Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış prosesi sürətlə davam etsə də, mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Müharibənin başa çatmasından illər keçməsinə baxmayaraq, torpaqların tam təhlükəsizliyinin təmin olunmaması həm insanların həyatını riskə atır, həm də azad edilmiş ərazilərin bərpası və məskunlaşması prosesini çətinləşdirir.
Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə səsləndirilən rəqəm problemin miqyasını bir daha ortaya qoydu. 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu fakt göstərir ki, müharibənin yaratdığı təhlükə yalnız döyüş meydanında bitməyib. Minalar illər sonra da insan həyatı üçün ölümcül təhdid olaraq qalır.

Musavat.com xəbər verir ki, Azərbaycan dəfələrlə Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrinin təqdim edilməsinin vacibliyini bəyan edib. Lakin minalanmış ərazilərlə bağlı dəqiq və tam məlumatların əldə olunmaması təmizləmə işlərini daha da mürəkkəbləşdirir.
Mina təhlükəsi xüsusilə "Böyük Qayıdış" prosesinin həyata keçirildiyi ərazilərdə özünü göstərir. İnsanların doğma torpaqlarına qayıtması, yaşayış məntəqələrinin yenidən qurulması, yolların, kommunikasiyaların və sosial obyektlərin yaradılması üçün ilk növbədə ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Məsələnin digər tərəfi isə mina probleminin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun humanitar təhlükəsizliyinə təsir etməsidir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi böyük maliyyə, texniki və insan resursları tələb edir. Azərbaycan bu istiqamətdə genişmiqyaslı işlər aparsa da, ərazinin miqyası və mina çirklənməsinin səviyyəsi problemin uzunmüddətli xarakter daşıdığını göstərir. Burada diqqət çəkən məqamlardan biri də odur ki, mina qurbanlarının arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. İnsanların öz doğma torpaqlarında həyatlarını itirməsi mina probleminin nə qədər ciddi humanitar nəticələr yaratdığını göstərir. Azərbaycan tərəfi beynəlxalq platformalarda dəfələrlə bu məsələyə diqqət çəkərək Ermənistanın minaların yerləşdirilməsi barədə məlumatları təqdim etməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətdən daha böyük dəstək tələb olunur. Çünki söhbət sadəcə ərazilərin təmizlənməsindən getmir. Söhbət insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasından, uşaqların qorxusuz yaşamasından və azad edilmiş ərazilərdə normal həyatın tam bərpa olunmasından gedir.
Müharibə 2020-ci ildə başa çatıbsa, niyə mina təhlükəsi hələ də yüzlərlə insanın həyatını riskə atır? 437 Azərbaycan vətəndaşının mina qurbanı olması beynəlxalq ictimaiyyət üçün kifayət qədər ciddi siqnal deyilmi?

Milli Məclisin deputatı Kamran Bayramov hesab edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramı postmünaqişə dövrünün ən mühüm və strateji sosial-iqtisadi təşəbbüslərindən biridir: “Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, muasir infrastrukturun yaradılması və mülki əhalinin öz doğma yurdlarına təhlükəsiz qayıdışının təmin olunması istiqamətində dövlət səviyyəsində nəhəng addımlar atılır. Lakin 2020-ci ildə hərbi əməliyyatların yekunlaşmasına və Cənubi Qafqazda yeni reallıqların yaranmasına baxmayaraq, işğal dövrünün ağır mirası olan mina təhlükəsi Böyük Qayıdışın qarşısında duran ən ciddi maneələrdən biri olaraq qalmaqdadır. Müharibə döyüş meydanlarında başa çatsa da, minaların yaratdığı görünməz təhdid insan həyatını riskə atmaqda, regionun humanitar təhlükəsizliyini sarsıtmaqda və yenidənqurma prosesinin sürətinə mənfi təsir göstərməkdədir. Bu təhlükənin miqyası və dərinliyi Prezident İlham Əliyevin 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına vanladığı müraciətdə növbəti dəfə açıq şəkildə ortaya qoyuldu. Dövlət başçısının qeyd etdiyi kimi, 2020-ci ilin noyabrından indiyədək 437 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub, onlardan 73 nəfəri həyatını itirib, 364 nəfəri isə kəskin dərəcədə xəsarət alıb. Hərbi münaqişə başlayan dövrdən bəri isə ümumilikdə 3500-dən çox Azərbaycan vətəndaşının minalardan zərər çəkməsi faciənin təkcə statistika olmadığını, minlərlə insanın taleyinə vurulan dərin yaraları ifadə etdiyini göstərir. Ən ağrılı məqamlardan biri odur ki, minaların qurbanları arasında yalnız hərbçilər və minatəmizləyənlər deyil, həm də mülki şəxslər, quruculuq işlərində çalışan mütəxəssislər, uşaqlar və qadınlar yer alır. Bu fakt minaların heç bir fərq qoymadan insan həyatına qəsd edən amansız bir silah olduğunu sübut edir”.

Deputat bir məsələni də xüsusi olaraq önə çəkdi: “Mina təhlükəsinin aradan qaldırılmasını çətinləşdirən əsas amillərdən biri Ermənistan tərəfindən vaxtilə basdırılmış minaların xəritələrinin tam və dəqiq şəkildə təqdim edilməməsidir: “Bakının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, qarşı tərəfin təqdim etdiyi azsaylı məlumatlar və xəritələr böyük ölçüdə qeyri-dəqiq, etibarsız və natamam olmuşdur. Üstəlik, minaların və mina-tələlərinin təkcə keçmiş təmas xəttində və hərbi mövqelərdə deyil, həm də yaşayış məntəqələrinin yaxınlığında, mülki infrastruktur obyektlərində, yollarda, kənd təsərrüfatı təyinatlı torpaqlarda, meşələrdə, çay sahillərində və hətta qəbiristanlıqlarda yerləşdirilməsi problemin miqyasını dəfələrlə artırır. Minalanmış ərazilər haqqında dürüst məlumatın olmaması təmizləmə prosesini olduqca riskli, vaxtaparan və mürəkkəb bir mərhələyə çevirir. Mina təhdidinin yaratdığı birbaşa nəticələrdən biri də onun "Böyük Qayıdış" prosesinə vurduğu ləngidici zərbədir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz, ləyaqətli və daimi qayıdışını təmin etmək üçün ilk növbədə həmin ərazilər hər bir mina və partlamamış hərbi sursatdan tam təmizlənməlidir. Nəqliyyat dəhlizlərinin açılması, su, işıq və qaz xətlərinin çəkilməsi, sosial obyektlərin və yaşayış binalarının inşası təmizləmə işlərindən bilavasitə asılıdır. Minalanmış sahələrin genişliyi təmizləmə əməliyyatlarının mərhələli şəkildə aparılmasını məcburi edir ki, bu da bərpa işlərinin templərinə istər-istəməz təsir göstərir. Digər tərəfdən, Azərbaycanın qarşılaşdığı bu problem yalnız lokal xarakter daşımır, bütövlükdə regionun humanitar təhlükəsizliyinə və sabitliyinə birbaşa təsir göstərir. Ərazilərin minalardan təmizlənməsi çox böyük maliyyə resursları, müasir texniki avadanlıqlar, PUA-lar, minatəmizləmə maşınları və yüksək ixtisaslı insan resursları tələb edir. Azərbaycan postmünaqişə dövründə bu sahəyə yüzlərlə milyon dollar həcmində nəhəng dövlət vəsaiti ayıraraq və milli imkanlarını səfərbər edərək genişmiqyaslı işlər həyata keçirir. Lakin mina çirklənməsinin səviyyəsi və ərazinin miqyası problemin uzunmüddətli xarakter daşıdığını və təkcə bir dövlətin gücü ilə qısa müddətdə tam həll edilməsinin çətin olduğunu göstərir. Məhz bu səbəbdən Azərbaycan beynəlxalq platformalarda mina təhlükəsinə diqqəti cəlb edir və beynəlxalq ictimaiyyətdən, ixtisaslaşmış təşkilatlardan adekvat dəstək tələb edir. Yüzlərlə dinc insanın həyatını itirməsi və yaralanması fəlakətin böyüklüyünü göstərən kifayət qədər ciddi siqnaldır. Beynəlxalq aləm Ermənistana mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməsi üçün siyasi təzyiqləri artırmalı, eyni zamanda Azərbaycana texniki, maliyyə və ekspert dəstəyini genişləndirməlidir. Çünki bu məsələ sadəcə torpaqların təmizlənməsi deyil, fundamental insan hüquqlarının, təhlükəsiz yaşamaq haqqının bərpa olunması, uşaqların qorxusuz böyüməsi və regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi məsələsidir. Ərazilərin tam şəkildə təhlükəsiz zonaya çevrilməsi və təmizləmə prosesinin başa çatması beynəlxalq səylərin birləşdirilməsindən, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsindən və intensiv minatəmizləmə fəaliyyətinin fasiləsiz davam etdirilməsindən bilavasitə asılı olacaqdır”.
Cavanşir Abbaslı
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ