Onlayn ictimai-siyasi qəzet
Sinqapurda doğum səviyyəsinin tarixi minimuma enməsi hökuməti ailələrə dəstək tədbirlərini genişləndirməyə vadar edib.
Musavat.com xəbər verir ki, hökumət vətəndaşları ailə qurmağa və övlad sahibi olmağa təşviq etmək məqsədilə yeni maliyyə dəstəyi paketi açıqlayıb. Proqrama əsasən, hər uşağa 17 yaşınadək ümumilikdə 70 min Sinqapur dollarına, yəni təxminən 55 min ABŞ dollarına qədər dövlət dəstəyi nəzərdə tutulur.
Uşaq dünyaya gəldikdə ailəyə 10 min Sinqapur dolları (təxminən 7 850 ABŞ dolları) veriləcək. Bundan əlavə, tibbi və təhsil ehtiyacları üçün hər biri 5 min Sinqapur dolları (təxminən 3 925 ABŞ dolları) olmaqla iki ayrıca qrant nəzərdə tutulub. Uşaqlar 1 yaşından 16 yaşınadək isə hər il 2 min Sinqapur dolları (təxminən 1 570 ABŞ dolları) məbləğində “uşaq krediti” alacaqlar.
Hökumət həmçinin uşaq bağçası ödənişlərinin ayda 150 Sinqapur dollarına qədər endirilməsini və uşağa qulluq məzuniyyətinin genişləndirilməsini nəzərdə tutur.
Bu addımlar ölkədə dərinləşən demoqrafik böhran fonunda atılır. Sinqapurda ümumi doğum əmsalı rekord aşağı səviyyəyə – 0,87-yə düşüb. Bu göstərici ölkəni Cənubi Koreya və Tayvanla eyni sıraya gətirib.
“YouGov”un keçirdiyi sorğuya əsasən, ölkə sakinlərinin hər dörd nəfərindən biri ümumiyyətlə övlad sahibi olmağı planlaşdırmır. Əsas səbəblər uşaqların böyüdülməsinə çəkilən yüksək xərclər, məişət çətinlikləri və insanların öyrəşdikləri həyat tərzini dəyişmək istəməmələridir.
Məsələn, sorğuda fikirlərini bölüşən 34 yaşlı maliyyəçi Li bildirib ki, həyat yoldaşı ilə birlikdə valideyn olmaqdan imtina ediblər. Onun sözlərinə görə, uşaq sahibi olmaq onların səyahət etmək və restoranlara getmək imkanlarını məhdudlaşdıracaq.
Sinqapur eyni zamanda sürətlə qocalır. Gözləntilərə görə, artıq bu il ölkə “super qoca” cəmiyyət statusuna çata bilər. Belə ki, 65 yaşdan yuxarı vətəndaşların ümumi əhali içərisində payının 21 faizi keçəcəyi gözlənilir.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ