İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran münaqişəsində gərginlik pik həddə - Qarşılıqlı raket zərbələri

Yaxın Şərqdə gərginlik yenidən kritik həddə çatıb. ABŞ qüvvələrinin İrandakı hədəflərə endirdiyi raket zərbələrindən sonra Tehran administrasiyası bölgədə genişmiqyaslı əks-zərbələrə başladığını bəyan edib. Münaqişənin miqyasının sürətlə genişlənməsi regional müharibə riskini daha da artırır.

İran Qırmızı Aypara Cəmiyyətinin verdiyi məlumata görə, ölkənin cənubunda yerləşən Sirik şəhərində ABŞ raketinin qəlpələri toy mərasiminin keçirildiyi yaşayış evinə düşüb. Hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. İran hökuməti həmçinin mülki hava limanına və balıq unu zavoduna hücumların edildiyini açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin qərbinə təşkil edilən ABŞ hücumlarında 4 əməkdaşının öldüyünü bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-də İrana qarşı hava əməliyyatlarını bərpa edərək, ölkənin cənub və mərkəzi hissəsində 40-dan çox obyekti hədəf alıb. Vaşinqton mülki şəxslərin hədəf alınmasını təkzib edərək, əməliyyatların Hörmüz boğazında Amerika qüvvələrinə və kommersiya gəmilərinə qarşı son hücum cəhdlərinə cavab xarakteri daşıdığını bəyan edib.

İran tərəfi cavab olaraq İordaniya, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarını raket atəşinə tutub. Küveyt və İordaniya rəsmi şəkildə İrana qarşı cavab tədbirləri gördüklərini açıqlayıblar.
Hörmüz boğazında neft tankerləri partlayıb

Strateji önəmə sahib Hörmüz boğazında da vəziyyət gərgindir. İİKK-nin məlumatına görə, minalanmış ərazidən keçməyə cəhd edən iki neft tankeri partlayaraq zədələnib. İran tərəfi baş verənlərə görə ABŞ-ı ittiham edib və dəniz keçidinin minalanması ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini xatırladıb.
Müharibənin uzanması və siyasi dalan ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından artıq altı ay (təxminən 27 həftə) ötür. Münaqişənin başında ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların "dörd-beş" həftə davam edəcəyini proqnozlaşdırsa da, döyüşlər səngimək bilmir.

Tramp bu yaxınlarda verdiyi bəyanatda hərbi gedişatın "lazım olduğu qədər davam edəcəyini" və Tehranla sülh danışıqlarının bərpası üçün hər hansı vaxt çərçivəsinin olmadığını bildirib. O, Truth Social hesabında tərəflər arasında aprel atəşkəsinin uzadılmasına dair iyun ayında imzalanmış anlaşma memorandumunun müddətinin bitdiyini vurğulayıb: "Onların özləri üçün dəyərsiz olan razılaşmanı imzalaması mənim üçün hiç önəmli deyil."

Bölgədə diplomatik kanalların bağlanması və qarşılıqlı hərbi zərbələrin intensivləşməsi Yaxın Şərqdə böhranın daha da dərinləşəcəyindən xəbər verir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR