Onlayn ictimai-siyasi qəzet
Rusiyada mütəşəkkil cinayətkar qruplarla bağlı qeydə alınan cinayətlərin sayı son iki ildə kəskin artıb. Bu proses Ukrayna müharibəsində iştirak etmək üçün həbsxanalardan azad edilən kriminal aləmin nümayəndələrinin bir hissəsinin Rusiyaya qayıtması fonunda baş verir.
Musavat.com xəbər verir ki, rus analitiklər Rusiya Daxili İşlər Nazirliyinin yeni statistikasına diqqət çəkiblər.
Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-iyul aylarında Rusiya Cinayət Məcəlləsinin “cinayətkar birlik yaratma və ya onda iştirak” maddəsi üzrə qeydə alınan cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb. 2025-ci ilin müvafiq dövründə isə əvvəlki illə müqayisədə 30,7 faizlik artım qeydə alınmışdı. Beləliklə, iki il ərzində məcmu artım 61 faizi keçib.
Materialda bu tendensiya Ukrayna müharibəsi başlayandan sonra məhbusların cəbhəyə cəlb edilməsi ilə də əlaqələndirilir.
“Rus sidyaşaya” fondunun təsisçisi Olqa Romanovanın daha əvvəl bildirdiyinə görə, müharibənin əvvəlində Rusiyanın tanınmış “qanuni oğru”larından Şakro Molodoy məhbuslara müraciət edərək müharibəni dəstəkləməyə və cəbhəyə getməyə çağırmışdı. Sonradan bir sıra kriminal avtoritetlər və cinayətkar qruplaşmaların rəhbərləri həbsxanalardan müharibəyə yollanıblar.
Onların bəziləri sağ qalaraq əfv edilib və Rusiyaya qayıdıblar.
Məsələn, sifarişli qətlin təşkilinə görə 16 il həbs cəzası almış kriminal avtoritet Vladimir Borisenko müharibədə iştirak etdikdən sonra əfv olunub. Mənbənin məlumatına görə, geri qayıtdıqdan sonra o, keçmiş Əfqanıstan müharibəsi iştirakçılarından yeni dəstə yaradıb, lakin bir müddət sonra özü killer tərəfindən öldürülüb.
Kuraqino mütəşəkkil cinayətkar qruplaşmasının rəhbəri Andrey Aşşeulov da müharibədə iştirak etdikdən sonra əfv olunub. Daha sonra o, sərxoş vəziyyətdə küçədə yaranan təsadüfi mübahisə zamanı bir nəfəri güllələyərək öldürüb.
Rusiyada məşhur “Tsapkov bandasının” iki üzvünün də Ukrayna müharibəsində iştirakına görə əfv aldığı bildirilir.
Keçmiş DİN əməkdaşı Nikolay Korolyov “МО”ya bildirib ki, bəzi kriminal avtoritetlər müharibədən həbsdən çıxmaq vasitəsi kimi istifadə edirlər. Onun iddiasına görə, kifayət qədər maliyyə imkanları olan şəxslər hətta birbaşa hücum əməliyyatlarında iştirak etmədən müəyyən müddət Donetsk və ya Luqanskda qalır, sonradan dövlət mükafatları əldə edərək azadlığa çıxırlar.
Korolyov onların bir qisminin Rusiyaya qayıtdıqdan sonra yenidən kriminal fəaliyyətlə məşğul olduğunu iddia edir.
Bununla belə, mütəşəkkil cinayətkarlıqla bağlı işlərin sayının artmasının yalnız müharibədən qayıdan məhbuslarla izah edilməsinin doğru olmadığı da vurğulanır.
“TriTrace Investigations”ın idarəedici tərəfdaşı İlya Şumanov bildirir ki, statistikanın yüksəlməsinin bir hissəsi istintaq praktikasından qaynaqlana bilər. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları adi iqtisadi cinayət işində belə “cinayətkar birlik” əlamətləri müəyyənləşdirə bilər. Bu, ittihamı ağırlaşdırmağa, şəxsləri istintaq təcridxanasında saxlamağa və onlardan ifadə almağı asanlaşdırmağa imkan verir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ