İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən İrəvan məhkəməsinə uzanan yol - Keçmiş nazir xərəkdə hakim qarşısında - VİDEO

Ermənistanın keçmiş maliyyə naziri, uzun illər ölkənin vergi və gömrük sistemində yüksək vəzifələr tutmuş 71 yaşlı Qagik Xaçatryan yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, sabiq nazir ağır cinayət işi üzrə həbs təhlükəsi ilə üz-üzədir. Ermənistan İstintaq Komitəsi Qagik Xaçatryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Antikorrupsiya Məhkəməsinə vəsatət təqdim edib.

İşə hakim Aram Qriqoryan baxır.

Xaçatryan xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə ittiham olunur.

Səhhətində ciddi problemlərin olduğu bildirilən keçmiş yüksək vəzifəli məmur sentyabrın 1-də evindən xərəkdə çıxarılaraq məhkəməyə aparılıb. Erməni mediasının yaydığı görüntülərdə yataq vəziyyətində olan Xaçatryanın xərəkdə daşındığı və bu zaman qışqırdığı görünür.

Onun müdafiəçiləri Xaçatryanın səhhətinin ağır olduğunu bildirərək baş verənləri işgəncə kimi qiymətləndiriblər. Ermənistan Baş Prokurorluğu isə yeni məhkəmə-tibbi ekspertizasına istinad edərək hazırda onun mütləq cərrahi müdaxiləyə ehtiyacının müəyyən edilmədiyini açıqlayıb.

Qagik Xaçatryanın keçmiş fəaliyyəti Azərbaycan baxımından da xüsusi diqqət çəkir.

O, 2001–2008-ci illərdə Ermənistan Dövlət Gömrük Komitəsi sədrinin müavini olub. 2008-ci ildə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə gətirilib, həmin ilin avqustundan isə Dövlət Gəlirləri Komitəsinin sədri kimi Ermənistanın vergi və gömrük sisteminə rəhbərlik edib. Xaçatryan 2014-cü ilin aprelində Ermənistanın maliyyə naziri təyin olunub.

Məhz onun Dövlət Gəlirləri Komitəsinə rəhbərlik etdiyi dövrdə Ermənistanın dövlət strukturları ilə Azərbaycanın o zaman işğal altında saxlanılan Qarabağ bölgəsində yaradılmış qondarma rejimin vergi strukturları arasında sistemli əməkdaşlıq həyata keçirilib.

2012-ci ildə Xaçatryan nümayəndə heyətinin başında Xankəndiyə işgüzar səfər edib.

Səfər zamanı onun rəhbərlik etdiyi Ermənistan Dövlət Gəlirləri Komitəsi ilə qondarma rejimin “Dövlət Vergi Xidməti” arasında 2012–2014-cü illəri əhatə edən üçillik əməkdaşlıq proqramı imzalanıb.

Bu əməkdaşlıq 2012-ci ildə başlamayıb. Xankəndidə keçirilən görüşlər zamanı tərəflər 2009–2011-ci illər üçün əvvəlki üçillik əməkdaşlıq proqramının nəticələrini də yekunlaşdırıblar. Erməni mənbələrinin məlumatına görə, həmin proqram çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilib.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin və qondarma rejimin vergi strukturunun əməkdaşlarının qarşılıqlı səfərləri təşkil olunub, vergi inzibatçılığı, vergi ödəyicilərinə xidmət və nəzarət mexanizmləri üzrə təcrübə mübadiləsi aparılıb. Xaçatryanın rəhbərlik etdiyi qurum separatçı struktura hüquqi-metodoloji və informasiya texnologiyaları sahəsində də yardım göstərib.

Xaçatryanın Xankəndi səfərinin diqqətçəkən məqamlarından biri onun işğal altındakı Azərbaycan ərazilərində fəaliyyət göstərən erməni sahibkarlarla görüşü olub.

O, həmin şəxslərlə Ermənistan ərazisindən və Ermənistanın gömrük sərhədindən istifadə etməklə həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı yaranan problemləri müzakirə edib.

Beləliklə, Ermənistan mənbələrinin məlumatları göstərir ki, Xaçatryanın rəhbərlik etdiyi dövlət qurumu işğal dövründə Azərbaycanın ərazilərində yaradılmış qondarma rejimin vergi strukturuna institusional və metodiki dəstək verib. Xaçatryan isə şəxsən Xankəndiyə gələrək bu əməkdaşlığın daha üç il davam etdirilməsini nəzərdə tutan proqramı imzalayıb.

İllər sonra vaxtilə Xankəndində qondarma rejimin nümayəndələri ilə əməkdaşlıq sənədi imzalayan keçmiş yüksək vəzifəli məmurun yolu İrəvan məhkəməsinə çıxıb.

İndi məhkəmə xərəkdə hakim qarşısına gətirilən 71 yaşlı Qagik Xaçatryanın həbs edilib-edilməyəcəyinə qərar verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR