Onlayn ictimai-siyasi qəzet
Rəsmi nikah olmadan birgə yaşayış İranda qanunsuz hesab olunur. Lakin iqtisadi böhran, bahalı toy və mənzil xərcləri, dəyişən həyat tərzi ölkənin böyük şəhərlərində “ağ evlilik” adlandırılan münasibətlərin genişlənməsinə səbəb olur.
İranda qadın və kişinin rəsmi nikah olmadan birlikdə ər-arvad kimi yaşaması qanun və dini normalarla ziddiyyət təşkil etsə də, bu cür münasibətlərin xüsusilə gənclər arasında artdığı bildirilir.
İranda bu fenomen “ezdevac-e sefid” – “ağ evlilik” adlandırılır. Söhbət rəsmi və ya dini nikah bağlamadan qadın və kişinin eyni evdə cütlük kimi yaşamasından gedir.
Maraqlıdır ki, hakimiyyətin sərt dini və hüquqi yanaşmasına baxmayaraq, son illərdə bu həyat tərzi xüsusilə Tehran və digər böyük şəhərlərdə daha görünən sosial fenomenə çevrilib.
İranın İslam Cinayət Məcəlləsinə əsasən, nikahda olmayan qadın və kişi arasında cinsi münasibət “zina” – nikahdan kənar cinsi əlaqə kimi qiymətləndirilə bilər.
Qanunvericilikdə “zina” ilə bağlı cəzalar konkret hallardan, şəxslərin ailə vəziyyətindən və ittihamın necə sübuta yetirilməsindən asılı olaraq dəyişir.
İran Cinayət Məcəlləsinin 221-ci maddəsi nikahda olmayan qadın və kişi arasında cinsi əlaqəni “zina” anlayışı çərçivəsində nəzərdən keçirir. Müxtəlif hallarda qanunda şallaq cəzasından daha ağır cəzalara qədər sanksiyalar nəzərdə tutulur. Bununla belə, praktikada bu tip ittihamların sübut olunması üçün yüksək sübut standartlarının tələb edilməsi səbəbindən bütün birlikdə yaşayan cütlüklər avtomatik şəkildə cinayət məsuliyyətinə cəlb edilmir.
2026-cı ilin avqustunda yenilənmiş Böyük Britaniya hökumətinin İran üzrə ölkə məlumatı hesabatında da vurğulanır ki, nikahsız cütlüklərin birlikdə yaşaması qanunsuzdur, lakin praktiki olaraq hakimiyyət orqanlarının bu münasibətlərə görə sistemli şəkildə cinayət təqibi aparmır.
Hesabata görə, bəzi hallarda münasibətin ailə üzvü, qonşu və ya başqa şəxslər tərəfindən hakimiyyət orqanlarına bildirilməsi hüquqi problem yarada bilər. Nikahsız cütlüklər dini polis tərəfindən sorğu-sual edilə və bəzi hallarda saxlanıla bilərlər.
Araşdırmalarda bu tendensiyanın arxasında bir neçə əsas səbəb göstərilir.
Ən vacib amillərdən biri rəsmi nikahın getdikcə bahalaşmasıdır. Mənzil qiymətləri, kirayə xərcləri, toy mərasimləri və ailə qurmaq üçün tələb olunan digər maliyyə öhdəlikləri İranın bir çox gənci üçün rəsmi evliliyi çətinləşdirir.
Digər səbəb isə həyat tərzinin dəyişməsidir.
Böyük şəhərlərdə yaşayan, ali təhsil alan və işləyən gənclərin bir hissəsi rəsmi nikahdan əvvəl partnyorunu daha yaxından tanımağa üstünlük verir. “Ağ evlilik” bəzi cütlüklər üçün həm rəsmi evliliyə hazırlıq mərhələsi, həm də onun alternativi kimi qəbul edilir.
2025-ci ildə dərc olunan Finlandiya Miqrasiya Xidmətinin hesabatında nikahsız birgə yaşayışın, xüsusilə İranın böyük şəhərlərində yaşayan gənc nəsil arasında daha geniş yayıldığı qeyd olunur. Lakin münasibətlərin gizli saxlanılması və qanunsuz statusu səbəbindən onların real miqyasını göstərən rəsmi statistika yoxdur.
Tehran və digər şəhərlərdə 7-14 faiz?
“Ağ evlilik”lə bağlı ən diqqətçəkən rəqəmlərdən biri Tehran Universitetinin sosioloqu Tağı Azad Arməkinin keçirdiyi sorğulara əsaslanır.
Bu sorğuların nəticələrinə görə, Tehran, Ərak, İsfahan və Məşhəd kimi şəhərlərdə cütlüklərin təxminən 7-14 faizi “ağ evlilik” formatında birlikdə yaşayır.
Lakin bu rəqəmlər rəsmi dövlət statistikası deyil və bütün İran üzrə vəziyyəti əks etdirmir. Fenomenin gizli xarakter daşıması səbəbindən dəqiq miqyası müəyyən etmək olduqca çətindir.
Dövlət bilir, amma fenomen gizli qalır
Mövcud məlumatlar göstərir ki, İran hakimiyyəti “ağ evlilik”i dini və mənəvi baxımdan qəbul etmir. Rəsmi və dini dairələr bu tendensiyanı ailə institutuna təhlükə kimi təqdim edir.
Ancaq bir paradoks da var: hüquqi qadağalara baxmayaraq, fenomenin gizli şəkildə genişləndiyi bildirilir.
2026-cı il üzrə yenilənmiş ölkə məlumatında qeyd olunur ki, İran hakimiyyətinin nikahsız birgə yaşayan bütün cütlüklərə qarşı sistemli və genişmiqyaslı cinayət təqibi apardığını göstərən faktlar mövcud deyil. Hətta son dövr üzrə məhz birlikdə yaşamağa görə cinayət məsuliyyətinə cəlb edilmiş cütlüklərlə bağlı yeni konkret nümunələr tapmaq çətin olub.
Bu isə “ağ evlilik”in İran cəmiyyətində qəribə bir vəziyyət yaratdığını göstərir: qanun qadağan edir, dini hakimiyyət pisləyir, amma sosial reallıq dəyişir. Rəsmi statistika olmadığı üçün “ağ evlilik”in İranda dəqiq nə qədər yayıldığını söyləmək mümkün deyil. Ancaq son illərin araşdırmaları bir nəticəni açıq göstərir: İranda qanunla qadağan edilən bu həyat tərzi yox olmur – əksinə, xüsusilə böyük şəhərlərin gəncləri arasında sosial reallığa çevrilir.
E.Məmmədəliyev,
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ