Onlayn ictimai-siyasi qəzet
O gün ölkənin kralı I İdris hakimiyyətini itirdi. Monarxiyanın yerini respublika tutdu. Ancaq heç kim bilmirdi ki, bu çevriliş Liviyanın qarşısında tam 42 il davam edəcək başqa bir dövr açacaq. Çevrilişin arxasında cəmi 27 yaşlı bir ordu zabiti dayanırdı. Onun adı Müəmmər Məhəmməd Əbu Minyar əl-Qəddafi idi...
Sonrakı illərdə o, sadəcə Liviyanın rəhbəri olmadı, Liviyanın özü ilə eyniləşdirildi. Onun adı ölkənin iqtisadiyyatı, xarici siyasəti, ordusu, televiziyası, məktəbləri, nefti, hətta gündəlik həyatı ilə bağlandı. Amma Qəddafinin hekayəsi yalnız bir ölkə rəhbərini hekayəsi deyildi. Bu, həm də neftdən gələn sərvətin milyonlarla insana müəyyən sosial imkanlar yaratdığı, eyni zamanda həmin sərvətin siyasi azadlıqları boğan bir rejimi maliyyələşdirdiyi ziddiyyətli bir tarix idi. Bir tərəfdə pulsuz və ya dövlət tərəfindən subsidiyalaşdırılan xidmətlər, təhsil, səhiyyə, mənzil siyasəti və böyük infrastruktur layihələri vardı. Digər tərəfdə isə həbsxanalar, siyasi təqiblər, işgəncələr, itkin düşən müxaliflər və 1996-cı ildə Əbu Salim həbsxanasında baş verən kütləvi qətl dayanırdı.

Qəddafi 1942-ci il iyunun 7-də Sirte yaxınlığında bədəvi ailəsində dünyaya gəlib. O dövrdə Liviya hələ İtaliyanın müstəmləkəsi idi. Atası çoban idi. Ailə zəngin deyildi. Qəddafi uşaqlığını səhranın sərt şərtləri içərisində keçirdi. Bu həyat onun xarakterinə və sonrakı siyasi dünyagörüşünə ciddi təsir göstərdi. Gənc Qəddafi məktəb illərində ərəb millətçiliyinin təsiri altına düşdü. Xüsusilə Misirin lideri Camal Əbdül Nasirə heyran idi. Nasirin ideyaları onun üçün sadəcə siyasi fikir deyildi. Qəddafi ərəb dünyasının birləşməsini, Qərbin regiondakı təsirinin azalmasını və ərəb ölkələrinin öz sərvətlərinə sahib çıxmasını istəyirdi. Daha sonra hərbi akademiyaya daxil oldu. Orduda xidmət etməsi onun həyatını dəyişdi. Çünki Qəddafi artıq yalnız siyasi ideyalar quran gənc deyildi. O, hakimiyyəti dəyişə biləcək real gücə sahib idi.
1969-cu il sentyabrın 1-də Qəddafi və onun ətrafında toplaşan gənc zabitlər kral rejiminə qarşı çevriliş etdilər. Kral I İdris həmin vaxt müalicə üçün ölkədən kənarda idi. Çevriliş çox ciddi müqavimət olmadan baş verdi. Monarxiya ləğv edildi, konstitusiya aradan qaldırıldı və Liviya Ərəb Respublikası elan edildi. Qəddafi İnqilabi Komandanlıq Şurasının rəhbəri oldu. Beləliklə, 27 yaşlı zabit bir gündə ölkəsinin ən güclü siyasi fiquruna çevrildi. Lakin onun hakimiyyət anlayışı klassik prezidentlikdən çox fərqli idi.O, özünü getdikcə dövlət başçısından daha çox “inqilabın rəhbəri” kimi təqdim etməyə başladı. 1979-cu ildən etibarən artıq formal dövlət vəzifəsi daşımırdı. Buna baxmayaraq, real siyasi hakimiyyət onun əlində qalırdı. O, “Qardaş Rəhbər” və “İnqilabın Rəhbəri” kimi titullardan istifadə edirdi.

Qəddafinin hakimiyyətə gəldiyi Liviya ilə onun hakimiyyətinin son illərindəki Liviya arasında böyük fərq vardı. Ölkənin əsas sərvəti neft idi. 1970-ci illərdə neft qiymətlərinin yüksəlməsi Liviyanın dövlət gəlirlərini kəskin artırdı. Qəddafi hökuməti bu pulların böyük hissəsini sosial proqramlara, təhsil, səhiyyə, mənzil və infrastruktura yönəltdi. Təhsil genişləndirildi. İbtidai təhsil pulsuz oldu və məcburi xarakter aldı. Səhiyyə sistemi inkişaf etdirildi. Dünya Bankının məlumatlarında Qəddafi dövrünün sonlarına doğru Liviyada ibtidai məktəblərə qəbulun demək olar ki, universal səviyyəyə çatdığı, savadlılığın və gözlənilən ömür müddətinin əvvəlki onilliklərlə müqayisədə ciddi artdığı göstərilir. Bu səbəbdən Qəddafi haqqında yalnız “xalqını yoxsulluqda saxlayan diktator” təsviri tam mənzərəni əks etdirmir. Onun dövründə bir çox liviyalı daha yüksək maddi rifaha çatdı. Neft pulları ilə yollar, xəstəxanalar, məktəblər və yaşayış layihələri quruldu. Ən möhtəşəm layihələrdən biri isə Böyük Süni Çay layihəsi idi. Səhranın dərinliklərində yerləşən yeraltı su ehtiyatlarının boru kəmərləri ilə şəhərlərə və kənd təsərrüfatı ərazilərinə çatdırılması nəzərdə tutulurdu. Qəddafi bu layihəni “dünyanın səkkizinci möcüzəsi” adlandırırdı. Bu, onun dövlətçilik anlayışının xarakterik nümunəsi idi, böyük neft gəlirlərini böyük və simvolik layihələrə çevirmək.
1970-ci illərin ortalarında Qəddafi öz siyasi fəlsəfəsini “Yaşıl kitab”da ortaya qoydu. O, kommunizmə də, kapitalizmə də alternativ olduğunu iddia edirdi. 1977-ci ildə isə Liviya “Cəmahiriyyə” adlandırıldı, yəni nəzəri olaraq “xalq kütlələrinin dövləti”. Kağız üzərində hakimiyyət xalq komitələrinin əlində idi. Amma reallıq tamam başqa idi. Ölkədə Qəddafini tənqid etmək təhlükəli idi. Siyasi müxalifət ciddi şəkildə sıxışdırılırdı. İnsanların sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılırdı. Qəddafi rejiminə qarşı çıxanlar həbs oluna, işgəncəyə məruz qala və daha ağır nəticələrlə üzləşə bilərdilər.Yəni Qəddafinin yaratdığı sistemin ən böyük paradoksu burada idi. Xalq adına qurulan dövlət xalqın siyasi azadlığını məhdudlaşdırırdı.
1996-cı ilin iyununda Tripolidəki Əbu Salim həbsxanasında baş verən hadisə Qəddafi hakimiyyətinin ən ağır səhifələrindən biri kimi tarixə düşdü. Həbsxanada etiraz edən təxminən 1 270 məhbus güllələnərək öldürüldü. Hadisənin qurbanlarının ailələri illərlə həqiqəti və yaxınlarının taleyini öyrənməyə çalışdılar. 2011-ci ildə Liviyada Qəddafiyə qarşı etirazların başlamasında Əbu Salim qurbanlarının ailələrinin də mühüm rolu oldu. Deməli, illərlə susdurulan bir yara sonradan rejimin özünə qarşı çevrildi.

Qəddafi təkcə daxildə sərt idarəçiliklə kifayətlənmirdi. O, xarici siyasətdə də qeyri-adi və çox zaman aqressiv xətt yürüdürdü.Ərəb dünyasının birləşməsinə çalışdı, müxtəlif ölkələrlə siyasi birlik ideyaları irəli sürdü, Afrika siyasətinə böyük maraq göstərdi və sonrakı illərdə Afrika İttifaqının gücləndirilməsinin tərəfdarına çevrildi. Qəddafi Qərb dövlətləri ilə uzun müddət qarşıdurma yaşadı. Liviya rejiminin xaricdəki zorakılıq və terror fəaliyyətlərinə dəstək verməsi barədə çoxsaylı ittihamlar irəli sürüldü. Ən ağır hadisələrdən biri 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində Pan Am 103 reysinin partladılması idi. Təyyarədə olanların və yerdəki insanların da daxil olduğu 270 nəfər həyatını itirdi. Bu hadisədən sonra Liviya illərlə beynəlxalq sanksiyalarla üzləşdi. Qəddafi isə uzun müddət Qərblə savaşan lider obrazını qorudu. Sonra Qərblə barışdı. Qəddafinin həyatının ən maraqlı paradokslarından biri də budur. Bir vaxtlar ABŞ və Avropanın düşməni olan lider sonradan həmin ölkələrlə münasibətləri normallaşdırmağa başladı. 2000-ci illərdə Liviya beynəlxalq təcriddən çıxmağa başladı. Tripoliyə Qərb liderləri gəlirdi. Qəddafi Avropa paytaxtlarında qəbul edilirdi. Liviya nefti Qərbin diqqətində idi. Qəddafi artıq əvvəlki kimi “təhlükəli inqilabçı” deyil, Qərbin müəyyən dairələri üçün əməkdaşlıq edilə bilən liderə çevrilirdi. Amma daxildə siyasi sistem dəyişməmişdi.
Qəddafinin şəxsi həyatı da onun siyasi həyatı qədər diqqətçəkən idi. O, 1969-cu ildə Fatiha əl-Nuri ilə evləndi. Onların Məhəmməd adlı oğlu dünyaya gəldi. Lakin nikah uzun çəkmədi. Sonra Qəddafi Safiya Fərkəşlə evləndi. Bu nikah onun ölümünə qədər davam etdi.
Onların yeddi bioloji övladı oldu, Seyf əl-İslam, Səədi, Mutassim, Hannibal, Aişə, Seyf əl-Ərəb və Xamis. Qəddafi həmçinin iki uşağı övladlığa götürmüşdü. Övladları da zamanla ölkənin siyasi və ictimai həyatında görünməyə başladılar. Xüsusilə Seyf əl-İslam Qəddafi atasının mümkün varisi kimi təqdim edilirdi. O, Qərbdə təhsil almış, daha yumşaq və islahatçı görüntü yaratmışdı. Bir müddət Qəddafi rejiminin modernləşdirilə biləcəyinə dair ümidlərin simvoluna çevrilmişdi. Amma 2011-ci ildə həmin ümidlər də dağıldı.
Həmin ilin əvvəlində ərəb dünyasını silkələyən etiraz dalğası Liviyaya da çatdı. Fevral ayında Benqazidə başlayan etirazlar sürətlə yayıldı. Qəddafi isə geri çəkilmədi. Bundan sonra hadisələr vətəndaş müharibəsinə çevrildi. Beynəlxalq müdaxilə başladı. NATO hava əməliyyatları üsyançı qüvvələrə Qəddafi rejisinə qarşı mübarizədə böyük üstünlük verdi. Avqustda Tripoli üsyançıların əlinə keçdi. 42 illik hakimiyyət faktiki olaraq sona çatdı. Amma Qəddafi hələ tutulmamışdı. O, doğulduğu Sirte istiqamətində geri çəkilmişdi. Və tarix onun üçün ən acı səhnəni məhz orada hazırlayırdı. Belə ki, 2011-ci il oktyabrın 20-də Qəddafi Sirtdən qaçmağa çalışarkən tutuldu. Onun olduğu karvan NATO hava zərbəsinə məruz qaldı. Qəddafi və oğlu Mutassim sonradan Misrata qüvvələri tərəfindən ayrı-ayrılıqda ələ keçirildi. Qəddafi tutulduğu zaman sağ idi.

BMT-nin Liviyadakı Beynəlxalq Araşdırma Komissiyası onun tutularkən sağ olduğunu və daha sonra əsirlikdə öldüyünü bildirdi. Komissiya ölümün dəqiq səbəbini müəyyənləşdirə bilmədi və hadisənin qanunsuz qətl olub-olmadığını qəti şəkildə təsdiqləyə bilmədi. Ancaq hadisənin görüntüləri dünyanı şoka saldı. Qəddafi yaralı halda döyüşçülərin əhatəsində idi. Onun son dəqiqələri kameralar qarşısında lentə alındı. İnsan haqları təşkilatlarının araşdırmalarında Qəddafinin tutulduqdan sonra döyüldüyü və ağır zorakılığa məruz qaldığı göstərildi. Ölümün güllə, aldığı yaralar, yoxsa saxlanıldığı zaman törədilən zorakılıq nəticəsində baş verdiyi tam aydınlaşdırılmadı. Beləcə, 42 il Liviyanı idarə etmiş adam hakimiyyətdən sonuncu dəfə çıxarkən nə prezident sarayında idi, nə də ordu qərargahında. O, bir kanalizasiya borusundan çıxarılmışdı. Bir zamanlar Afrikanın ən zəngin və ən qüdrətli liderlərindən biri olan insanın son görüntüləri isə dünyanın ekranlarına yaralı, qan içində və əsir vəziyyətdə yayıldı. Tarixin ironiyası bəzən bundan daha sərt ola bilməz.
Qəddafi xalqını necə yaşatdı?
Bu suala yalnız bir cümlə ilə cavab vermək mümkün deyil. Qəddafi dövründə Liviya neft gəlirlərindən istifadə edərək sosial dövlət modelini qurdu. Təhsil və səhiyyə genişləndi, savadlılıq yüksəldi, ömür uzunluğu artdı, infrastruktur layihələri həyata keçirildi. Dünya Bankının məlumatları Qəddafi dövrünün sonlarına doğru Liviyanın səhiyyə və təhsil göstəricilərinin regionun bir sıra ölkələrindən daha yaxşı olduğunu göstərir. Neft gəlirlərinin kiçik əhali arasında bölüşdürülməsi də Liviyanın adambaşına düşən gəlirini yüksək səviyyəyə çıxarmışdı. Amma bunun digər üzü də vardı. Sosial rifah siyasi azadlığın əvəzi ola bilməzdi. İnsan yaxşı xəstəxanada müalicə oluna bilərdi, amma hökuməti tənqid etdiyi üçün həbs edilə bilərdi.Övladı universitetdə oxuya bilərdi, amma ailəsi rejimə qarşı çıxarsa təzyiqlə üzləşə bilərdi. Ölkə zəngin ola bilərdi, amma siyasi sistem şəffaf və demokratik olmaya bilərdi. Qəddafi dövrünün əsas paradoksu məhz bu idi: xalqın sosial rifahı ilə siyasi azadlığı eyni sürətlə inkişaf etmədi.
Qəddafinin öldürülməsi ilə onun qurduğu sistem də dağıldı. Amma onun yerinə sabit və güclü dövlət gəlmədi. Əksinə, Liviya uzunmüddətli siyasi parçalanma, silahlı qruplar və xarici müdaxilələrlə üzləşdi. Ölkə şərq və qərb arasında bölündü, müxtəlif silahlı qüvvələr və siyasi mərkəzlər hakimiyyət uğrunda mübarizə apardılar. Bu gün Qəddafi haqqında Liviyada da vahid fikir yoxdur. Bəziləri onun rejiminin repressiyalarını, həbsxanaları və siyasi zorakılığı xatırlayır. Bəziləri isə onun dövründəki təhlükəsizlik və sosial sabitliklə sonrakı xaosu müqayisə edir. Onu xarici müdaxiləyə qarşı dayanan, ölkəsinin neft sərvətini xalq üçün istifadə edən lider kimi xatırlayanlar da az deyil.

Qəddafinin 42 illik hakimiyyəti göstərdi ki, neft sərvəti bir ölkəni zəngin edə bilər, güclü lider isə onu uzun müddət sabit saxlaya bilər. Qəddafi öldü. Amma onun dövrünün ən böyük paradoksu hələ də yaşayır: Liviya Qəddafidən xilas oldu, yoxsa Qəddafidən sonrakı Liviyada itirdiyi sabitliyin həsrətinə düşdü? Tarix bu suala hələ də tam cavab verməyib...
Cavanşir Abbaslı
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ