Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə ABŞ ilə İran arasında son həftələrdə yaranmış nisbi sakitlik artıq pozulub. Avqustun 30-da ABŞ qüvvələrinin İranın Hörmüz boğazındakı Larak adasında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki raket buraxılış qurğusunu vurmasından sonra Tehran cavab zərbələrinə keçib. Sentyabrın 1-də isə Vaşinqton İran ərazisində yeni hava zərbələri həyata keçirib.
Bu hadisələr artıq sadəcə siyasi qarşıdurma deyil, ABŞ-İran hərbi toqquşmasının yenidən aktiv fazaya keçməsi kimi qiymətləndirilə bilər.
Larak adası strateji baxımdan son dərəcə mühüm mövqedə yerləşir. Ada Hörmüz boğazının girişində, Bəndər-Abbas istiqamətinin yaxınlığında yerləşir və buradakı hərbi imkanlar boğazdan keçən gəmiçilik marşrutlarına təsir göstərə bilər.
Reuters-in məlumatına görə, ABŞ rəsmisi Vaşinqtonun Larak adasında iki İran raket buraxılış qurğusunu vurduğunu təsdiqləyib. ABŞ tərəfi SEPAH qüvvələrinin Hörmüz boğazına dəniz minaları yerləşdirmək məqsədilə raketlərlə hazırlıq gördüyünü bildirib.
İran isə hücumu cavabsız qoymayacağını açıqlayıb. İranın SEPAH-ı avqustun 31-də İordaniyadakı iki ABŞ hərbi obyektinə — Kral Hüseyn və Əl-Əzraq bazalarına raket hücumu həyata keçirdiyini açıqlayıb. Reuters bu məlumatı İran mediasına istinadən yayıb.
ABŞ mənbələri isə raketlərin böyük hissəsinin havada zərərsizləşdirildiyini bildiriblər. Beləliklə, tərəflər arasında birbaşa qarşılıqlı zərbə dövrü yenidən başlayıb. Bu məqam xüsusilə əhəmiyyətlidir: İranın cavab üçün yalnız Fars körfəzi ətrafındakı ABŞ mövqelərini deyil, İordaniyadakı bazaları da seçməsi Vaşinqtonun regiondakı hərbi infrastrukturunun geniş coğrafiyada risk altında olduğunu göstərir.
Ən son məlumatlara görə, ABŞ sentyabrın 1-də İran ərazisində SEPAH mövqelərinə yeni hava zərbələri endirib. Reuters bunu həftəsonu qarşılıqlı hücumlardan sonra hərbi qarşıdurmanın yenidən genişlənməsi kimi qiymətləndirir.
Bu isə avqustun 30-da Larak adasına endirilən zərbənin təcrid olunmuş əməliyyat olmadığını göstərir. Vaşinqton Tehranı Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaqda ittiham edir və ABŞ prezidenti Donald Tramp İranın növbəti addımlarına daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. Hazırkı böhranın ən təhlükəli tərəfi məhz Hörmüz boğazıdır. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu dar su yolunda hərbi qarşıdurmanın genişlənməsi yalnız ABŞ və İranı deyil, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Qətər, Bəhreyn və Küveyt kimi ölkələri də prosesin birbaşa və ya dolayı iştirakçısına çevirə bilər.
Artıq maliyyə bazarları da riskə reaksiya verib. Reuters-in məlumatına görə, sentyabrın 1-də Brent markalı neftin qiyməti təxminən 4 faiz artaraq 93,93 dollara qədər yüksəlib.
Bu, qarşıdurmanın regional hərbi böhran olmaqla yanaşı, qlobal enerji böhranına çevrilə biləcəyinin ilk siqnallarından biridir.
İranın cənubunda Bəndər-Abbas, Çabahar, Konarak, Qeşm və digər ərazilərdə partlayışlar barədə məlumatlar yayılıb. İran mediasında da cənub bölgələrində partlayışların baş verdiyi bildirilib.
İran prezidenti Məsud Pezeşkianın son açıqlamaları isə vəziyyətin yalnız hərbi müstəvidə inkişaf etmədiyini göstərir. O, ABŞ-ın əvvəlki razılaşma üzrə öhdəliklərinə əməl etməsi halında Tehran tərəfindən də qarşılıqlı addımların atıla biləcəyini bildirib və danışıqlara açıq mesaj verib. Bu, Vaşinqton və Tehran arasında qəribə bir paradoks yaradıb: bir tərəfdən hərbi zərbələr, digər tərəfdən diplomatik kanalın tam bağlanmaması. Bu vəziyyət iki mümkün ssenarini önə çıxarır.ABŞ İranın Hörmüz boğazında hərbi imkanlarını məhdudlaşdırır, Tehran isə cavab zərbələrini ABŞ-ın regiondakı hərbi obyektləri ilə məhdudlaşdırır. Belə halda tərəflər bir müddət sonra yenidən danışıqlara qayıda bilərlər.
Digər İran ABŞ-ın enerji və hərbi infrastrukturuna daha geniş zərbələr endirsə və ya Hörmüz boğazında gəmiçiliyi faktiki olaraq bloklasa, ABŞ-ın cavabı daha genişmiqyaslı ola bilər. Bu halda İsrail, Körfəz ölkələri və digər regional aktorların prosesə cəlb olunması riski kəskin yüksələr.
E.Məmmədəliyev,
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ