Onlayn ictimai-siyasi qəzet
Dünya yenidən silkələnir! Və bu dəfə təhlükə siyasətçilərin kabinetlərindən, müharibə ocaqlarından yox, birbaşa təbiətin özündən gəlir. BMT-nin baş katibi Antonio Quterreşin son SOS xəbərdarlığı sadəcə növbəti bir statistika və ya formal bəyanat deyil.
Bu, planetin “təhlükəli hava zonasına” daxil olmasının, qlobal fəlakətlər zəncirinin yeni bir mərhələyə keçməsinin rəsmi etirafıdır. Sakit okeanın dərinliklərində baş qaldıran “El-Nino” artıq meteoroloqların lokal müşahidə mövzusu olmaqdan çıxıb; o, quraqlıq, anomaliya, meşə yanğınları və dağıdıcı daşqınlar şəklində qlobal nizamı, ölkələrin iqtisadiyyatını və insanların gündəlik həyatını təhdid edən nəhəng bir bəlaya çevrilir. Bəs minlərlə kilometr uzaqda, Sakit okeanda qızışan bu “iqlim bombası” Qafqaza, xüsusən də bizim regiona və Azərbaycana hansı fəsadlar gətirə bilər? Biz bu böyük dalğaya hazırıq?
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 3 sentyabrda açıqladığı son proqnoza görə, “El-Nino” artıq tam formalaşıb və yaxın aylarda daha da güclənəcək. Təşkilatın qiymətləndirməsinə əsasən, fenomenin 2026-cı ilin sonu və 2027-ci ilin fevralına qədər davam etməsi ehtimalı demək olar ki, 100 faizə yaxındır. ÜMT xəbərdarlıq edir ki, çox güclü “El-Nino” qlobal temperatur və yağıntı sistemlərini ciddi şəkildə dəyişdirərək quraqlıq, daşqın və ekstremal istilik risklərini artıra bilər.
BMT baş katibi Antonio Quterreşin sözləri isə təhlükənin miqyasını daha sərt ifadə edir: “El-Nino” gözümüzün önündə həddindən artıq böyüyür. Elm şübhə üçün yer qoymur, planet xəritədə qeyd olunmamış sulardadır və bu sular isinir”.
Sakit okeandakı istilik bütün planetin havasını necə dəyişir?
“El-Nino” Sakit okeanın mərkəzi və şərqində dəniz səthinin temperaturunun normadan yüksək olması ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Lakin onun təsiri yalnız okeanla məhdudlaşmır. Sakit okeandakı temperatur və atmosfer dəyişiklikləri planet üzrə hava axınlarına təsir edir. Nəticədə bir ölkədə aylarla davam edən quraqlıq, minlərlə kilometr uzaqda isə rekord yağışlar və dağıdıcı daşqınlar baş verə bilər.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatlarına görə, “El-Nino” 2026-cı ilin yayında sürətlə güclənib və şimal yarımkürəsinin payız-qış dövründə “çox güclü” səviyyəyə çatma ehtimalı 90 faizdən yüksək qiymətləndirilir. Azərbaycan da ekvatordan şimalda, təxminən 38° və 42° şimal enlikləri arasında yerləşir.

ÜMT isə bildirir ki, sentyabr-noyabr aylarında dünyanın demək olar bütün quru ərazilərində normadan yüksək temperatur ehtimalı artacaq. Yağıntı xəritəsində isə ciddi regional dəyişikliklər gözlənilir. Bu dəfə vəziyyəti daha mürəkkəb edən əsas amil “El-Nino”nun artıq qlobal istiləşmənin fonunda baş verməsidir. Başqa sözlə, təbiətin dövri iqlim hadisəsi insan fəaliyyəti nəticəsində onsuz da isinmiş planetlə qarşılaşır. Bu isə daha təhlükəli “ikiqat təsir” yaradır. “El-Nino” temperaturu yüksəldir, qlobal istiləşmə isə onun təsir etdiyi başlanğıc temperaturu daha yüksək həddə çatdırır. Nəticədə adi “El-Nino” dövründə müşahidə edilən istilik dalğaları daha ağır, quraqlıq daha uzunmüddətli, bəzi regionlarda isə yağışlar daha dağıdıcı ola bilər. ÜMT də vurğulayır ki, “El-Nino”nun gücü hər bir ölkədə avtomatik olaraq eyni nəticəyə gətirmir. Ayrı-ayrı regionlarda nəticəyə Hind və Atlantik okeanlarındakı temperatur dəyişiklikləri, atmosfer dövranı və yerli coğrafi şərait də ciddi təsir göstərir.
“El-Nino”nun ən çox hiss olunan təsirlərindən biri yağıntı xəritəsinin dəyişməsidir. Cənub-Şərqi Asiyanın bir sıra bölgələrində quraqlıq və meşə yanğınları təhlükəsi artıq artır. İndoneziyada meşə yanğınları ilə mübarizənin “El-Nino”nun güclənməsi fonunda daha da çətinləşəcəyi bildirilir. Digər regionlarda isə əks ssenari mümkündür – normadan artıq yağıntı, daşqın və torpaq sürüşməsi baş verəcək.
ÜMT-nin mövsümi proqnozlarında “El-Nino” ilə yanaşı, Hind okeanında gözlənilən digər iqlim proseslərinin də qlobal hava xəritəsini dəyişdirə biləcəyi qeyd olunur. Bu isə o deməkdir ki, qarşıdakı ayların hava hadisələrini yalnız bir faktorla izah etmək mümkün olmayacaq.
Azərbaycan və ümumilikdə Cənubi Qafqaz “El-Nino”nun birbaşa, klassik təsir zonasında yerləşmir. Yəni Sakit okeanda temperaturun artması avtomatik olaraq “Azərbaycanda quraqlıq olacaq” və ya “Bakını sel basacaq” demək deyil. Lakin bu, Azərbaycanın “El-Nino”dan tam kənarda qalacağı anlamına da gəlmir.
“El-Nino” qlobal atmosfer dövranını dəyişdirdiyi üçün Avropa, Aralıq dənizi, Qara dəniz və Yaxın Şərq üzərindən Qafqaza gələn hava kütlələrinin davranışında da dolayı dəyişikliklər yarana bilər. Avropa üzrə mövsümi proqnozlarda payız dövründə temperaturun geniş ərazilərdə normadan yüksək olması ehtimalı qeyd edilir. Yağıntı ilə bağlı siqnallar isə xüsusilə Avropanın cənub və qərb hissələrində mövcuddur, lakin proqnozun etibarlılığı tropik regionlarla müqayisədə daha aşağıdır. Bu isə Qafqaz üçün qəti “yağışlı” və ya “quraq” hökm verməyə imkan yaratmır. Azərbaycan üçün üç əsas risk anomal istilərin davam etməsidir. Xüsusilə Abşeron yarımadası, Kür-Araz ovalığı, Naxçıvan və Aran rayonları yüksək temperatur və uzunmüddətli quraq dövrlərə daha həssasdır. “El-Nino” qlobal temperaturu yüksəldən təbii amil kimi çıxış etdiyi üçün insan fəaliyyəti nəticəsində yaranmış istiləşmə ilə birlikdə isti hava dalğalarının intensivliyi və davametmə müddəti arta bilər. Bu, enerji istehlakından tutmuş kənd təsərrüfatına qədər bir sıra sahələr üçün əlavə təzyiq deməkdir.
Azərbaycanın ən həssas məsələlərindən biri su ehtiyatlarıdır. Əgər regionda uzunmüddətli yağıntı azlığı və yüksək temperatur birləşərsə, bu çayların su səviyyəsinə, su anbarlarının dolmasına, kənd təsərrüfatında suvarmaya və içməli su ehtiyatlarına birbaşa təsir göstərə bilər. Quraqlıq riski təkcə yağışın azlığı ilə ölçülmür. Temperatur yüksəldikcə buxarlanma da artır və torpağın nəm ehtiyatı daha sürətlə itirilir. Bu baxımdan El-Ninyo dövründə Azərbaycan üçün əsas təhlükə yağan yağış sularının yüksək temperaturun fonunda nə qədər dövriyyədə qala bilməsidir.
İqlim dəyişikliyinin ən təhlükəli xüsusiyyətlərindən biri odur ki, ümumi quraq fon ayrı-ayrı günlərdə çox güclü yağışların baş verməsini istisna etmir. Yəni bir region mövsüm ərzində su çatışmazlığı yaşaya, lakin bir neçə saat ərzində normadan dəfələrlə çox yağıntı ala bilər. Bu, xüsusilə Bakı və Abşeron kimi sıx şəhərləşmiş ərazilər üçün ciddi məsələdir. Şəhər infrastrukturu qısa müddətdə düşən intensiv yağışı qəbul edə bilmədikdə küçələrin su altında qalması, nəqliyyatın iflic olması, kanalizasiya sistemlərinin yüklənməsi və bəzi ərazilərdə torpaq sürüşməsi kimi problemlər meydana çıxır. Qafqazda “isti fon” daha ciddi nəticələr verə bilər Qafqazın mürəkkəb relyefi iqlim proseslərini daha da dəyişkən edir. Bir tərəfdə Böyük Qafqaz dağları, digər tərəfdə Xəzər dənizi, cənubda isə İran və Yaxın Şərqdən gələn isti hava axınları yerləşir. Bu səbəbdən qlobal iqlim siqnalları regionda birbaşa və eyni şəkildə hiss olunmur. Məsələn, bir mövsümdə aran rayonlarında quraqlıq, dağlıq ərazilərdə normadan fərqli yağıntı, Xəzər sahilində temperatur anomaliyası, digər bölgələrdə isə qəfil leysan eyni vaxtda müşahidə oluna bilər.
Azərbaycan üçün “El-Nino” ilə bağlı ən ciddi suallardan biri kənd təsərrüfatıdır. Temperatur və yağıntı rejimindəki kiçik dəyişiklik belə taxılçılığa, pambıqçılığa, bağçılığa, üzümçülüyə və heyvandarlığa təsir göstərə bilər.
Xüsusilə vegetasiya dövründə su çatışmazlığı məhsuldarlığın aşağı düşməsi riskini artırır. Digər tərəfdən, mövsümdənkənar anomal istilik bitkilərin bioloji inkişaf ritmini dəyişə, zərərvericilərin yayılmasına şərait yarada bilər.
Güclü “El-Nino” barədə xəbərdarlıq dünyanın sonu demək deyil. Lakin “heç nə olmayacaq” rahatlığı da təhlükəlidir. ÜMT artıq milli meteoroloji xidmətlər və erkən xəbərdarlıq sistemləri vasitəsilə mümkün risklərə hazırlığı gücləndirir. Təşkilatın fikrincə, qarşıdakı aylarda əsas məqsəd proqnozları mümkün qədər çox icmaya çatdırmaq və potensial fəlakətlərin nəticələrini qabaqcadan azaltmaqdır. Xəritədə Sakit okeanla Azərbaycan arasında minlərlə kilometr məsafə var. Lakin iqlim sistemində bu məsafə düşündüyümüz qədər böyük deyil. Sakit okeanda suyun temperaturunun dəyişməsi atmosfer dövranına, atmosfer dövranı isə qitələrin hava sistemlərinə təsir edir. Bu dəfə “El-Nino” adi təbii hadisə kimi deyil, onsuz da rekord istiləşmə yaşayan planetin fonunda meydana çıxır. Sakit okeanda başlayan istilik dalğası Bakıya birbaşa gəlməsə də, onun yaratdığı dəyişikliklər planetin ümumi iqlim sistemindən keçərək Qafqazın qapısına qədər çata bilər. Azərbaycan buna hazırdır?
E.Məmmədəliyev,
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ