Onlayn ictimai-siyasi qəzet
Bakıda ictimai nəqliyyatın gündəlik ritmində son günlər ciddi dəyişiklik yaranıb. Metroda aparılan genişmiqyaslı tikinti işləri ilə əlaqədar bəzi stansiyalar arasında qatarların hərəkətinin məhdudlaşdırılması sərnişinlərin alternativ nəqliyyata yönəlməsinə səbəb olub. Lakin bu dəfə sərnişinlərin qarşısına yalnız adi avtobuslar çıxarılmayıb. Onların hərəkətini təmin etmək üçün “M” hərfi ilə başlayan xüsusi ekspres avtobus marşrutları fəaliyyətə başlayıb.
Bu dəfə həmin avtobusların iş prinsipini, sərnişinlərin vəziyyətini və metro çıxışlarında yaradılan təşkilati işləri yerində müşahidə etdik.
Metro stansiyasından çıxan sərnişinlərin ilk qarşılaşdığı mənzərələrdən biri könüllülərin fəaliyyəti olur. Metro daxilində, eləcə də stansiyaların çıxışlarında metro könüllüləri sərnişinlərə istiqamət verir, hansı avtobusun hansı stansiyaya getdiyini izah edir, xüsusilə də dəyişikliklərdən xəbərsiz olan vətəndaşlara kömək göstərirlər. Sərnişin axınının çox olduğu saatlarda onların işi daha da intensivləşir. Bir neçə saniyə ərzində eyni sual təkrar-təkrar səslənir: “İnşaatçılara hansı avtobus gedir?”, “20 Yanvara necə gedim?” ,“Elmlər Akademiyasına hansı ekspres gedir?”

Könüllülər isə sərnişinləri müvafiq avtobuslara yönləndirirlər.
Könüllülərdən biri ilə söhbətləşdik. Həmsöhbətimiz “M” avtobuslarının hərəkət sxemini izah edərək bildirdi ki, “28 May”dan çıxan sərnişinlərin alternativ istiqamətlər üzrə hərəkəti ekspres avtobuslarla təmin olunur:
““28 May”dan M2 və M3 nömrəli avtobuslar “Nizami” stansiyasına gedir. Daha sonra M2 nömrəli avtobus “İnşaatçılar”a, M3 nömrəli avtobus isə “20 Yanvar” metro stansiyasına gedir. Bir də M1 nömrəli avtobus birbaşa “28 May”dan “Elmlər Akademiyası” stansiyasına gedir”.
Onun sözlərinə görə, “Nizami”dən də digər istiqamətlərə hərəkət etmək mümkündür:
“Nizamidən isə bura M2 və M3 nömrəli avtobuslar gəlirlər. Bəli, onlar daha tez də gələ bilərlər. Çünki biz bilmirik, oradan hərəsi fərqli bir yerdən çıxır. Eyni vaxtda da ora gəlib çata bilərlər. Yəni aralarında 1-2 dəqiqə fərqlə gəlib çata bilərlər”.

““İnşaatçılar”dan 13 dəqiqəyə bura gəlirəm”
Könüllü “M” ekspreslərinin əsas üstünlüklərindən birinin sürət və hərəkət tezliyi olduğunu deyir:
“Ekspreslər çox sürətli işləyirlər. Özüm də istifadə edirəm. Məsələn, “İnşaatçılar”dan bura 13 dəqiqəyə gəlib çata bilirəm”.
Musavat.com-un sualına cavab olaraq həmsöhbətimiz bildirdi ki, xüsusilə səhər saatlarında interval daha da qısalır:
“Daha çox səhər saatlarında, insanların çox olduğu, iş saatlarında, işə getdikləri vaxtda təxminən 5 dəqiqə yox, daha tez də olur – 3 dəqiqə, 4 dəqiqə. Avtobus dolur, yəni çox insan olduğu üçün ekspres avtobuslar tez-tez gedir”.

Maraqlı məqam isə sərnişinlərin yeni nəqliyyat modelinə münasibətidir. Könüllünün sözlərinə görə, bəzi sərnişinlər metroda yaranan məhdudiyyətin onlara alternativ nəqliyyat vasitələrini sınamaq imkanı yaratdığını bildirirlər:
“Bəziləri deyir ki, artıq metrodan sonra avtobuslardan istifadə etməyə başlayıblar və avtobuslar onlara daha rahat gəlir”.
Bunun bir neçə səbəbi göstərilir. Sərnişinlər avtobusların kondisionerli olmasını, metroda yaranan sıxlıqla müqayisədə daha rahat hərəkət imkanının olmasını üstünlük kimi qiymətləndirirlər.

Xatırladaq ki, “M” ekspres avtobuslarının fəaliyyətə başlamasının əsas səbəbi Bakı Metropolitenində həyata keçirilən xətlərin ayrılması layihəsidir.
“28 May” stansiyası uzun illərdir Bakı metrosunun ən mühüm nəqliyyat qovşaqlarından biridir. Burada Qırmızı və Yaşıl xətlərin hərəkətinin bir-biri ilə əlaqəli olması sərnişin axınının böyük hissəsinin eyni nöqtədə cəmləşməsinə səbəb olur.
Aparılan layihənin əsas məqsədlərindən biri isə Qırmızı və Yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsinə imkan yaratmaqdır.
Bu məqsədlə “28 May” - “Nizami” sahəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb və sərnişinlərin daşınması üçün yerüstü nəqliyyatda əlavə tədbirlər görülüb. Beləliklə, metroda yaranan boşluğu doldurmaq üçün M1, M2, M3, M4, M5 və M6 ekspres avtobusları xəttə buraxılıb.
M1-dən M6-ya qədər – avtobuslar hara gedir? Hazırda xüsusi ekspres marşrutlar müxtəlif metro stansiyalarını bir-biri ilə əlaqələndirir.
M1 – “28 May” – “Elmlər Akademiyası”;
M2 – “28 May” – “Nizami” – “İnşaatçılar”;
M3 – “28 May” – “Nizami” – “20 Yanvar”;
M4 – “20 Yanvar” – “Koroğlu”;
M5 – “20 Yanvar” – “Gənclik”;
M6 – “Elmlər Akademiyası” – “Nizami” – “Gənclik” – “Koroğlu”.
Marşrutların sxemləri sərnişinlərin metroda yaranmış məhdudiyyətləri mümkün qədər az hiss etməsi üçün hazırlanıb. Avtobuslar kondisionerlidir, intervallar qısadır. Yerində müşahidə zamanı diqqət çəkən məqamlardan biri də ekspres avtobusların adi şəhər marşrutlarından fərqli olaraq daha intensiv işləməsidir. Xüsusilə səhər saatlarında sərnişin axını artdıqca avtobusların hərəkət intervalı da qısalır. Kondisionerlərin işləməsi isə isti hava şəraitində sərnişinlər üçün əlavə üstünlük yaradır.
Beləliklə, metrodan çıxan və alternativ nəqliyyata yönələn sərnişin üçün məqsəd sadədir: stansiyadan çıx, istiqamətini müəyyənləşdir, “M” avtobusuna min və digər metro stansiyasına keç. Bu prosesdə metro könüllülərinin fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Çünki yeni marşrut sxeminə öyrəşməyən sərnişin üçün bir neçə fərqli ekspres xətt arasında seçim etmək ilk baxışdan asan deyil.

Hazırkı vəziyyətə baxaraq “M” ekspreslərinin sərnişin tələbatını tam ödədiyini söyləmək hələ tezdir. Çünki qarşıda daha ciddi sınaq var – yeni tədris ilinin başlanması.
Ali məktəblərin fəaliyyətə başlaması ilə Bakıda səhər və axşam saatlarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı kəskin artır. Bölgələrdən paytaxta gələn tələbələr də nəzərə alındıqda, metroya alternativ yaradılmış ekspres avtobusların qarşısında böyük yük yaranacağı gözlənilir.
İndiki mərhələdə avtobusların 3-5 dəqiqəlik intervalla hərəkəti sərnişin axınının öhdəsindən gəlməyə imkan verir. Amma tələbə kütləsinin şəhər nəqliyyatına qoşulmasından sonra bu intervalın və avtobus sayının yetərli olub-olmayacağı əsas suallardan biridir. “M” avtobusları hələlik metroya alternativdir. Amma onların şəhər nəqliyyatında yaratdığı rahatlıq gələcəkdə sərnişin vərdişlərinə nə qədər təsir edəcək – bunu qarşıdakı aylar göstərəcək.
Şahanə Rəhimli
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ