Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistan-Rusiya münasibətlərindən, Avropa İttifaqına inteqrasiya xəttindən və Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcək statusundan danışıb.
Musavat.com xəbər verir ki, Paşinyan münaqişə dövründə Ermənistan-Rusiya münasibətlərinin başqa məna və əhəmiyyət daşıdığını, hazırda isə regionda sülhün yaranması fonunda vəziyyətə yenidən baxılmasının zəruri olduğunu bildirib.
Paşinyan Rusiya və Aİİ ilə əlaqələrin İrəvan üçün əhəmiyyətini xüsusi vurğulayıb:
“Biz Rusiya ilə münasibətlərə, Aİİ ilə münasibətlərə çox önəm veririk. Ümid edirik ki, sizin üçün də Ermənistanla münasibətlər önəmlidir”.
Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi ölkənin Aİ-yə üzvlük niyyəti ilə bağlı qəbul etdiyi qanunun hüquqi əsaslarını araşdırıb və bunun nə Rusiyaya, nə də Aİİ qarşısında götürülmüş öhdəliklərə zidd olduğunu müəyyən edib.
O vurğulayıb ki, Ermənistan Aİİ-dən çıxmaq barədə heç bir bəyanat verməyib. Paşinyan Aİİ müqaviləsində üzv dövlətin təşkilatdan çıxması üçün konkret prosedurun müəyyənləşdirildiyini, bunun üçün ölkənin altı ay əvvəl müvafiq bildiriş verməli olduğunu deyib.
Baş nazir həmçinin bildirib ki, Aİİ müqaviləsində üzv dövlətin birlikdən kənarlaşdırılmasına imkan verən müddəa yoxdur.
Putin isə Paşinyanın bu mövqeyi ilə razılaşmayıb:
“Cənab Nikol Vovayeviç, sizinlə müzakirə hər zaman maraqlıdır. Amma icazə verin, sizinlə razılaşmayım. Siz dediniz ki, Aİ-yə inteqrasiya ilə bağlı qanun Aİİ-dən çıxmaq anlamına gəlmir. Bir daha təkrar edirəm: bu qanun de-fakto məhz bu anlama gəlir. Bir ittifaqa üzv olmaq digərindən çıxmaq deməkdir. Hər ikisində eyni anda ola bilməzsiniz”.
Rusiya Prezidenti daha sonra məsələnin Ermənistan xalqının rəyi əsasında həll olunmasını təklif edib:
“Biz xalqın rəyinə üstünlük veririk. Referendum keçirin, bununla da bu məsələni birdəfəlik bağlayaq. Bu ki, çətin deyil”.
Paşinyan isə bildirib ki, Ermənistan parlamenti Aİ-yə üzvlük niyyəti ilə bağlı qanunu qəbul etməsəydi, vətəndaş cəmiyyəti 350 min imza toplayacaqdı. Qanun bundan sonra da qəbul edilməsəydi, ölkədə referendum keçirilməsi zərurəti yaranacaqdı.
Paşinyanın sözlərinə görə, qanunun parlamentdə qəbul edilməsi ilə hakimiyyət faktiki olaraq indiki mərhələdə referendum ideyasından imtina edib. Baş nazir bunu həmin məsələnin hələ yetişməməsi ilə əlaqələndirib.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ