Onlayn ictimai-siyasi qəzet
Türkiyə futbolunda növbəti transfer fitnə-fəsadı, pərdəarxası oyunlar və gərgin danışıqlar marafonu öz kulminasiya nöqtəsinə çatır. 2026-2027 mövsümünün yay transfer pəncərəsi artıq son saniyələrini sayır.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi təqviminə görə, iyunun 22-dən bəri davam edən böyük "futbol bazarı" sentyabrın 4-də rəsmən qapanacaq. Yəni, Süper Lig nəhənglərinin – "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"un səhvlərini düzəltmək, çatışmayan mövqeləri doldurmaq üçün cəmi sayılı saatları qalıb.
İngiltərə, Almaniya, İtaliya və Fransa kimi futbol nəhəngləri sentyabrın 1-də transfer qapılarını bağlayıblar. İspaniya La Liqası isə sentyabrın 2-də prosesi yekunlaşdırıb. TFF-nin mühüm strategiyası sayəsində Türkiyə klublarına sentyabrın 4-dək vaxt verilib.
Bu, sadəcə təqvim fərqi deyil; bu, Avropada "artıq qalan", klubunda ehtiyata sıxışan, amma böyük maaş alan ulduzları son anda Türkiyəyə gətirmək üçün unikal şansdır. Avropa klubları artıq futbolçu ala bilmir, amma sata bilir! Deməli, növbəti 48 saat ərzində İstanbul klublarının Avropanın top-klublarına "ya bu futbolçunu bizə verin, ya da maaşını boşuna ödəyin" təzyiqi pik həddə çatacaq.
Məsələ futbolçu ilə əl sıxışmaqda bitmir. İndiki şəraitdə sənədləşmə, tibbi müayinə və TFF-də tescil (qeydiyyat) prosesini saat fərqi ilə çatdırmaq lazımdır. Son saatlarda sənədləri sistemə yükləyə bilməyib transferi batıran neçə-neçə klub görmüşük. Mövsümün ilk həftələrində axşayan, meydanda büdrəyən komandalar üçün bu iki gün ölüm-qalım məsələsidir.
Sentyabrın 4-dən sonra pərdə enəcək. Səhv edən, lazımi mövqeyə adam ala bilməyən komandalar bu acını tam 4 ay boyunca çəkməli olacaqlar. Çünki TFF-nin bəyan etdiyi kimi, ikinci transfer dövrü yalnız 1 yanvar 2027-ci ildə açılacaq və 5 fevral tarixinədək davam edəcək.
İndi bütün gözlər İstanbul dadır. Ya son dəqiqə bombaları partlayacaq, ya da "gecikən qatarın" arxasınca baxanlar mövsümün ilk yarısını peşmançılıqla başa vuracaqlar. Bura Türkiyədir, burada son saniyədə hər şey dəyişə bilər!
E.Məmmədəliyev,
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ