image 2026-09-02 at 14.55.35.jpeg (167 KB)

O ki qaldı metropolitenə, uzun illər öncə cəmi 2 stansiya açılıb. Yerli sakinlərlə söhbətdə onlar şəhərdə sıxlığın artması ilə əlaqədar yeraltı nəqliyyatın olmasını arzu etdiklərini bildirdilər. Uzun illər ərzində metronun tikilməməsinin əsas səbəbi maliyyə çətinliyi ilə əlaqələndirilirdi. Əslində, metronun tikintisi 1950-ci illərdə düşünülmüşdü. Layihə hazırlandı, vəsait ayrıldı. Nəticədə, 1995-ci ildə iki metro stansiyası açıldı. Lakin sonra vəsait tükəndi və proses yenidən başladı: planlaşdırma, dizayn və maliyyələşdirmə. Son məlumata görə, 2030-cu ilə qədər yeni xətlərin açılması planlaşdırılır.

İndi isə gələk əsas məsələyə. 2025-ci ilin yanvarın 1-dən etibarən Belqradda ictimai nəqliyyat hər kəs üçün ödənişsizdir. Bakıda yaşayan biri istər-istəməz düşünür ki, axı bu necə ola bilər? Bəs sistem necə işləyir? Maliyyə nəyin hesabına təmin olunur? Araşdırma zamanı məlum oldu ki, şəhər administrasiyası ictimai nəqliyyata subsidiya vermək üçün hər il 250 milyon avro ayırır.

O ki qaldı bu qərarın verilməsinin əsas səbəbinə, şəhərdə ciddi parklanma probleminin olduğu deyilir. Müşahidə apardığım qədər şəhər mərkəzində parklanma yerləri pulludur və zaman məhdudiyyəti qoyulub.

WhatsApp Image 2026-09-02 at 14.57.47.jpeg (187 KB)

Digər tərəfdən şəhərdə böyük prospektlərin sayı çox azdır. Mərkəzi küçələrdə yollar dardır və fikrimcə, yolların genişləndirilməsi düşünülmür.

İctimai nəqliyyat isə saat kimi işləyir. Belqradda qaldığım bir həftə ərzində həm avtobusdan, həm tramvaydan, həm də trolleybusdan istifadə etdim. Demək olar ki, hər küçədə ictimai nəqliyyat üçün dayanacaqlar var. Hər dayanacaqda olan monitor və lövhələrdə ərazidən neçə nömrəli nəqliyyat vasitəsinin keçdiyi göstərilib. Hətta “Google maps” tətbiqi ilə də sınaq apardım. Bir-iki hal istisna olmaqla, dəqiqlik yüksək səviyyədədir. Bu da həm yerli vətəndaşlara, həm də turistlərə rahatlıq yaradır. Xüsusilə, turistlər üçün ictimai nəqliyyat növlərinin pulsuz olması kifayət qədər üstünlük yaradır. Əgər mənim kimi büdcəli səyahət edirsinizsə, bu, xeyli qənaət deməkdir.

WhatsApp Image 2026-09-02 at 15.04.28.jpeg (228 KB)

Mobillik də yüksək səviyyədədir. Hətta yanlış avtobusa, yaxud tramvaya minsəniz belə, yarıyolda düşüb digər nəqliyyat vasitəsi növü ilə yolunuza davam edə bilərsiniz.
Sual oluna bilər ki, bəs ictimai nəqliyyatın pulsuz olması nəqliyyat vasitələrində sıxlığa səbəb olmurmu? Qətiyyən! Sadəcə pik saatlarda avtobuslarda çox qısa müddətə azca doluluq müşahidə etdim. Qalan müddətdə minib-düşmə, yaxud səyahət zamanı heç bir narahatedici halla qarşılaşmadım.

WhatsApp Image 2026-09-02 at 15.05.15 (1).jpeg (274 KB)

Bu arada ictimai nəqliyyatın yaxşı işləməsi taksidən istifadəni də minimallaşdırır. Məsələn, axşam saatlarında şəhər mərkəzindən bir qədər kənarda olan məkana getmək üçün 700 rsd, təxminən 11.75 manat ödədik. Əksər taksilərdə taksometr var, amma axşam saatlarında taksometri açmaq istəməyən sürücülər artıq məbləğ istəyə bilərlər. Əgər zəruri deyilsə, yaxınlarda olan digər taksilərə yaxınlaşa bilərsiniz. Eksperiment üçün yol kənarında dayanıb taksi saxlamağa da cəhd etdik, lakin cəhdimiz boşa çıxdı. Öyrəndik ki, əksər operatorlar mobil tətbiqlər vasitəsilə sifariş qəbul edirlər.

WhatsApp Image 2026-09-02 at 15.05.43.jpeg (138 KB)

Bu arada hətta hava limanına işləyən avtobuslar da pulsuzdur. Məlum olduğu kimi, bəzi ölkələrdə hava limanlarına çatmağın yeganə yolu taksidir.

Son olaraq, onu qeyd edim ki, şəhər kənarından paytaxta gəlmək üçün dəmiryolu infrastrukturu mövcuddur. Elektrik və sürət qatarları normal işləyir. Növbəti reportajlardan birində sürət qatarları barədə ətraflı yazacam.

WhatsApp Image 2026-09-02 at 15.07.02.jpeg (296 KB)

Davamı növbəti reportajda...

Nigar Həsənli
Belqrad, Serbiya
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR