Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
Musavat.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb.

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, islahat çox yararlı və müsbət bir addımdır: “Həkim əməyi, xüsusən də icbari tibbi sığorta tətbiq olunandan sonra, xüsusən də dövlət tibb müəssisələrində gündəlik olaraq qəbul, prosedur və əməliyyat sayları ciddi şəkildə artmışdır. Göstərilən xidmətlərin müqabilində həkimlərin əməkhaqqı adekvat deyildi. Bu addımın atılması həkimlərə əhəmiyyətli dərəcədə dəstək olacaq. İkinci tərəfdən, burada təcili tibbi yardım və anesteziologiya kimi vacib istiqamətlərə diqqətin artırıldığını görürük. Bu da əhalinin ilkin tibbi yardımı daha keyfiyyətli almasına vacib təsir gösterecək. Nəhayət, ən vacib məqam regionlarda çalışan həkimlərin əməkhaqqının xüsusilə artırılmasıdır. Bu, regionlardakı həkim çatışmazlığını müəyyən qədər aradan qaldırmağa kömək edəcək. Çünki regionlarda yaşayışı təmin edəcək rəqəmlər müəyyən olunduqda, gənc həkimlərin regionlara üz tutmasına təkan verəcək ki, bu da səhiyyəmizdəki kadr çatışmazlığının həllinə kömək edəcək”.
Həkim deyib ki, gələcəkdə əməkhaqqının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilməlidir: “Digər tərəfdən, təhsildə kadr hazırlanması prosesinin daha da təkmilləşdirilməsi vacibdir. Həm tələbə, həm də rezidentura səviyyəsində təhsil elə olmalıdır ki, kadrlar hazır həkim kimi fəaliyyətə başlasınlar. Bu gün xaricə ciddi həkim axını var. Təhsil səviyyəsi və əməkhaqqı adekvat olarsa, bu axının qarşısını almaq mümkündür. Bunlardan əlavə, tibbin davamlı olaraq təkmilləşdirilməsi, avadanlıqlarla təchizat, xəstəxana şəraitinin yaxşılaşdırılması və hüquqi bazanın möhkəmləndirilməsi gələcəkdə səhiyyəmizin daha da inkişafına kömək edəcək”.
Qeyd edək ki, Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir. Bununla yanaşı həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq.
Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.
Şahanə Rəhimli
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ