Onlayn ictimai-siyasi qəzet
Klassik Porsche modellərinin son 20 ildən artıq müddətdə necə bahalaşdığını Almaniyanın köhnə avtomobil elanları aydın şəkildə göstərir.
Musavat.com xəbər verir ki, 2000-ci illərin əvvəllərində Almaniyada dərc olunan elanlarda bu gün kolleksiya avtomobili hesab edilən Porsche modelləri indikindən dəfələrlə aşağı qiymətə satışa çıxarılırdı.
Məsələn, elanlardan birində 1997-ci il Porsche 993 Turbo 141 min kilometr yürüşlə 55 min avroya təklif olunub. Bu modelin yaxşı vəziyyətdə olan nümunələrinin qiyməti hazırda 300 min avronu keçə bilir.
Daha maraqlı nümunə isə əfsanəvi Porsche 959-dur. Köhnə elanlardan birində 1987-ci il istehsalı, cəmi 29 min kilometr yürüşü olan avtomobil 149 900 avroya, digər elanda isə 179 min avroya satışa çıxarılıb. Bu gün Porsche 959-un yaxşı qorunmuş nümunələrinin qiyməti hərraclarda milyonlarla avroya çata bilir.
Beləliklə, həmin illərdə bu avtomobilləri alıb qoruyub saxlayan şəxslər nominal qiymət artımı baxımından yüz minlərlə, bəzi hallarda isə 1 milyon avrodan artıq qazanc əldə edə biliblər.
Bununla belə, avtomobillərin saxlanılması, texniki xidmət, sığorta və inflyasiya nəzərə alındıqda real investisiya gəliri nominal qiymət artımından aşağı olur. Müqayisədə qızıl və ABŞ-ın S&P 500 indeksinə yatırılan vəsait də həmin dövrdə ciddi gəlir gətirib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ