İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Kremlin büdcəsini necə doldurur: "Qoca qitə" Rusiya ordusunu niyə maliyyələşdirir

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla, hazırda enerji sektorundakı real vəziyyət arasında müəyyən paradokslar mövcuddur... Belə ki, Avropa Birliyi Rusiyanın gəlirlərini məhdudlaşdırmağa çalışır, ancaq "qoca qitə"dən Rusiya büdcəsinə hələ də milyardlarla avro daxil olur...

Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində ciddi və ardıcıl addımlar atmaqda davam edir. Ancaq buna baxmayaraq, Rusiyanın enerji resurslarından tamamilə imtina etmək hələlik mümkün olmayıb. Və məhz bunun nəticəsində də Avropa Birliyi ölkələri Rusiya iqtisadiyyatına milyardlarla avro vəsait axıtmaqda davam edirlər.

Məsələ ondadır ki, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) məlumatlarına görə, Avropa Birliyi ölkələri yalnız iyul ayında Rusiyanın enerji resurslarına təxminən 1,5 milyard avro xərcləyiblər. Bu rəqəm Avrop ölkələrinin Rusiyanın enerji gəlirlərini azaltmaq siyasəti ilə real iqtisadi maraqları arasında hələ də kəskin ziddiyyətlərin qaldığını göstərir. Belə anlaşılır ki, Avropa ölkələri bir tərəfdən, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edirlər. Və digər tərəfdən isə enerji idxalı vasitəsilə Rusiya büdcəsinə əhəmiyyətli maliyyə daxilolmalarının davam etməsinə şərait yaradırlar.

Bu baxımdan, "Rusiyanın enerji resurslarının əsas alıcısı kimdir" sualı istər-istəməz böyük maraq doğurur. Qərb mətbuatında yayılan məlumatlara görə, bu ilin iyul ayında Avropa Birliyi Rusiya enerji resurslarının qlobal alıcıları arasında dördüncü yerdə qərarlaşıb. Və Avropa ölkələrinin Rusiyadan aldığı enerji resurslarının əsas hissəsini isə məhz təbii qaz təşkil edib.

avro-rus-2.JPG (44 KB)

Onu da qeyd etmək lazımdır ki, Avropa ölkələrinin Rusiyadan enerji idxalının təxminən 38 faizi boru kəməri ilə nəql olunan təbii qazın payına düşüb. Bunun maliyyə dəyəri 561 milyon avro təşkil edib. Daha 526 milyon avro isə Rusiyadan alınan mayeləşdirilmiş təbii qaza xərclənib. İdxalın geriyə qalan 26 faizlik hissəni isə Rusiya nefti təşkil edib. Və bu neft əsasən “Drujba” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya çatdırılıb.

Bu statistika onu göstərir ki, Avropa ölkələri hər halda, Rusiyanın enerji sektorundan əvvəlki qədər asılı deyillər. Ancaq o da inkaredilməz reallıqdır ki, bəzi Avropa ölkələr üçün Rusiya enerji təchizatının əhəmiyyəti hələ də kifayət qədər yüksək olaraq, qalmaqdadır. Xüsusilə də, Macarıstan və Slovakiya Rusiya enerji resurslarının Avropadakı əsas müştəriləridir.

Maraqlıdır ki, Avropa Birliyi daxilində Rusiyanın ən böyük enerji alıcısı məhz Macarıstan olub. Rəsmi Budapeşt iyul ayında Rusiyanın enerji resurslarına 486 milyon avro xərcləyib. Bu məbləğin təxminən 62 faizi isə boru kəməri ilə nəql olunan təbii qazın payına düşüb. Avropa məkanında ikinci ən böyük alıcı isə Slovakiya olub. Rəsmi Bratislava həmin ay Rusiyanın enerji resurslarına 299 milyon avro ödəyib.

Təbii ki, bu iki ölkənin mövqeyi Avropa Birliyinin ümumi enerji siyasətindəki əsas problemlərdən birini qabarıq şəkildə biruzə verir. Belə ki, rəsmi Brüssel Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, bütün üzv dövlətlərin eyni sürətlə və eyni səviyyədə alternativ mənbələrə keçməsi hələ də mümkün olmayıb. Xüsusilə də quru ilə birbaşa boru kəməri bağlantısı olan ölkələr üçün Rusiya enerji resurslarından imtina edilməsi həm iqtisadi, həm də texniki baxımdan, daha mürəkkəb proses hesab olunur.

avro-rus-3.JPG (27 KB)

Digər tərəfdən, Fransa, İspaniya və Belçika Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, CREA-nın məlumatına görə, bu üç ölkənin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı 46 faiz azalıb. Bununla belə, Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünün tam dayandırılmadığı da inkaredilməz reallıqdır. Və Rusiyadan həmin ölkələrə çatdırılan bütün mayeləşdirilmiş təbii qaz yükləri Yamal yataqlarından gəldiyi bildirilir.

Göründüyü kimi, bütün bunlar Avropanın enerji bazarında mövcud olan kifayət qədər ciddi paradoksu da üzə çıxarır. Belə ki, Avropa Birliyi Rusiya qazının boru kəmərləri vasitəsilə idxalını azaltmağa çalışır. Ancaq buna paralel olaraq, müəyyən həcmdə Rusiya qazının mayeləşdirilmiş şəkildə idxalına da davam edir. Yəni, Avropanın enerji asılılığının sadəcə, Ancaq Rusiya ilə enerji ticarəti isə tamamilə aradan qalxmır.

Bununla belə, Rusiyanın enerji ixracında Avropa Birliyinin əvvəlki dominant mövqeyi də artıq yoxdur. Belə ki, bu ilin iyul ayının göstəricilərinə görə, Rusiya enerji resurslarının ən böyük alıcısı hazırda Çin hesab olunur. Həmin məlumatlara görə, Çin Rusiyadan təxminən 7,7 milyard avro dəyərində enerji resursları alıb. Eyni zamanda, Hindistanın idxalının həcmi 6,4 milyard avro, Türkiyənin isə 1,8 milyard avro təşkil edib. Və Avropa Birliyinin 1,5 milyard avroluq göstəricisi isə bu ölkələrin idxal xərclərindən xeyli aşağıdır.

avro-rus-1.JPG (35 KB)

Əslində, bu statistik rəqəmlər həm də Rusiyanın enerji ixrac coğrafiyasında baş verən fundamental dəyişiklikləri də qabarıq şəkildə göstərir. ABŞ və Qərbin sanksiyaları, eləcə də, Avropa ölkələrinin enerji siyasətindəki kəskin dönüş Rusiyanı alternativ bazarlara yönəlməyə məcbur edib. Nəticədə isə Çin və Hindistan Rusiya enerjisinin əsas alıcılarına çevrilib, Türkiyənin də rolu əhəmiyyətli dərəcədə artıb.

Maraqlıdır ki, hazırda "Avropa ölkələri Rusiya enerji resurslarından tamamilə imtina edə biləcəkmi" sualı ön plana çıxmış kimi görünür. Hazırda mövcud olan statistik rəqəmlər onu göstərir ki, bu proses davam edir və hələ tam başa çatmayıb. Belə ki, Avropa Birliyi ölkələri Rusiya neft və qazının idxalını əhəmiyyətli dərəcədə azaldıblar. Ancaq bu quruma üzv bəzi dövlətlərin enerji sistemlərində Rusiya ilə mövcud olan əvvəlki bağlantılar hələ də qalır.

Məhz elə buna görə də Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla enerji sektorundakı real vəziyyət arasında müəyyən paradokslar yaranır. Avropa Birliyi Rusiyanın gəlirlərini məhdudlaşdırmağa çalışır. Ancaq enerji idxalının müəyyən hissəsinin davam etməsi, Avropadan Rusiyanın büdcəsinə hələ də milyardlarla avronun daxil olmasına imkan verir. Bu baxımdan, Avropa Birliyi Rusiyanın enerji asılılığından sürətlə uzaqlaşmağa çalışsa da, bunu qısa müddətdə reallaşdırmaq mümkün deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR