Onlayn ictimai-siyasi qəzet
Kürdəmir rayonunun Xırdapay kəndində fəaliyyət göstərən “AzeriKarton” MMC-nin əməkdaşlarının əməkhaqlarının verilməməsi və müəssisədəki digər qanunsuzluq iddiaları ilə bağlı məlumat vermişdik.
Fəhlələrin Musavat.com-da yayımlanan müraciətdən sonra keçmiş deputat, mərhum Fərhad Qəribovun oğlu Zöhrab Qəribov onlarla nəhayət əlaqə saxlayıb. O, baş verənlərdən tam məlumatlı olmadığını bildirib və yaranmış problemin qısa müddətdə həll ediləcəyini vəd edib.
Fəhlələrin sözlərinə görə, onlara qarşıdakı həftə ərzində problemlərinin tam şəkildə həllini tapacağı bildirilib. Hazırda əməkhaqlarının yalnız çox cüzi bir hissəsi ödənilib. Qalan borcun isə yaxın günlərdə verilməsi gözlənilir.
Şikayətçilər hesab edirlər ki, Zöhrab Qəribovun onlarla əlaqə saxlaması və verilən vədlərdən sonra məsələ nəhayət həllini tapa bilər.
Xatırladaq ki, bundan əvvəl Kürdəmir rayonunda keçmiş deputat, mərhum Fərhad Qəribovun yaxınları və qohumları ilə bağlı ciddi ittihamların yer aldığı müraciət ölkə rəhbərliyinə ünvanlanmışdı.
Kürdəmirin Xırdapay kəndində fəaliyyət göstərən “AzeriKarton” MMC-nin 5 əməkdaşı – Asim Məhərrəmov, İman Məmmədov, Emil Cabbarov, Ramid Ağayev və Azər Azadov açıq-aşkar özbaşınalıqla və əməkhaqlarının verilməməsi ilə üzləşdiklərini bildiriblər.
5 ailə başçısı olan və ehtiyatda olan hərbi qulluqçuların da yer aldığı şikayətçilərin müraciəti ölkə rəhbərliyinə, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə göndərilib. Müraciətdə əsas ittihamlardan biri keçmiş deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun və qohumu Rasim Qəribovun müəssisənin idarə olunmasında qeyri-rəsmi rol oynaması ilə bağlıdır.
Şikayətçilərin iddiasına görə, zavodun rəsmi rəhbəri kimi Nizami Nəsirovun adı göstərilsə də, müəssisədə faktiki idarəetmə və maliyyə məsələlərinə başqa şəxslər müdaxilə edir.
İşçilər bildirirlər ki, 2026-cı ilin iyun, iyul və avqust ayları üzrə əməkhaqları verilməyib. Onların iddiasına görə, maaşlarını tələb etdikləri zaman Rasim Qəribov tərəfindən narazılıq doğuran cavablar alıblar.
Fəhlələr bildirirlər ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə və rayon prokurorluğuna dəfələrlə müraciət ediblər.
Hazırda isə əsas gözlənti əməkhaqlarının tam ödənilməsi və digər iddiaların araşdırılmasıdır.
Şikayətçi fəhlələr Musavat.com-a bildiriblər ki, Zöhrab Qəribovun son əlaqəsindən sonra onlarda problemin yaxın günlərdə həll olunacağına müəyyən ümid yaranıb. Onların sözlərinə görə, əməkhaqlarının kiçik bir hissəsi artıq ödənilib və qalan məbləğin qarşıdakı həftə ərzində verilməsi vəd olunub.
E. Məmmədəliyev
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ